“85 yaşlı qəzetin bir parçası olmaq inanılmaz böyük qürur hissidir”

21:17 - 30 İyul 2018 - Cəmiyyət

Fəridə Ağazadə: “Qəzetimiz bilgiləndirməklə yanaşı, maarifləndirmə rolunu uğurla həyata keçirir”

Bugünlərdə “Astara” qəzetinin 85 yaşı, ötən il yaradılan astarainfo.az saytının da fəaliyyətə başlamasının 1 ili tamam oldu. Bölgə mətbuatı olaraq fəaliyyət göstərən mətbu orqanın baş redaktoru gənc xanım Fəridə Ağazadədir. Yubileyləri ərəfəsində Fəridə xanımla söhbətləşdik.

- İlk növbədə yubileyiniz münasibətilə sizi təbrik edirik. Tədbiriniz necə keçdi?
- Təbrikə görə çox sağ olun. İyunun 13-də Astara şəhərində “Astara” qəzetinin 85 illik yubileyi və “Astarainfo.az” xəbər saytının 1 illiyinə həsr olunmuş “Qəzet hər vilayətin aynasıdır” adlı tədbir keçirildi. Azərbaycan mətbuatının bir parçası olan “Astara” qəzeti 85 illik yubileyini böyük coşğu, təntənə ilə qeyd etdi. Bu gün özümü həm xoşbəxt, həm də şanslı hesab edə bilərəm ki, 85 il ərzində çoxlu əsl peşəkar baş redaktorların qələmindən çıxan və Həsən bəy Zərdabinin qoyduğu milli mətbuatın ənənələrinə sadiq olan “Astara” qəzetinin 85 illik yubiley tədbiri məhz mənim baş redaktor kimi fəaliyyətimə təsadüf etdi. 85 yaşlı qəzetin bir parçası olmaq inanılmaz böyük qürur hissidir.

- “Astara” qəzeti bölgə mətbuatıdır, siz də gənc kadr. Gənc jurnalist olaraq bölgə mətbuatında çalışmağın  hansı çətinlikləri var?
- Gənclik hər bir insanın həyatında ən gözəl dövrdür. Mən deyərdim ki, məhz gəncliyin verdiyi enerji, peşəkar, doğma, səmimi, mehriban bir kollektivlə çalışmaq sözün əsl mənasında bütün çətinlikləri yox edir. Biz kollektiv olaraq bütün işimizi qarşılıqlı hörmət və tələbkarlıq əsasında qurduğumuz üçün bu gün müəyyən uğurlara imza ata bilmişik. Bilirsiniz ki, bölgədə 4 nəfərlik komanda ilə 16 səhifədə rəngli formatda qəzet çıxartmaq o qədər asan deyil. Bunun üçün madiyyatla yanaşı yüksək fiziki güc, enerji, səbir tələb olunur. Amma çox şükür ki, biz bu uğura nail ola bilmişik. Bu gün paytaxtda internet mediasının aktiv olduğu bir dönəmdə bölgələrdə isə bunlar çap mediası ilə insanlara çatdırılır. Bilirsiniz ki, bölgə qəzetlərinin əksəriyyətinin xəbər portalları yoxdur. Onların qəzetləri var ki, ya həftədə ya da ayda bir dəfə çap olunurlar. Mən də məhz dünya mediasına inteqrasiya etdiyimiz bir dönəmdə qəzetimizin xəbər saytını ötən il 22 iyul Mətbuat Günündə yaratdım. Bu gün artıq saytımız vasitəsilə daha operativ işləyir, oxucularımıza daha tez məlumatları çatdıra bilirik.

- Jurnalistlərin paytaxtda fəaliyyət göstərən media orqanlarına can atdığı vaxtda bu seçimi etmək çətin olmadı ki?
- Xəzər Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib bir neçə media orqanlarında işlədiyim üçün şəhərdə ən tanınmış media qurumlarında işləmək şansım olduğu halda mən böyüyüb boya-başa  çatdığım Astaranı seçməkdə əsas məqsədim bölgə mətbuatını yeni üslub və ideyalarla inkişaf etdirməklə yanaşı, bölgədə yaşayıb uğur qazanmağın mümkün olduğunu bildirmək idi. Jurnalistikaya və işimə olan sonsuz sevgim, universitetdə əldə etdiyim bilik bu sahədə mənə yenilik etməkdə kömək oldu. Dörd nəfərdən ibarət bir kollektivimlə mümkün qədər çətinliklərin öhdəsindən gələ bildik. Bəli heç də asan olmayan, böyük məsuliyyət tələb edən bu yolu özüm seçdim. Hamar yolla getmək asandır. Əsas odur ki, getdiyin yolda ilk cığırı sən açasan və bu cığırda doğru insanlarla addımlayasan.

