Qanunçuluq prokurorluğun fəaliyyətinin əsas prinsiplərinsən biridir

18:17 - 9 Oktyabr 2018 - KİVDF

Hüquqi dövlət - yalnız ciddi ədalət, azadlıq, bərabərlik və qardaşlıq ideyaları əsasında yaradılmış hüquq normalarını mənimsəmiş dövlət təşkilatı formasıdır ki, burada vətəndaşlar, dövlət orqanları və səlahiyyətli şəxslər ümumdövlət maraqlarının təmin edilməsi şərti ilə fərdin hüquq və azadlıqlarının reallaşması üçün fəaliyyət göstərir. Hüquqi dövlətin məqsədi cəmiyyətin, o cümlədən də onun bir parçası olan fərdin ehtiyaclarını bütünlüklə ödəməkdir.

Bu vəzifənin həyata keçirilməsində prokurorluq yaxından iştirak edir. 1999-cu ildə qəbul edilən "Prokurorluq haqqında" Qanunla prokurorluğun məhkəmələr üzərində nəzarəti və bazar iqtisadiyyatı münasibətlərinin inkişafına mane olan ümumi nəzarət funksiyaları ləğv olunur, onun mülki və kommersiya işlərinə müdaxilə etməsi məhdudlaşdırılır. Hazırda prokurorluğun fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır: qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma, vahidlik və mərkəzləşdirmə, ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikasının baş prokuroruna tabe olması, siyasi bitərəflik.

Qeyd edək ki, hər hansı şəxs tərəfindən, hər hansı səbəbdən bilavasitə, yaxud dolayı yolla prokurorluğun qanuni fəaliyyətinə məhdudiyyət qoyulması, təsir, hədə, qanunsuz müdaxilə edilməsi, habelə prokurorluğa hörmətsizlik göstərilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Mülki mühakimə icraatında prokurorun iştirakı məhdudlaşdırılaraq yalnız xüsusi icraat işləri üzrə nəzərdə tutulub. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.3-cü maddəsinə görə, dövlət idarə və təşkilatlarının və ya təsisçiləri dövlət və ya dövlət idarələri, yaxud təşkilatları olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu halda dövlət mənafeyinin müdafiəsi üçün prokuror mülkiyyət hüququ üzrə əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək haqqında işlər üzrə və daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlər üzrə ərizə verə bilər. 

Mülki Prosessual Məcəllənin 50.2-ci maddəsinə əsasən, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər.  Bu maddənin 3-cü bəndində qeyd edilib ki, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər.
Qanun üzrə başqasının hüquq, azadlıq və qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan şəxsin ərizəsi ilə mənafeyi üçün iddia qaldırılmış şəxs, başlanmış proses barədə xəbərdar edilir və məhkəmə prosesində iddiaçı qismində iştirak edir. Tərəflər prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər prosessual vəzifələr daşıyırlar.
Prokuror yuxarıda göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa məhkəmə aktlarından protest verə bilər.  Mülki Prosessual Məcəllənin 357.2-cü maddəsində  bildirilir ki, həmin hüquqa (apellyasiya şikayəti vermək) , işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Mülki Prosessual Məcəllənin 357.3-cü maddəsinə müvafiq olaraq, prokurorun protesti iştirak etdiyi iş üzrə onun tərəfindən apellyasiya instansiyası məhkəməsinə verilən şikayətdir və öz hüquqi mahiyyətinə, hüquqi nəticələrinə görə apellyasiya şikayətinə bərabər tutulur.

Cinayət Prosessual Məcəllənin 383.2-ci maddəsinə əsasən isə apellyasiya protesti vermək hüququna onun gəldiyi nəticələrin və təkliflərin nəzərə alınmadığı hissədə birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etmiş dövlət ittihamçısı malikdir.
Qeyd olunmalıdır ki, qanunverici prokurorluq orqanlarının fəaliyyətini ifadə etmək üçün “prokuror nəzarəti” terminindən istifadə edilir, Prokuror nəzarətinin mahiyyəti və hədləri konkret olaraq sahəvi qanunvericilik aktlarında, baxılan məsələ ilə bağlı isə İnzibati Xətalar Məcəlləsində müəyyən edilib.
Prosessual qanunvericilik, bir qayda olaraq, məhkəmə aktlarından şikayətin və ya protestin verilməsini şəxsin prosesdə tərəf olmasından asılı edib. İnzibati xətalara dair işlər üzrə prokurorun protest vermək hüququ digər prosessual qanunvericiliklərdə olduğu kimi onun həmin prosesdə iştirakı ilə əlaqələndirilib. Göründüyü kimi, inzibati xətalar, mülki və cinayət prosessual qanunvericiliyin, eləcə də “Prokurorluq haqqında” Qanunun normaları prokurorun məhkəmə qərarlarından protest vermək hüququnu yalnız onun məhkəmədə konkret işin baxılmasında iştirakı ilə şərtləndirir.

Bununla yanaşı qeyd olunmalıdır ki, 1 sentyabr 2000-ci ildən qüvvəyə minmiş Cinayət Prosessual Məcəlləyə xüsusi icraatlar qaydasında “Məhkəmə nəzarətinin həyata keçirilməsi” adlı LII fəsil əlavə edilib. Cinayət Prosessual Məcəllənin 442.1-ci maddəsinə əsasən, məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir.  Məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə aşağıdakılara baxır: hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq , mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə,  və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatət və təqdimatlara, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə (442.2). Bu Məcəllənin 442.2-ci maddəsində göstərilən vəsatət, təqdimat və şikayətlərə məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəmənin hakimi tərəfindən təkbaşına baxılır. 442.2-ci maddədə göstərilmiş məsələlər üzrə hakimin çıxardığı qərarlara apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı hallarda yenidən baxıla bilər: hüquq və azadlıqları məhdudlaşdırılan şəxsin şikayəti üzrə, ibtidai araşdırmaya prosessual rəhbərliyi və ya əməliyyat-axtarış fəaliyyəti üzərində nəzarəti həyata keçirən prokurorun protesti üzrə.

Məhkəmə nəzarəti, eyni zamanda, “Prokurorluq haqqında” Qanunun 45-ci maddəsində də əksini tapıb Həmin maddəyə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını məhdudlaşdıran prosessual hərəkətlərin prokurorluq tərəfindən həyata keçirilməsinə qanunla müəyyən edilmiş qaydada və hallarda məhkəmənin qərarına əsasən yol verilir.

Xəbər xətti