“Dənizlə ehtiyatlı davranmaq lazımdır”

19:09 - 10 İyul 2018 - Cəmiyyət

Elnur Rüstəmov: “İnsan bəzən hadisəni yaşadıqdan sonra həyatı ilə çox böyük risk etdiyinin fərqinə varır”
Mahmud Şahbazov: “Dənizdə insanın boyu hara qədər çatırsa, ayağı yerə dəyirsə, həmin məsafəyə qədər üzmək lazımdır”


Paytaxt əhalisinin sərinləmək üçün üz tutduğu yer məhz çimərlikdir, dəniz sahilidir. Lakin dənizə dincəlmək üçün gedənlər heç də hamısı dənizin cimərlik üçün nəzərdə tutulan ərazilərində cimmirlər. Sayları azda olsa, cimmək üçün qadağan olunan ərazilərə üz tutanlar da var. 29 yaşlı Xəyal Məmmədov deyir ki, hər il Pirşağı çimərliyində qadağan olunmuş ərazidə çimir. Ona bunun təhlükəli olduğunu və bunu bildiyi təqdirdə nə üçün həmin ərazini seçməsini soruşduqda isə bildirir ki, çimərliyə gedərkən sakitliyə və rahatlığa üstünlük verir: “Qadağan olunmamış ərazilərdə insanlar həddindən artıq çoxdur. Belə olan halda sərbəst üzə bilmirəm, tez-tez başqalarına dəyirəm, rahatlığım pozulur və cimərliyə gəlməyimə peşman oluram. Ancaq cimmək üçün qadağan olunmuş ərazilərdə sakitlik olur və rahat şəkildə üzə, dənizin dadını çıxara bilirəm. Bundan başqa qadağan olunmuş ərazi onun üçün maraqlıdır ki, orda eyni zamanda ekstrim də var. Hətta bir dəfə boğulmaq təhlükəsi ilə üz-üzə də qaldım və möcüzə nəticəsində xilas oldum. Qeyd edim ki, mən təkliyi sevirəm, ancaq dənizdə cimmək üçün qadağan olunmuş ərazilərdə də rahatlığım olmur. Mənim həmin ərazidə çimdiyimi gördükdə, başqaları da həmin məkanda üzməyə üstünlük verirlər. Və beləcə “Burda çimmək təhlükəlidir” yazıldığı halda insanlar elə düşünür ki, mən burda çimə bilirəmsə, demək dənizin bu ərazi əlverişlidir, təhlükəli deyil”.

Qeyd edim ki, yay mövsümü gələndə insanların ən çox istirahət etdikləri yerlərdən biri dənizidir. İnsanlar dincəlmək, istirahət etmək üçün bura üz tuturlar. Düzdür, dənizin insana faydası çoxdur, günəş şüası, dəniz suyu, qum və s... Amma çox təəssüflər olsun ki, son günlər mətbuatda tez-tez dənizdə, çayda boğulma xəbərləri ilə rastlaşırıq. İnsanlara nə qədər xəbərdarlıq edilsə də, onlar qadağan olunmuş ərazilərdə çimirlər. Bəs görəsən, insanlarda təhlükəli yerlərə “maraq” haradan yaranır? Dənizdə üzərkən əsas nələrə diqqət yetirmək lazımdır? 

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən psixoloq Elnur Rüstəmov bildirdi ki, dənizə gedərkən diqqətli olmaq lazımdır,  ailəsi ilə gedən insanlar uşaqları nəzarətsiz buraxmamalıdırlar: “Valideyn fikirləşir ki, uşaq gözümün qabağındadır, heç nə olmayacaq. Bu situasiyalarda bədbəxt hadisələr baş verir. Yaxud elə situasiya olur ki, o təhlükənin ciddiliyini nəzərə alınmır, istər avtomobil idarəetmədə, istər yolkeçmə prosesində olsun.  İnsan bəzən bunun nə dərəcədə təhlükəli olduğunun fərqində olmur. İnsan bəzən hadisəni yaşadıqdan sonra həyatı ilə çox böyük risk etdiyinin fərqinə varır”.

E. Rüstəmovun sözlərinə görə, xüsusi gərginliyi, narahatlığı olan insanlar bu cür situasiyalarda daha da diqqətli olmalıdırlar: “Spirtli içkilərin qəbulundan sonra dənizə girmək və üzmək tövsiyə olunmur. Düzdür, insan özündə olmadığı üçün bunun fərqində olmaya bilər. Amma yanındakı insanlar onu qorumağa çalışmalıdır. Xəstəlikləri olan insanlar da dənizə gedərkən təhlükəsizlik qaydalarına riayət etməlidirlər”. 

