Elmira Axundova Masallıda seçiciləri ilə görüşüb

09:51 - 25 İyun 2018 - Xəbər

İyun ayının 24-də millət vəkili Elmira Axundova deputat seçildiyi Masallı rayonunun Bədəlan kəndindəki ofisində seçiciləri ilə növbəti görüşünü keçirib.

Xanım parlamentari 50-ə yaxın seçici qəbul edib və onları ayrı-ayrılıqda dinləyərək problemləri ilə maraqlanıb. Müraciətlər əsasən səhiyyə, məşğulluq, hüquq, əfv, əmlak məsələləri və digər mövzularla bağlı olub.  Seçiciləri dinləyib, məsələni araşdırandan sonra məlum olub ki, problemlərin bir çoxu insanların öz hüquqlarını bilməmələri və bəzi yeniliklərdən məlumatsız olmalarından qaynaqlanır.
Bir neçə valideyn uşağının gözündə yaranan problemin müayinə və müalicəsi məqsədilə paytaxt Bakıya üz tutmalı olduğunu, bunun üçün isə onlara daha çox vəsait lazım olduğunu bildirib. Onlara məlumat verilib ki, artıq Zərifə Əliyeva adına Göz Klinikasının Masallı rayon filialı fəaliyyət göstərir, bunun üçün çoxlu vəsait xərcləyərək Bakı şəhərinə getməyə ehtiyac yoxdur. Bu klinikada müalicə və əməliyyatlar uğurla həyata keçirilir. Görüş zamanı bir çox problem yerindəcə həllini tapıb, vətəndaşlar məlumatlandırılaraq lazımi orqanlara göndərilib, bəzi məsələlər isə araşdırılmaq üçün nəzarətə götürülüb. E.Axundova seçicilərini narahat edən məsələləri daim diqqət mərkəzində saxladığını, həmin çətinlik və qayğıların yoluna qoyulması üçün müvafiq addımlar atacağını qeyd edib. Deputat görüşdə vurğulayıb ki, o, yalnız seçicilərin ünvanladığı müraciətləri aidiyyəti qurumlara göndərməklə kifayətlənmir. Eyni zamanda həmin müraciətlərin icra vəziyyətini də daim diqqətdə saxlayır.
Bundan başqa xanım millət vəkili seçiciləri əmin edib ki, hər zaman olduğu kimi, bundan sonra da zəruri hallarda seçicilərin problemlərini Milli Məclisdə qaldıracaq və o problemlərin həllinə nail olmaq üçün əlindən gələni əsirgəməyəcək.


Xəbər xətti