Güləşçilərimiz Minskdə beynəlxalq turnirdə iştirak edəcəklər

16:39 - 14 Sentyabr 2018 - İDMAN

Sentyabrın 14-16-da Belarusun paytaxtı Minskdə üçqat Olimpiya çempionu Aleksandr Medvedin şərəfinə Qran-pri turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Ucnoqta.az-a verilən məlumata görə, ənənəvi yarışda sərbəst və qadın güləşçilərimiz qüvvələrini sınayacaqlar.
Minskdə 11 sərbəst güləşçimiz mübarizə aparacaq. Baş məşqçi Firdovsi Umudov, məşqçilər Zəlimxan Hüseynov və Arif Abdullayevin rəhbərliyi altında ölkəmizi Georgi Edişeraşvili (57 kq), Mircəlal Həsənzadə (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Coşqun Əzimov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev, Murad Süleymanov (hər ikisi 86 kq), Şərif Şərifov (92 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) təmsil edəcəklər.

Bir neçə gün öncədən Belarusa yollanaraq orada təlim-məşq toplanışı keçən qadınlardan ibarət millimizin 8 üzvü turnirdə çıxış edəcək. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) uğur qazanmağa çalışacaqlar.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Elman İsmayılov yarışda ədaləti qoruyacaq.

Xəbər xətti