Hüquqi dövlətin ayrılmaz atributlarından biri insan hüquq və azadlıqlarının qorunmasıdır

18:14 - 3 Oktyabr 2018 - KİVDF

Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur

Hüquqi dövlətin ayrılmaz atributlarından biri insan hüquq və azadlıqlarının qorunmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi müəyyən edilib.
Dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirməlidirlər. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın bu norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarını da nəzərdə tutur. Bu maddənin digər hissəsinə görə, heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz.

Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz.Hüquqi islahatlar çərçivəsində həyata keçirilən tədbirlərdən biri də inzibati idarəçilik sahəsində inzibati münasibətlərin tənzimlənməsidir.  İnzibati idarəçilik sahəsində inzibati münasibətlərin qoruyucu normaları isə 1 mart 2016-cı il tarixindən qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsində əks olunub. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. (5.2-ci maddə).

İnzibati Xətalar Məcəlləsi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır (4-cü maddə).
Məcəllənin maddi normaları xəta növünü müəyyən etməklə inzibati idarəçilik sahəsində hər bir subyektin hüquq və qanuni maraqlarını təmin edir. İnzibati xətalar (inzibati delikt) qanunvericiliyi səlahiyyətli orqanla fiziki, hüquqi və vəzifəli şəxslər arasında inzibati xətalarla bağlı yaranan mübahisələri tənzimləyir və bu münasibətlərdə əsas subyekt kimi səlahiyyətli dövlət orqanı çıxış edir.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər də,  bu məqsədə xidmət edir.

İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsinə (Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması və ya onlardan istifadə qaydalarının pozulması) dəyişiklik edilib. Dəyişiklik İnzibati Xətalar Məcəlləsini "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi daşıyır. Dəyişikliyə əsasən, 282-ci maddənin "Qeyd" hissəsində "min manatadək olan" sözləri "beş min manatdan yuxarı olmayan" sözləri ilə əvəz edilib.
Qeyd edək ki, təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli qanuna əsasən təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanmasına görə cinayət məsuliyyəti, bu əməllər beş min manatdan yuxarı məbləğdə ziyan vurmaqla törədildikdə yaranır. Həmin əməl qeyd olunan məbləğə qədər törədildikdə isə inzibati məsuliyyət yaradır.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin cari ilin mayın 1-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.
Qanuna edilən dəyişikliklərdən biri də 244-1 maddəsinin əlavə edilməsidir. Bu maddə ilə əkin sahəsinin yandırılmasına görə nəzərdə tutulan cərmə tənzimlənir .Maddədə bildirilir ki, əkin yerinin yandırılmasına görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir
İnzibati Xətalar Məcəlləsinin önəmli maddələrindən biri də inzibati tənbehlərlə bağlıdır. Məsələn, 23-cü maddəsilə əsas və əlavə inzibati tənbehlər tənzimlənir. Xəbərdarlıq, inzibati cərimə, ictimai işlər və ya inzibati həbs yalnız əsas inzibati tənbeh növləri kimi tətbiq edilir.. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər.. Bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh tətbiq edilə bilər.

Məcəllənin 24-cü maddəsilə isə xəbərdarlıq qaydaları tənzimlənir. Xəbərdarlıq inzibati tənbeh növü olmaqla, hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir. O bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulduqda o halda tətbiq olunur ki, həmin maddədə nəzərdə tutulmuş xətaya görə şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunur və xəta nəticəsində vurulmuş zərərin əvəzi tam ödənilir.
İnzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir (25.1.). Manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan, inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən cərimənin məbləği həmin predmetin dəyərinin yüz faizindən, ödənilməmiş ödənişlərin, vergilərin məbləği ilə ölçülən cərimənin məbləği isə həmin ödənişlərin, vergilərin yüz əlli faizindən artıq ola bilməz artıq ola bilməz.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati cərimə Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilir.

İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsində göstərilmişdir. Bu normaya əsasən, inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan), yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan),. müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar

(davamı var)

Xəbər xətti