“Təhsil” Respublika İdman mərkəzinin üzgüçülük bölməsinin baş məşqçisi Mahmud Şahbazov bildirdi ki, dənizdə üzərkən bir çox səhvlərə yol verilir: “Birincisi, dənizdə su ilə rəftar qaydalarına xüsusi fikir vermək lazımdır. Belə ki, suda davranış qaydalarına riayət olunmalıdır. Buna riayət etməyəndə hər bir hadisə baş verə bilər. Məsələn, əzələ dartınması, qolun, ayağın sınması ola bilər. Bir də görürsən ki, bir-birlərinin çiyinlərinə çıxıb suya tullanırlar. Bu vaxt həmin adamın başı suyun dibindəki daşa da dəyə bilər. Digər tərəfdən, dənizdə çox uzağa, dərinliyə doğru üzmək olmaz. Çünki insan yorular, damar dartınması ola bilər. Bu da boğulmaya gətirib çıxarar. İndi Fövqəladə Hallar Nazirliyi müəyyən qadağalar, baryerlər qoyub ki, heç kim həmin hissədən sonra üzməsin. Dənizdə insanın boyu hara qədər çatırsa, ayağı yerə dəyirsə, həmin məsafəyə qədər üzmək lazımdır”.

M. Şahbazov qeyd etdi ki, əslində, insanların etdikləri ən böyük səhv bir az hovuzda üzməyi öyrənəndən sonra özlərini professional üzgüçü bilmələri ilə bağlıdır: “Onlar hovuzla dənizin fərqini anlamalıdırlar. Dənizdə bir az üzəndən sonra  insan yorulur və geri qayıda bilmir. Bəzən suda burulğanlar olur. İnsanlar suya kəllə vururlar və həmin burulğana düşürlər. Həmçinin, dərinliyə tullananda da bunu nəzərə almalıdırlar. Çünki hovuzun dərinliyi ilə dənizin dərinliyi müxtəlifdir. Dənizdə dərinə gedənlər müvazinətini itirib çıxa bilmirlər və boğulma hadisəsi baş verir. Ümumiyyətlə, dənizlə ehtiyatlı davranmaq lazımdır”. 

M. Şahbazovun sözlərinə görə, son dövrlər üzgüçülüklə məşğul olanların sayı əvvəlki dövrlərə nisbətən artıb: “Ölkəmizdə beynəlxalq oyunlar keçiriləndən sonra üzməyi öyrənmək istəyənlərin sayı çoxalıb. Peşəkar səviyyədə, idmançı kimi məşğul olmaq üçün kiçik, təxminən 6-7 yaşından məşğul olmaq lazımdır. Amma son zamanlar yeniyetmələr yox, daha böyük - 25-30 yaşlarında üzməyi öyrənmək istəyənlərin sayı artıb. Xüsusən də dincəlmək üçün xaricə gedənlər daha çox maraq göstərir. Üzməyi bacarmayan biri kimi görünmək istəmirlər”.
Məşqçi deyir ki, üzməyi öyrənmək üçün müəyyən vaxt lazımdır: “Kimdəsə bir az gec, kimdəsə tez alınır. Minimal öyrənmək vaxtı var. Gərək heç olmasa kursu keçəsən. Elə insan var iki aya, elə insane da var ki, 3 aya öyrənir. Yəni, bu müddətdə heç olmasa 60-70 faiz üzməyi bacarır. Amma tam professional üzmək üçün çox vaxt tələb olunur. Bir neçə il lazımdır ki, sərbəst, özünə güvənlə üzə biləsən”.

Hovuzla dənizin fərqindən danışan müsahibimiz bir daha deyir ki, hovuzda üzməklə dənizdə üzmək fərqlidir: “Lakin məsələ göründüyü kimi deyil. Hovuz 25-30 metrdir, bir sonu var. Amma dənizdə elə bir şey yoxdur, dənizdə açıqlıqdır. Dənizdə şərait tamamilə başqadır. Əslində, dənizə üzmək üçün yox, dincəlmək üçün getmək lazımdır. Üzmək üçün hovuzdan istifadə etmək daha məqsədəuyğundur”. 

Məşqçi bildirdi ki, heç kim zəmanət verə bilməz ki, əla səviyyədə üzməyi bacaran üzgüçü suda boğulmaz. Belə bir qayda yoxdur: “Hətta, ən yaxşı üzgüçü də hansısa bir anda suda boğula bilər. Sadəcə olaraq, professional tərəfdən baxanda, haradasa özünü tənzimləyə, bu hadisədən uzaq ola bilər. O qədər dünya şöhrətli üzgüçülər olub ki, dənizdə batıb”. 

Dənizdə üzmək üçün insanın özünəinamından danışan  M. Şahbazov əlavə etdi ki, ümumiyyətlə, insana hər sənətdə özünəinam lazımdır: “Nə ilə məşğul olursansa, özünə güvənməlisən ki, mən bunu bacaracağam. Amma özünəinam dənizdə keçmir. Nə qədər yaxşı üzsən də, dənizdə uzağa üzmək təhlükəlidir. Dənizdə damar dartınması, su burulğanı, dalğa ola bilər. Burada əminlik kimi amillər heç kimə kömək olmur. Burada sənə gərək kənardan kömək edən olsun”.

Boğulan insana ilk yardım göstərməyin yollarından danışan müsahibimiz vurğuladı ki, insana boğulmaq üçün 1 dəqiqə yarım kifayət edir: “Ona heç cür kömək etmək olmur. Əgər bir insanın boğulduğunu tez hiss edibsinizsə, onu dərhal suda arxası üstə çevirib sahilə çıxarmaq lazımdır. Sahilə çıxardıqdan sonra üzüstə uzadıb qarnına basanda onun ağzından su çıxmalıdır. Yəni, boğularkən udduğu su xaric olunmalıdır”. 

Könül

 

Xəbər xətti