Ana səhifə
14 Avqust 2018

“Birinci kursda qeyri-ixtiyarı qalxan əlim həyatımı dəyişmişdi”

Xəyalə Rəis: “Çətin günlər bizi daha da bərkidir, möhkəmləndirir”

“İşim mənə əyləncə kimi gəlir”

Müsahibimiz “Kaspi “ qəzetinin mədəniyyət yazarı, gənc teatrşünas Xəyalə Rəisdir. Uzun müddətdir ki, “Kaspi” qəzetində mədəniyyət yazıları yazan, teatr prosesinin təhlil edən jurnalist həmkarımız “Üç nöqtə” qəzetinin suallarını cavablandırdı. 

- Xəyalə xanım, Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq fakültəsini bitirmisiniz. Bəs necə oldu ki, jurnalistikaya gəldiniz? 
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət  Universitetinin “Sənətşünaslıq” ixtisasının “Teatrşünaslıq” fakültəsini bitirmişəm.   Tələbəlik illərimdə davamlı olaraq tamaşalardan yazılar yazır, resenziyalar hazırlayırdım. Hətta “qrupumuz 20 ildən sonra”, “Əgər teatrşünas olmasaydıq”, “Qrupumuz Türkiyədə” kimi komediya janrında qrup yoldaşlarımı təsvir edən yazılar yazırdım. Kurs rəhbərimiz Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor, Məryəm Əlizadə onları çox bəyənirdi, hər imtahanda mənə o yazılarımı oxudub, gülürdü. Tələbə yoldaşlarım da hər il o yazıları həvəslə gözləyirdilər.
Oğlanlarımız əsgər getməsin deyə “Teatrşünaslıq” ixtisasına qəbul olmuşdular. Qızlarımız isə aparıcı olmaq eşqi ilə bu ixtisası seçmişdilər. Deməyim odur ki, heç bir tələbə yoldaşım bu ixtisası sevərək seçməmişdi. Bir gün Məryəm Əlizadə dərs prosesində “Qrupda kim teatrşünas olmağı həqiqətən də istəyir?”-deyə bizə bir sual verdi. Zənn edim ki, qrupdakı  uşaqlar hamısı əlini qaldıracaq. Onda da yeni telefon almışdım, başım yeni telefonuma qarışmışdı. Özümdən asılı olmayaraq bir gözüm telefonda əlimi qaldırdım. Bir də onda ayıldım ki, məndən başqa heç kim əlini qaldırmayıb. Elə həmin ildən kurs rəhbərimiz mənə yazılar tapşırır, mövzular verir, məni özü ilə tamaşalara aparırdı. Birinci kursda qeyri-ixtiyarı qalxan əlim həyatımı dəyişmişdi. Bu işin geri dönüşü yox idi. Məcbur idim. Günümün çoxu tamaşalarda, rejissorlarla diskussiyalarda, aktyorların arasında keçirdi. Artıq 2-ci kursda sərbəst şəkildə müsahibələr edib, yazılar yazmağa başladım. Məryəm Əlizadə gənc teatrşünasların bir məkanının olması üçün sənətşünaslıq doktoru, professor İsrafil İsrafilovla birlikdə “Gənc teatrşünaslar” laboratoriyasını yaratdı. Gəncləri Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarova həvalə etdi. Beləcə, Elçin Cəfərov, Aygün Süleymanova, Könül Cəfərova ilə birlikdə hər həftə teatr prosesində yaşananları müzakirə edir, artıq gənc teatrşünasların sözlərini demək üçün zamanın yetişdiyini hesab edirdik. Vidadi Qafarov o meydanı bizə “Kaspi” qəzetinin yaradacağını, həftədə bir dəfə 2 səhifə olaraq teatr əlavəmizin işıq üzü görəcəyini dedi. Qəzetdə çalışdıqdan bir neçə ay sonra eyni anda mədəniyyət müxbiri kimi işə götürüldüm. O gündən sonra  “Kaspi” qəzetində həm mədəniyyət müxbiri, həm də teatrşünas kimi fəaliyyət göstərirəm. Qeyd edim ki, may ayında teatr əlavəmizin 7 yaşı tamam oldu. Bu 7 ildə sıramıza Nigar Pirimova, Dağlar Yusif, Əli, Razimə də əlavə olundu. Artıq həftədə 2 səhifə deyil, 4 səhifə çıxırıq. Bu 7 ildə teatr cameəsinin diqqətini bir məkana yönəltmək və gənc teatrşünasların imzalarının yaxşı mənada tanınması heç də asan məsələ deyil. Bu 7 ildə bir dəfə belə olsa heç bir qalmaqalda adımız hallanmadı, bitərəf mövqe sərgiləmədik. Hər dəfəsində qarşımıza qoyduğumuz  hədəfə bir az daha yaxınlaşdıq.

