İqtisadiyyatın sürətli inkişafı mülki və iqtisadi mübahisələrin sayının artmasına gətirib çıxartdı

18:12 - 13 İyun 2018 - KİVDF

 İqtisadi islahatlar prosesində yaranan yeni mülkiyyət münasibətlərinin tənzimlənməsi və mülkiyyət hüquqlarının müdafiəsi müstəqil məhkəmə sistemini və səmərəli ədalət mühakiməsini zəruri etdi

Güclü dövlətin, güclü cəmiyyətin əsas sütunlarından biri də hüquqi dövlət  quruculuğudur. Azərbaycanın dünya birliyinə inteqrasiya yoluna qədəm  qoyması, ölkə iqtisadiyyatına xarici sərmayənin cəlb olunması, demokratik, vətəndaş cəmiyyətinin qurulması üçün, ilk növbədə, cəmiyyət həyatının bütün sahələrinə aid olan hüquqi islahatların düzgün istiqamətdə aparılması və inkişaf etdirilməsi zəruri əhəmiyyət daşıyır. Bunu inkişaf etmiş dövlətlərin təcrübəsi də göstərir. Aydındır ki, bu istiqamətdə Azərbaycanda da bir sıra mühüm tədbirlər, islahatlar həyata keçirildi. İqtisadiyyat da bu islahatlardan kənarda qalmadı. Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət kursunun əsas məqsədini iqtisadi inkişaf templərini daha da artırmaq, sosial-iqtisadi islahatları sürətləndirmək, xarici ölkələrlə iqtisadi əməkdaşlığı daha da dərinləşdirmək, yeni texnologiyaların ölkəmizə gətirilməsi ilə onun müasirləşməsinə nail olmaq və bu inkişafa mane ola biləcək amilləri aradan qaldırmaq idi. Beləliklə, ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi həmin dövrün prioritet vəzifələrindən biri oldu. Görülən işlər göstərir ki, Azərbaycanda biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləməsi üçün ən çox islahatlar aparan, qanunlar və dövlət proqramları qəbul edən ölkələrdən biridir.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar hüquqi-siyasi istiqamətdə həyata keçirilməklə həm də sahibkarlığın inkişafına güclü təkan verdi. Post-neft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabət qabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökümət sahibkarlar üçün böyük imkanlar yaratdı.  Belə ki, "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü sürətdə təkmilləşdirildi. Həmin vaxt bu sahədə bir sıra işlərin görülməsinə baxmayaraq, hələ də sahibkarlığın inkişafına mane olan hallar tam aradan qaldırılmamışdır. Belə ki, mövcud lisenziyalaşdırma sistemi xüsusi icazə verən dövlət orqanları tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara təzyiq vasitəsinə çevrilibmiş, bəzi hallarda isə rüşvətxorluğun yayılmasına şərait yaratmışdır. Ölkədə 240-dan çox fəaliyyət növünün xüsusi icazə əsasında fəaliyyəti və lisenziyanın qısa müddətə verilməsi, faktiki olaraq, sahibkarlığın inkişafına, iqtisadiyyata investisiya qoyuluşu prosesinə mənfi təsir etmiş, sağlam rəqabət mühitinin formalaşması və istehlakçıların hüquqlarının qorunması sahəsində dövlət siyasətinin gerçəkləşdirilməsi yolunda inzibati-bürokratik əngələ çevrilmişdir. Sahibkarlığın inkişafına dövlət qayğısının artırılması yuxarıda göstərilən nöqsanların qısa müddətdə aradan qaldırılmasını, ilk növbədə, xüsusi icazə tələb edən fəaliyyət növlərinin sayının kəskin surətdə azaldılmasını, lisenziya müddətinin uzadılmasının, lisenziya verilməsi prosesində dövlət orqanları tərəfindən sui-istifadə hallarına yol verməyən və bu işdə şəffaflığı təmin edən qaydaların tətbiqini zəruri edirdi. Prezidentin fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü sürətdə təkmilləşdirildi. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirildi, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirilərək lisenziyaların müddəti uzadıldı.

 Heydər Əliyevin liderliyində həyata keçirilən siyasət isə çox tez bir zamanda iqtisadiyyatda əsaslı keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb oldu. Onun rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkə iqtisadiyyatında və onun əsasını təşkil edən sahibkarlığın inkişafı sahəsində müşahidə edilən pozitiv meyllər daha qabarıq şəkildə özünü göstərdi.
Hüquqi dövlət quruculuğu sahəsində bu istiqamətdə atılan addımlardan biri də "Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-cı illər)" idi. Bundan başqa, “ Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)",  "Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası", "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı", "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)" və digərləri uğurla həyata keçirildi.

