Şair təbiətli insan

18:47 - 27 Sentyabr 2018 - Cəmiyyət

Abbasov Qəni Allahverdi oğlu çox hazırcavab və şair təbiətli bir şəxs olub

Abbasov Qəni Allahverdi oğlu çox hazırcavab və şair təbiətli bir şəxs olub. O, 1884-cü ildə İrəvan quberniyasının Üşkilsə (Eçmiədzin) qəzasının Ağcaqala kəndində anadan olmuşdiur. 1918-ci ildə deportasiyaya məruz qalaraq ailəlikcə qısa bir müddət Gəncədə, daha sonra Şəki rayonunun Cəyirli və Qayabaşı kəndlərində yaşamışdır. Sonralar indiki Oğuz rayonunun Yaqublu kəndində məskunlaşmış və ömrünü burada başa vurmuşdur. Q.Abbasov əsil el ağsaqqalı olmuş, öz seirlərində doğma yurd-yuvalarından qovulmuş insanların ağrı-acılarını, içtimai bəlaları və nöqsanları qələmə almışdır. Onun şeirlərindən bəziləri bədii cəhətdən zəif görünsə də, şeir texnikasının şərtləri pozulsa da, onlarda real həyat həqiqətləri əks olunur, həyatın mənasına dərin hörmət və heyrət özünü göstərir. Bu şeirlərdə nağılvari təfəkkürün – sözün həqiqi mənasında şairanə təfəkkürün işartıları hiss olunmaqdadır. Bu şeirləri oxuduqca biz yalnız surətləri yox, eyni zamanda yaşanmış və yadda qalan həyat lövhələrini görürük. AYB-nin üzvü mərhum yazıçı-publisist Ə. İbrahimov Qəninin şeirlərindən bəhs edərək deyirdi: “ Bu şeirlərdə həyat həqiqətləri təsvir edilmişdir. Onun hər bir şeirində həyat lövhələri, sadə insanların həyatında baş verən tipik lövhələr və aktual problemlər təsvir olunur.”
Təəssüf ki, bu şeirlərin çoxu yazıya alınmamış və itib-batmışdır. Lakin Qəninin bəzi şeirləri və duzlu-məzəli söhbətləri bu gün də kənd sakinlərinin dilində dolaşmaqdadır. Bu şeirlərdə içtimai mötivlər üstünlük təşkil edir.

Onun “Veribdi”, “Sürünəcəm”, “Məhəmməd dayı”, “Olduq”, “Çəkirəm”, “Dəlik daşa” və “Şikayət edirəm, Nərimanov, sizə” şeirlərində haqsızlıqlara qarşı üsyan edilir. “Sənə”, “Mən iki dünya görmüşəm” adlı əsərlərində isə Qəni baş vermiş ciddi siyasi hadisələrə öz münasibətini bildirir.
Q.Abbasovun N.Nərimanova mənzum məktubları xüsusi maraq doğurur. Bu məktublardan birində o, deportasiyaya məruz qalmış yurddaşlarının ağır həyat şəraiti və problemləri barədə dövlət adamlarına məlumat verir və kömək istəyir:

Iki calğaynan burda bənd olduq,
Altmış kənd yığıldıq bircə kənd olduq.
Az qala acından məzara dolduq,
Şikayət edirəm, Nərimanov, sizə


Bu müraciətlərin nəticəsində N.Nərimanovun şəxsi tapşırığı ilə qaçqınlara əkib-becərmək üçün torpaq sahələri verilmiş və onlar su ilə təmin olunmuşlar. Q.Abbasov AXC-nin maaarif və dini etiqad naziri N. Yusifbəyli ilə şəxsən tanış olmuşdur. Qəninin 1919-cu ildə N.Yusifbəyli ilə görüşdə söylədiyi “Bizik dedim” şeirindən bir parçanı oxuculara təqdim etməklə onların tarixi yaddaşlarının oyaq qalacağına və erməni daşnaklarının xalqımızın başına gətirdikləri fəlakətləri unutmayacaqlarına əmin olmaq istəyirik:

Dağıstan yeddi alvızdı,
Qaşqınlar yapa-yalnızdı.
Daşnak İrəvandan qalxızdı,
Yurdu talan bizik dedim.
Kəndin adı Qayabaşı,
Qaçqınlar qalıbdı naşı.
Burada yox qəm yoldaşı,
Başsız qalan bizik dedim.
Bu görükən Bayan düzü,
Qaçqınlar kəvərə süzü.
Ya əllisi, ya da yüzü,
Hər gün ölən bizik dedim...