- Teatra həvəsiniz yox idimi? 
- İmtahandan yığdığım bala əsəsən ixtisaslar seçmişdim. Atamın xahişi ilə sonda iki ixtisas əlavə etdim. “Teatrşünaslıq” ixtisasını yazdığımı görəndə çox gülmüşdüm. Atama birdən teatrşünas olsam, necə olacaq deyə sual da vermişdim. Atam “Allahın qismətindən qaçmaq olmaz” demişdi. Ancaq universitetə qəbul olduqdan sonra, teatr prosesi ilə tanış oldum və bundan sonra bütün fikirlərim dəyişdi. Universitetdə oxuduğum 4 il ərzində dünya görüşüm dəyişdi, həyata baxışım, fikirlərimin formalaşdı. İndi özümü teatrsız təsəvvür etmirəm. Özümü teatrda çox rahat hiss edirəm. Teatr binasından içəri daxil olduqda içimdə bir səsin mənim ora aid olduğumu deyir.

- Bildiyimiz qədəri ilə həyat yoldaşınızla eyni yerdə işləyib, daha sonra ailə həyatı qurmusunuz. Bəlkə elə jurnalistika taleyinizi birləşdirmək üçün imiş?
- Mənim bütün uğurlarım “Kaspi” ilə bağlıdır. “Kaspi” mənim ata ocağımdır. Mən mətbuatda ilk təcrübələrimi burada qazandım, “Kaspi” mənə məktəb oldu, dost oldu, ailə olmağı və ailə üzvləri ilə necə davranmaq lazım olduğunu öyrətdi. Mən buraya gələndə, PR işləri ilə məşğul olan və həftədə bir dəfə teatr prosesini yazmağa çalışan həvəskar biri idim. Əslində indi də özümü peşəkar jurnalist hesab etmirəm, çünki öyrənəcəyim çox şeyin olduğunu düşünürəm. 

“Kaspi”-yə yeni gələndə reportaj hazırlamağı yaxşı bacarmırdım. Bizdə reportajları Elgün Mənsimov hazırlayırdı. Mən də bir iki dəfə onunla reportaja getdim, sonra  davamlı olaraq danışmağa və söhbət etməyə başladıq. Saf vaxtlarım idi, şirin dili ilə saqqızımı oğurladı(gülürük). Bu taleyin qismətidir. Elə qismətim də məhz Kaspidə açıldı. Mən xoşbəxtliyimi burada  tapdım deyə, bəlkə də bu ocaq mənə belə doğma gəlir.

