Hamiləliyə və doğuşa görə qadınlara bəzi güzəştlər tətbiq edilir

18:09 - 6 Avqust 2018 - KİVDF

Bu hüquqlar əmək, cinayət, ailə və s. məcəllələrdə öz əksini tapır  

Hamiləliyə və doğuşa görə qadınlara bəzi güzəçtlər tətbiq edilir və onlara xüsusi hüquqlar verilir.  Onlardan biri məzuniyyət hüququdur. "Hazırda Azərbaycanda işləyən qadınlara doğuşdan iki ay əvvəl, doğuşdan iki ay sonra məzuniyyət verilir. Bu isə uşağın inkişafı üçün çox əhəmiyyətli olan bir dövrdə - onun ilk 6 ay ərzində ana südü ilə qidalanması üçün yetərli vaxt deyil". Bu sözləri UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan deyib. Bəs, görəsən Azərbaycan qanunvericiliyində hamiləliyə və doğuşa görə məzuniyyətlər necə tənzimlənir”.
Bu barədə Əmək Məcəlləsində müvafiq maddələr var. Məsələn, Əmək Məcəlləsinin “Hamiləliyə və doğuşa görə məzuniyyətlər” adlı 125-ci maddəsinə əsasən analara verilən bu məzuniyyət ödənişlidir. Lakin onun müddəti müəyyən hallarda fərqli olur. Normal doğuş zamanı analara verilən məzuniyyətin müddəti doğuşdan əvvəl 70 gün, doğuşdan sonra isə 56 gündür. Amma doğuşun çətin keçməsi (keysəriyyə əməliyyatı və s. çətin sayılan hallar) və iki və ya daha çox uşağın doğulması kimi bəzi xüsusi hallarda doğuşdan sonrakı məzuniyyətin müddəti 14 gün artırılır, yəni 70 təqvim günü təşkil edir. Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyəti isə bir qədər fərqlidir. Normal doğuşda bu müddət 140 təqvim günüdür (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü). Əgər doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü), iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü) müəyyən edilir. 

Bəzi mütəxəssislər yuxarıda qeyd olunan müddətin yetərli olmadığını deyirlər. Çünki körpə 6 ayına qədər yalnız ana südü ilə qidalanmalıdır. UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan qeyd edir ki, UNICEF və Səhiyyə Nazirliyi ana südü ilə qidalanmanın göstəricilərinin aşağı olmasının səbəbləri ilə bağlı çevik qiymətləndirmə aparıb: "Qiymətləndirmə nəticəsində məlum olub ki, cəmiyyətdə bəzi insanlar ana südünün ana və körpə üçün nə dərəcədə əhəmiyyətli olduğunu bilmirlər. Bundan əlavə, süni uşaq qidaları ilə bağlı verilən reklamlarla səhiyyə işçilərinin ana südü ilə qidalanma ilə bağlı verdiyi məsləhətlər arasında uyğunsuzluq olur. Bu da analarda çaşqınlıq yaradır".
Amma qanunvericiliyə istinad etməklə, bu problemdən çıxış yolu tapmaq mümkündür. Bu sahədə bəzi güzəştlər nəzərdə tutulur. Belə ki, dövlət Əmək Məcəlləsinin “Uşağın yedizdirilməsi üçün fasilələr” maddəsində (Maddə 244) yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verir.  Bu maddədə deyilir ki, yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyən edilir. Uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilir və orta əmək haqqı saxlanılır.  Qadının istəyi ilə uşağın yedizdirilməsi üçün fasilələr cəmlənərək nahar və istirahət vaxtına birləşdirilə, habelə iş vaxtının (növbəsinin) əvvəlində, yaxud axırında istifadə edilə bilər. Əgər qadın uşağın yedizdirilməsi üçün fasilələri cəmləyərək iş vaxtının sonunda istifadə etmək istəsə, onda onun iş günü həmin fasilələrin müddəti qədər qısaldılır.