Qəninin “Çəkirəm”, “Sən gələsən”, “İndi” və digər şeirlərində isə 1941 – 1945-ci illər müharibəsinin dəhşətləri təsvir olunur. 1941-ci ildə Moskvada kənd təsərrüfatı sərgisində iştirak edən Q.Abbasovun müharibə haqqında təsəvvürləri daha da genişlənir. O, öz şeirlərində müharibənin bəşəriyyətə fəlakət gətirdiyini söyləyir, insanları sülhə və əmin amanlığa çağırır. Bu şeirlərdən müharibənin dəhşətləri barədə çox şey öyrənmək olar. O, müharibə mövzusunda olan şeirlərinin bəzilərini cəbhədə olan oğlu Əsgərə və qaynı Məmmədə həsr etmişdir. (Onların hər ikisi müharibədə həlak olmuşdur.) Belə şeirlərdə ata nisgili və kədər sezilsə də, düşmənə dərin bir nifrət və intiqam hissi hakimdir:

Ərköyündün, xətrinə dəymədim,
Həsrətini çəkdim, evləndirmədim.
Uzaqlaşdın daha görə bilmədim.
Səni görmək həsrətini çəkirəm.
İgidlik eyləynən, möhkəm durginən,
Nişanı gözdəynən, yaxşı vurginən,
Təslimə keçməsə, tamam qırginən,
Düşməni qovmaq həsrətini çəkirəm...


Q. Abbasovun öz müasirlərindən Namaz oğlu Məhəmmədə, Əliyə, Heydərə, Rüstəmə və başqalarına müraciətlə qələmə alınmış şeirləri, həmkəndliləri Məmməd, Hüseyn və xaçmazlı usta Şirinlə deyişmələri də maraq doğurur.
Geniş dünyagörüşünə malik olan şair Qəninin dilindən söylənmiş bir sıra sözlər və ifadələr idiom, ibarə və aforizmlərə, atalar sözü, lətifə və zərbi məsəllərə çevrilməkdədir. Oxucular üçün maraqlı olacağını nəzərə alaraq bir örnək veririk: “Yaqublunun torpağı dəmyədir. Qışda qar, yaz boyu yağış yağmasa, bu torpaqlarda bir sünbül belə cücərib baş qaldırmaz, yamaclar quruyub bomboz olar” . 
Həmin il də quraq gəlmişdi. Kənddə iclas keçirən raykom katibi isə quraqlığı nəzərə almadan taxıl istehsalını ikiqat artırmağı tələb edir. Katibin naşı olduğunu görən Q.Abbasov söz alaraq deyir: “Yoldaş raykom, bizim yerlər dəmyədir. İl quraq keçib, Bu il sahələrdən ikiqat taxıl yığmaq mümkün deyil. Siz tələb edən qədər taxıl yığmaq üçün gərək gecə yağa, gündüz gün çıxa, gecə yağa, gündüz gün çıxa, gecə yağa, gündüz gün çıxa,..”
Raykom katibi onun sözünü kəsir:  “A kişi, bir dayan, görək!”
Qəni kişi tövrünü pozmadan deyir: “ Dayandımsa, yandı”
Bu gün də Q.Abbasovun dilindən çıxan “Dayandımsa, yandı” ifadəsi kənd sakinlərinin yeri gələndə ən çox işlətdikləri sözlərdəndir.
Q.Abbasovun şeirlərinin dili sadə və anlaşıqlı olduğuna görə onların çoxu bu gün də unudulmamış və dillərdə dolaşmaqdadır. Baş vermiş real hadisə və əhvalatlarda onun dilindən söylənmiş sözlər isə nöqsan və çatışmazlıqlara atılmış “söz daşlarıdır”.
QEYD: (Verdiyimiz şeir nümunələrində bəzi qusürlar var. Lakin biz onları aradan qaldırmağı lazım bilmədik)

İmran Verdiyev,
Oğuz rayon Yaqublu kənd T. Babayev adına tam orta məktəbin dil-ədəbiyyat müəllimi,
Əməkdar müəllim

 

Xəbər xətti