Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr strateji xarakter daşıyır

11:27 - 5 İyun 2018 - SİYASƏT

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əlaqələr bizim üçün strateji xarakter daşıyır. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan - Aİ biznes forumunda Şərq Qonşuluğu üzrə direktor, Şərq Qonşuluğu və Danışıqların Genişlənməsi üzrə direktoratın nümayəndəsi Lourens Meredit deyib. Onun sözlərinə görə, Azərbaycan ən çox tvinninq layihələr keçirən ölkədir, bu da ikitərəfli əlaqələrin dərinləşdirilməsi üçün vacibdir. Çıxışında L. Meredit Azərbaycan hökumətini ölkə iqtisadiyatının şaxələndirilməsi istiqamətində aparılan tədbirləri davam etdirməyə çağırıb. Onun sözlərinə görə, bu istiqamətdə vacib addımlar atılıb ki, ölkənin qeyri-neft sektoru daha da inkişaf etsin. Bu mənada o, kənd təsərrüfatının maliyyələşdirilməsi mexanizmləri, yeni Dəniz Limanının ətrafında Azad Ticarət Zonasının yaradılmasını qeyd edib. L. Meredit bildirib ki, bu addımlar Dünya Bankının hesabatlarında da müsbət əksini tapıb. Sonda L. Meredit kiçik sahibkarlığın inkişafının vacibliyini bildirib. Onun sözlərinə görə, Avropada istehsalatın 60%-i kiçik sahibkarların payına düşür, halbuki Azərbaycanda bu rəqəm 10% təşkil edir. L. Meredit deyib ki, Aİ bu sahədə vəziyyətin dəyişdirilməsində öz yardımını göstərməyə hazırdır. 

Xəbər xətti