- Bu gün bölgə mətbuatı necə işləyir? Region əhalisinin maariflənməsində bölgə mətbuatının  rolu müstəsnadır. Bu məsələdə sizə böyük yük düşür.
- Bəli, qəzetimiz bilgiləndirməklə yanaşı, maarifləndirmə rolunu uğurla həyata keçirir. 16 səhifəlik “Astara” qəzeti qəzetçilik ənənələrinə sadiq qalaraq bütün səhifələrində ictimaiyyəti maarifləndirən, bilgiləndirən, tam, dolğun şəkildə məlumatlandıran yazılarla nəşr olunur. “Gənclik”, “Bizim Müsahibə”, “Həmyerlilərimiz”, “Vətənpərvərlik” səhifələrinin olması üzərimizə düşən məsuliyyəti daha da artırır. Bu gün biz təkcə qəzetin maarifləndirmə üsulundan deyil Astarainfo.az xəbər saytı vasitəsilə, eyni zamanda yerlərdə keçirdiyimiz maarifləndirici təlimlərlə bu missiyanı uğurla yerinə yetirməyə çalışırıq. Bölgə mətbuatı bu gün ölkənin ictimai-siyasi və mədəni həyatında çox böyük rolu vardır. Bölgə mətbuatının inkişaf strategiyasına baxdığımız zaman gənc jurnalistlərin az olduğunu görürük. Bölgə mətbuatı günün tələblərinə uyğun qurulmalı və mətbəələr yaradılmalıdır. Bu gün bölgə mətbuatının bir çox çətinlikləri olsa da, heç də paytaxt qəzetlərindən geri qalmırlar.

- Bilirik ki, bölgədə ilk dəfə Astarainfo.az xəbər saytı yaratmısınız. Saytınız necə özünü nə dərəcədə doğruldur və istədiyiniz nəticələri əldə edə bilirsinizmi?
- Bəli bugünkü internet əsrində qəzetin saytsız işləməsi çox çətindir. Zamanla ayaqlaşmaq lazımdır. Astarainfo.az Astaranın dünyaya açılan pəncərəsidir. Bu pəncərədən həm dünya bizi görür, həm də biz dünyanı.  Saytımız yalnız xəbər istehsalı ilə məşğuldur ki, ölkədə fəaliyyət göstərən bir çox xəbər saytları ilə birbaşa əməkdaşlıq edirik. Regionda, ölkədə, dünyada baş verən xəbərləri operativ şəkildə oxucularımıza çatdırmağa çalışırıq. İlk dəfə olaraq bu saytı yaratmağa səy göstərəndə inanırdım ki, regionla bərabər paytaxt mətbuatına çıxış əldə edə biləcəyik. Şükürlər olsun ki, biz bu gün buna nail ola bilmişik. Astarainfo.az ötən il Milli Mətbuat Günündə yaradılıb. Təsisçisi və baş redaktoru özüməm. Həmçinin onu da qeyd edim ki, Astara qəzetinin rəsmi xəbər saytıdır. Qəzetimizin internet variantını oxucularımız məhz bu sayt vasitəsilə əldə edə bilirər. Saytımızın bir özəlliyi də ondadır ki, bölmələr içərisində “Astara Xəbərləri” bölməsi var və biz ora sırf Astara ilə bağlı məlumatlar yerləşdiririk. 

- Regionda qalıb, bu çətin vəzifəni icra etmək, fəaliyyət göstərmək sözün həqiqi mənasında qəhrəmanlıqdır. Bəs paytaxt mətbuatına gəlməyi düşünürsünüzmü?
- Biz artıq “bölgədə uğur qazanılmaz” stereotipini demək olar ki, qırmışıq.  Biz sübut etdik ki, savadlı, bacarıqlı, sənətini, xalqını sevən insan hər yerdə istər bölgədə istərsə də paytaxtda uğur qazanar. Kiçik komanda ilə doğru, faydalı, səmərəli, peşəkar qəzet nəşr etmək kollektivin qarşılıqlı hörmət və tələbkarlıq iş prinsipindən irəli gəlir. Əlbəttə, mənim həm elmi fəaliyyətimi, həm də təcrübəmi daha da genişləndirmək üçün paytaxta üz tutmağım qaçılmazdır. Çünki insan daim irəliyə can atmalı və bunun üçün daim öz üzərində çalışmalı, qazandığı uğurlarla qane olmamalıdır. Daha yüksək zirvələri fəth etmək üçün daha yüksək elm və bacarıq lazımdır. Çalışırıq ki, “Astara” qəzetində yeni gənc jurnalistlər yetişdirib qəzetimizin daha da inkişaf etməsində, onların qələmindən, fikir və düşüncələrindən yararlanaq.

Könül Əhmədova

 


Xəbər xətti