2003-ci ildən sonrakı mərhələdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev strateji xətti ardıcıl olaraq davam etdirdi. Bu sahədə hüquqi dövlət quruculuğu sahəsində önəmli addımlar atıldı. Regional əhəmiyyət kəsb edən böyük enerji və nəqliyyat-kommuniksiya infrastrutkrunun inkişaf etdirilməsi layihələri, regionların sosial-iqtisadi inkişaf proqramları həyata keçirildi, liberal bazar münasibətlərinə keçidlə əlaqədar sahibkarlığın fəallaşması müşahidə olundu. «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)» çərçivəsində regionlarında kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına yardım göstərildi, o cümlədən emal müəssisələrinin yaradılması, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafı və bütün bunların fonunda çoxlu yeni iş yerinin açılması təmin edildi. I Dövlət Proqramı regionların tarazlı inkişafına yönəlməklə yanaşı, müasir informasiya texnologiyalarının tətbiqi məsələlərinin həllini özündə ehtiva etdi, investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb oldu, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini verir.

İqtisadiyyatın sürətli inkişafı isə eyni zamanda mülki və iqtisadi mübahisələrin sayının artmasına, institusional dəyişikliklərin dərinləşməsinə gətirib çıxartdı. İqtisadi islahatlar prosesində yaranan yeni mülkiyyət münasibətlərinin tənzimlənməsi və mülkiyyət hüquqlarının müdafiəsi müstəqil məhkəmə sistemini və səmərəli ədalət mühakiməsini zəruri etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi əmlak-torpaq münasibətlərinin modernləşdirilməsinə, daşınmaz əmlak idarəçiliyinin yeni mexanizmlərinin formalaşmasına, daşınmaz əmlakın qeydiyyatı, kadastrı və ünvan reyestri sahəsinin inkişafına təkan verdi. Ölkəmizdə əmlak məsələləri ilə bağlı idarəçilik son illərdə institusional və qanunvericilik baxımından ciddi inkişafda oldu. Mülkiyyət hüquqlarının qorunması, əmlak-torpaq idarəçiliyi sahəsində müşahidə olunan bu inkişaf reallaşdırılmış layihələrin, tətbiq edildi. Mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyi təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış Fərmanlar mülkiyyət münasibətlərində tərəqqinin yeni mərhələsinin hüquqi əsası oldu.
Müasir dövrdə istənilən ölkədə səmərəli daşınmaz əmlak idarəçiliyi sistemi və şəffaf xidmətlər üçün ölkə üzrə daşınmaz əmlaklar haqqında vahid və etibarlı informasiya bazası həlledici rol oynayır. Tam əhatəli, dəqiq, etibarlı və çevik qaydada yeniləşən vahid informasiya bazası Milli Məkan Məlumatları İnfrastrukturunun əsası hesab olunur.

Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində ictimai etimadın gücləndirilməsi, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə, sosial amillərin gücləndirilməsi, daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin göstərilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirildi. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı prosesinin şəffaf mexanizmlər əsasında aparılması, operativliyin və etibarlılığın təmin olunması, prosedurların sadələşdirilməsi, vətəndaşlara və hüquqi şəxslərə göstərilən xidmət keyfiyyətinin davamlı artırılması üçün əməli addımlar atıldı.  Bütün bu işlər daşınmaz əmlakın qeydiyyatının və vətəndaşlara göstərilən xidmət səviyyəsinin yüksəlməsinə imkan yaratdı.
Son illərin ən mühüm uğurlarından biri məhz daşınmaz əmlakın qeydiyyatı sisteminin sadələşdirilməsi və müasirləşdirilməsidir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatında “bir pəncərə” prinsipi tətbiq edilməyə başlanıldı, qeydiyyat prosesində bütün hüquqi əməliyyatların bir mərkəzdə həyata keçirilməsi təmin edidi. “Bir pəncərə” prinsipi nəinki daşınmaz əmlak və torpaqların qeydiyyatında, eyni zamanda torpaq idarəçiliyi ilə bağlı məsələlərin həllində də uğurla tətbiq edilir. Qeydiyyat sisteminin inkişafında başlıca addımlar innovasiyaların tətbiqi, prosedurların ən mümkün səviyyədə maksimum sadələşdirilməsi və sosial yönümlü tədbirlərə geniş yer verilməsidir. Məhz bu 3 istiqamətdə atılmış məqsədyönlü addımlar sayəsində qeydiyyat sistemi bu gün müasir və optimal sistem səviyyəsinə gəlib çatıb.

 

Xəbər xətti