“Tək uşaqlılıq son illərdə cavan ailələrdə “moda” düşüb”

21:55 - 3 Sentyabr 2018 - Cəmiyyət

Lalə Mehralı: “Ailələrin “kiçilməsi” problemi bütün Avropa ölkələrində müşahidə edilir”
Könül Telmanqızı: “Tək uşaqlı ailələrdə uşaqların özünəqapanma, ünsiyyət problemi olur”


Valideyn Aynur Quliyeva deyir ki, 6 ildir evli olsalar da bir uşaqları var. Çünki əvvəlki dövrün şərtləri ilə indiki dövrün şərtlər eyni deyil: “Birinci uşağı dünyaya gətirdikdən sonra xərclərimiz çox artıb. Kənardan baxana asan gəlir, xırda xərclər kimi görünür. Amma uşağın xərcləri böyüyünkündən daha çox olur. Adi mağazalara yaxınlaşıb uşaq paltarlarının qiymətini soruşduqda bunun şahidi ola bilərsiniz. Keçmiş dövrdən fərqli olaraq uşaqlar tez-tez həkim müayinəsinə aparılır. Bundan əlavə onun yeməyi və digər xərcləri var. Bütün bunları üst-üstə gəldikdə indiki dövrdə uşaq böyütmək heç də asan deyil. Ona görə  də bir uşaqla kifayətlənmişik, övladımızın artıq 4 yaşı var. İkinci uşaq haqqında isə düşünmürük. Yoldaşım da, mən də işləsək də xərcləri çox çətinliklə qarşılayırıq. Əgər növbəti dövrlərdə xərclərimiz azalarsa ikinci uşaq barəsində düşünə bilərik. Lakin indiki vəziyyət üçün bu qeyri-mümkündür. Çox uşağı çətin şəraitdə böyütməkdənsə, birini daha yaxşı şərtlər altında böyütməyin tərəfdarıyıq”- bu xanım kimi düşünən valideynlərin sayı çoxdur. Və bunun nəticəsində də “kiçik ailələr” çoxalır.

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən jurnalist-sosioloq Lalə Mehralı bildirdi ki, ailələrin tək uşaq problemi barədə çox yox, cəmi 10 il qabaq danışan olsaydı, çoxumuza gülməli görünərdi: “Çünki əksəriyyətimiz ən az 3 uşağı olan ailədə böyümüşük. Aramızda 9-10 uşaqlı ailənin övladı olanlar da çoxdur. İllər və zaman dəyişdiyi kimi ailələrdə çoxövladlılıq məsələsinə münasibət də dəyişdi. İndi 3 uşağı olan ailəyə “qəhrəman ailə” kimi baxırlar, 3-cü övladını doğan qadına möcüzə görmüş kimi zillənən baxışlar, 3-4 övladı ilə parka gəzintiyə çıxan ataya dikilən təəccüb dolu gözlər göstərir ki, müasir ailə modelində ən yaxşı halda 2 uşağa yer verilir”. 

L.Mehralının sözlərinə görə, tək övladı olan ailələri əbəs yerə “cırtdan ailə” adlandırmırlar. Bu problem son 2-3 ilin ən ciddi sosail problemlərindən biri hesab edilir: “Bu ailələr adətən bir tək oğlan uşağı ilə kifayətlənir, Avropa ölkələrində bu bir qız övladı ilə də əvəzlənə bilir. Müsəlman toplumlarında qız övlad nəsil davamçısı hesab edilmədiyindən mütləq oğlan övlada sahib olmaq istəyən valideynlər könüllü olmasa da, “kiçik ailə” modelini böyütməyə  qərar verirlər. Yəni, qızdan sonra hökmən oğlan uşağı istəyirlər. Lakin bu həmişə belə olmur. Bəzən ailələr abortun təhlükəli olduğunu nəzərə almadan USM-də qız övladının olduğunu gördükdən sonra aborta əl atırlar. Məqsəd sadədir: “Bir uşaq olsun, oğlan olsun, nəsil davam etsin”. 