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, doğuşdan iki ay əvvəl məzuniyyət normaldır, amma doğuşdan sonra olan iki ay müddəti çox azdır: “Analıq məzuniyyəti bilirsiz ki, bir il ödənişlidir, bir ildən sonra isə ana onu öz hesabına götürə bilər və uşağın üç yaşına qədər yanında qala bilər. Bu uşağın ən əhəmiyyətli və formalaşması dövrüdür. Düzdür, sosial yardım hazırda mübahisəli məsələdir. Amma mən təklif edirəm ki, uşağın üç yaşına qədər sosial yardım  analıq dövründə olan qadınlara ödənilsin. Bir il müddətində yardım işlədiyi təşkilat və ya müəssisədən ödənilir, bir ildən sonra isə dövlət hesabına sosial yardım qismində vermək lazımdır. Çünki bağçalar uşağı üç yaşından sonra götürür. Üç yaşına qədər ana uşağın tərbiyəsində, sağlamlığında və düzgün qidalanmasında övladının yanında olmalıdır. İki ay məzuniyyət müddəti isə gətirib ona çıxarır ki, ana ilə uşaq arasında ünsiyyət, təmas və hisslər kəsilir. Həm də, qadın öz iş yerini itirməmək üçün tələsik işə çıxmalı olur”.
M.Zeynalova qeyd etdi ki, belə problemlər dövlət idarələrində o qədər də yoxdur, amma özəl şirkətlərdə xüsusilə özünü göstərir: “Yaxşı olar ki, o qanun özəl şirkətlərə də tətbiq olunsun. Məsələn, qadın bir il müddətində analıq məzuniyyətdə olsun və ondan sonra xanım rahat əmək haqqını alsın. Mən elə qadınlar tanıyıram ki, iş yerini itirməmək üçün öz hesabına məzuniyyət götürürlər. Amma sonra pul almadığına görə, kiçik ticarətlə - küçədə nələrsə satmaqla məşğul olur ki, ailəsini saxlamaq imkanında olsun. Bax, bu məsələlərə diqqət yetimək lazımdır. Uşağın üç yaşına qədər ana tam sığortalı, təminatlı olmalıdır. Bunu sosial yardım qismində, yaxud, başqa formada da etmək olar. Elə adamlar var ki, uşağı qoymaq üçün bağça tapa bilmir. İndi ən böyük problemlərdən biri körpələr üçün bağçaların olmamasıdır. Yəni, uşağın üç yaşı olmayınca bağçaya götürmürlər. Bu da o deməkdir ki, ana məcburən öz uşağını kiminsə yanında qoyub işə getmək məcburiyyətindədir. Dayə saxlamaq üçün çoxlarının maddi imkanları yoxdur, onlar işlərini də itirmək istəmirlər. Belə məsələlər çox önəmlidir”. 

M.Zeynalova əlavə etdi ki, qanunvercilikdə olan güzəştlər daha da genişləndirilməlidir. Onun sözlərinə görə, Əmək Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan güzəştlər günün vacib tələbidir. Bu maddədə bildirilir ki, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. Onun sözlərinə görə, bu işləyən qadınlar üçün çox önəmlidir.

Qeyd edək ki, qadınlara tətbiq olunan güzəştlərdən biri  də 243-cü maddədə öz əksini tapıb. Maddədə bildirilir ki,  tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılır, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilirlər. Yaş yarımına çatmamış uşağı olan qadınlar, əmək funksiyasını yerinə yetirməklə yanaşı uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən qadının ərizəsi ilə onu uşağı yaş yarımına çatanadək başqa yüngül işə keçirməlidir və ya uşağının yedizdirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməlidir. Qadınlar bu maddədə nəzərdə tutulmuş hallarda başqa yüngül işə keçirilərkən onların əsas vəzifələri üzrə orta əmək haqqı saxlanılır. Hamiləlik və ya uşağının yedizdirilməsi səbəblərinə görə qadınların əmək haqqının azaldılması qadağandır.

 

Xəbər xətti