- Teatrşünaslığı oxuyub, jurnalistikada işləmək çətin olmadı ki?  
- Əslində, ilk başlarda çox çətinlik çəkdim. Ancaq əməkdar jurnalist Təranə Məhərrəmova mənim özümü inkişaf etdirməyimdə çox dəstək oldu. Nəyisə anlamayanda gedib, onunla məsləhət edirdim. Məni tədbirlərə göndərirdi. Hətta  ilk dəfə baş redaktorumuz məni Mədəniyyət nazirliyinin plenar iclasına göndərmişdi, demişdi ki, tədbiri geniş yazım. Mənim yazılarımı əvvəlcə Təranə xanım oxuyardı, sonra redaktorlar. Bir gün axşam saat 8-də Təranə xanım soruşdu ki yazın bitmir? Dedim hələ var. Saat  9 un yarısı baxdım ki, Təranə xanım, redaktorlarımız əyninin geyinib başımın üstündə dayanıblar. Dedim ki, hara  tələsirsiniz, 28 min işarə yazmışam, hələ saat yarımı qalıb. Həmin an redaktor və korrektorumuzun mimikasını görməli idiniz (gülürük). O günü heç vaxt unutmaram. Bütün redaksiya gecə oturub, mənim yazımı gözləyirdi.  Təranə xanım o 28 minlik yazıdan necə 7 minlik yazı çıxaracağını düşünürdü. Təzə vaxtlar belə hadisələr başıma çox gəlib.

Əslində Teatrşünaslıq ixtisasını bitirməyim mənə indiki işimdə çox kömək edir, çünki bu gün mədəniyyət yazarları arasında bu sfera ilə yaxından tanış olan və kinonu, teatrı analiz edə bilən, incəsənət sahəsində yaxşı təhlil apara bilən mədəniyyət müxbirləri çox azdır.

- Həyat yoldaşınız da jurnalistdir. Necə yola gedirsiniz? İradlarınız olurmu bir-birinizə?
- Elgünün iş təcrübəsi daha çoxdur. O fərqli media orqanlarında çalışıb. Allah onda üzümə baxıb ki, Elgün mədəniyyət sahəsindən yazmır. Mədəniyyət müxbiri olsaydı, sözümüz çox çəp gələrdi. Fərqli mövzulardan yazsaq da ortaq dostlarımız çoxdur. Çevrəmiz, mühitimiz eyni insanlardan ibarətdir. Bəzən onda özümə qarşı qısqanclıq hiss edirəm. Deyirəm ki, sənin yeganə ixtisasın jurnalistikadır, mən eyni zamanda, teatrşünas olduğum üçün məni qısqanırsan. İkimiz də bir- birimizin fəaliyyətindən narazıyıq. Elgün deyir ki, sən Azərbaycan dilinin qrammatikasını yaxşı bilmirsən, yazılarında bu özünü hiss etdirir. Mən redaktorumdan arxeyin olduğum üçün hər zaman yazılarımı rahat yazıram. Mən isə onun bacarığına bələdəm, ancaq çalışdığı media orqanında bu bacarıqlarından kifayət qədər istifadə etməməyindən gileylənirəm.

- Əkiz övladlarınız var, Yusif və Zəhra. Hansınız daha çox uşaqlarla maraqlanırsınız? 
- Uşaqlarım tanrının bizə hədiyyəsidir. Ailəni bərkidən, möhkəmləndirən uşaqdır. Elgünlə məni eyni işdən, ailə qayğılarından öncə maraqlandıran uşaqlardır. Onların gündəlik qidaları, bağçaları, tələbatları və sair. İndiki dövrdə uşaq saxlamaq çox çətindir. Hələ ata ilə ana işləyirsə, bu ikiqat çətindir. Tək ailə üzvünün işləməsi ilə də 2 uşaq saxlamaq mümkün deyil. Ona görə ailə qayğılarımız böyükdür. Əl-ələ verib çətinliklə də olsa onların öhdəsindən gəlməyə çalışırıq. Çətin günlər bizi daha da bərkidir, möhkəmləndirir. Elgün uşaqlarıma qayğıkeş ata, mənə də diqqətcil həyat yoldaşıdır.

- Həyat yoldaşınız mətbəx işlərində sizə kömək edirmi?
- Əvvəlcə onu soruşun ki, siz mətbəxdə işləyirsinizmi (gülürük). Mətbəx işlərində bir qədər səriştəsizəm. Bunu qəbul edirəm. Elgün hələ də ümid edir ki, bu zamanla düzələcək. Etsin, ümid ən sonda ölür deyirlər. 