Digər bir məsələyə münasibət bildirən sosioloq deyir ki, tək uşaqların ailədə həddindən artıq qorunması, hər addımının izlənməsi, valideynlərin daim “iynə üstə oturması”na səbəb olur: “Bu cür ailələrdə böyüyən uşaqlar özünü heç vaxt mənəvi azad hiss edə bilmir. Buna görə də cəmiyyətdə bu cür ailələrdə böyüyən uşaqları “ana uşağı” kimi xarakterizə edirlər. Ailədə uşağın tək olması onun ərköyün böyüməsinə, hər istədiyini əldə etməsinə səbəb olur. O özünü kiçik ailənin böyük hökmlüsü kimi hiss edir, valideynləri tək uşaqla kifayətləndikləri üçün onun hər istədiyini yerinə yetirərək “kiçik ailə”ni “problemli ailə” edir”.

Jurnalist-sosioloq hesab edir ki  bu problem son dərəcədə aktual və müzakirə edilməyə ehtiyacı olan bir mövzudur: “Bu genefond, nəsil, şəcərə və gələcək məsələsidir.  Ailələrin “çırtdanlaşması” problemi bütün Avropa ölkələrində müşahidə edilir, bu dünyada müşahidə edilən problemdir. Amma bildirim ki, hələ ki, bu proses kütləvi şəkil almayıb. Biz hazırda ailələrimizdə adətən 2 uşağın olduğunu müşahidə edirik. Düzdür, iki uşağın özü də problemli olur, bir-biri ilə yola getmirlər, tək uşaqlar isə çox eqoist olurlar, evdə ona uyğun mühit olmur, ən yaxşı halda dostları nənə-baba olur, amma mən çoxuşaqlılığın tərəfdarıyam. Əgər maddi imkanım izin versəydi, gələcəklərini təmin edə biləcəyimdən əmin  olsaydım 4 uşaq anası olmaq istərdim. Təəssüf ki iki uşaqla kifayətlənməli olmuşuq. Mən 4 uşaqlı ailədə böyümüşəm, uşaqlığım o qədər qaynar, hərəkətli keçib ki… Təəssüf ki indi çox uşaq anası olmağa cəsarət göstərə bilmirik”.

Psixoloq Könül Telmanqızı isə deyir ki, bu sırf qurulan ailənin aldığı qərarla, onların psixologiyası ilə bağlıdır: “Bəzi valideynlər bu məsələyə fərqli düşüncələr ilə yanaşırlar- bir uşağım olsun, onu hər şeylə təmin edə bilim. Uşağın dünya görüşünü, təminatını, onun gələcək həyatını istədiyi kimi təmin etmək üçün bir uşağı seçirlər. Həm də bəzi insanlar var ki, işlə bağlı problem yaşadığı üçün ikinci uşağın olmasını istəmirlər. Valideynlər yaşadıqları məişət problemlərindən dolayı ikinci uşağı istəmirlər”. 

Psixoloqun sözlərinə görə, tək uşaqlılıq əsasən son illərdə cavan ailələrdə “moda” düşüb. O, bunu normal qəbul etmədiyini deyir: “Çünki tək uşaqlı ailələrdə uşaqların özünəqapanma, ünsiyyət problemi olur. Mənim yanıma belə uşaqlar da gəlir. “Mən niyə təkəm, mən bacı, qardaş istəyirəm. Bacım, qardaşım olsaydı onlarlarla oynayardım, hamıda var, məndə yoxdur”- kimi fikirlər səsləndirirlər. Bu da olmadığı halda özünəqapanma halları yaranır. Ətrafdakı uşaqlarla ünsiyyət qıtlığı başlayır, onlarla ünsiyyətə girmək istəmir. Eqosentrizmi yüksək olur, bu da onun təkliyindən irəli gəlir. Amma bir çox valideynlər bunu anlamırlar”.

Könül Oruc

Xəbər xətti