- Çox şən əhval-ruhiyyəli, zarafatcıl birisiniz. Sizi nə özünüzdən çıxarır? 
- Bu sualları kim hazırlayıb?(gülürük) İnsana ancaq xoş ünsiyyət və gözəl günlər qalır. Bizim kollektiv danışıb gülməyi sevən, şən və mehribandır. Gəlin ocağa çəkər misalı kimi. İşdəki və evdəki kompyuterimdə köhnə arxiv şəkilləri saxlayıram, hər günümdən gözəl şəkillər saxlamağı sevirəm. Sonra onlara baxıb, nostalji yaşayıram. Özümə qarşı haqsızlıq görəndə susmayan biriyəm. Tez alovlanıb, tez də sakitləşirəm. Əsəbi olanda həmin an içimdəkiləri söylədikdən sonra sakitləşirəm. Sonra dediklərimə görə peşman oluram. Əgər kimləsə bir incikliyim varsa, bunu o insana bildirirəm.   

- İşinizin çətinlikləri nələrdir? 
- Evdəki çətinlikləri görəndə mənə iş istirahət kimi gəlir (gülürük). Evdə bir yeməyi bişirmək əvəzinə 10 müsahiblə görüşüb, onları hazır etmək mənə daha asan gəlir. “Kaspi” gündəlik çıxan, özündə ictimai yükü daşıyan 3 əsrlik qəzetdir. Mən qəzetin mədəniyyət bölməsinin yazılarını hazırlayıram. Bizim qəzetdə adi sıradan bir mədəniyyət insanın yazıları çıxmır. O insanın intellekt səviyyəsi olmalıdır. Əvvəllər belə müsahibləri tapmaqda çətinlik çəkirdim. Ancaq indi  yeni mövsüm üçün də  nəzərdə tutduğum yazılarım var. İşim mənə əyləncə kimi gəlir. İndiyə qədər yadıma düşmür ki, hansısa gün işdən yorulum. Mənim müsahiblərim də çox maraqlı olur. Hər müsahibimdən nələrsə öyrənirəm. Gündəlik fərqli insanlarla görüşmək, onların dünyasına qonaq olmaqdan gözəl nə ola bilər... 

- İşə başlayan ilk gündən “Kaspi”də çalışırsınız. İşi dəyişmək istəmirsiniz, yoxsa yeni iş təklifləri yoxdur? 
- Mən burada ailə olmağı, dost olmağı, həmkar olmağı öyrəndim. “Kaspi” əlimdən tutub, mənə yazı yazdıran ilk müəllim oldu. Yeri gələndə səhvlər edim, səhvlərimin harda olduğunu gördüm. “Kaspi”də işləməmişdən öncə gənclərin “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzində çalışırdım. Orada “START” Gənclərin Beynəlxalq Film Festivalını keçirirdik. Xaricdən gələn gənc rejissorlar, aktyorlarla mübadilələr edir, onlarla festivallar keçirirdik. O zamanlar media nümayəndələri ilə danışır, onları tədbirimizə dəvət edirdim. Ağlımın ucundan da keçməzdi ki, bir zaman mən də media nümayəndəsi olaraq həmin tədbirə dəvət alaram.

O ki qaldı sualınıza, mən hər şeyin uzunmüddətlisini sevirəm. Misal üçün, 18 ildir ki, eyni nömrəni işlədirəm. 22-23 illik dostlarım var. Əlimdə olan ən dəyərli şeylərdən ayrıla bilmirəm. İş təklifləri çox almışam, amma heç bir kollektivin bizim kollektiv kimi mehriban, ailə olacağını düşünməmişəm. Mənim üçün iş ikinci ailə deməkdir, bu ailədə olan rahatlıq və insanların bir-birinə olan münasibəti mənim üçün hər şeydən önəmlidir.

Könül Əhmədova

Tarix
31 İyul 2018 [18:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin