“Neçə yaşım olduğunu söyləmirəm, çünki hələ özümü o yaşda görmürəm”

17:25 - 24 May 2018 - Müsahibə

Dünən tanınmış aktyor, teleaparıcı Əkbər Əlizadənin doğum günü idi. Aktyor ad günü münasibətilə eksklüziv olaraq “Üç nöqtə”yə müsahibə verdi. Həmin müsahibəni sizlərə təqdim edirik.

“Anamın dediklərinə görə, mən may ayının 23-də az qala pəncərələrin şüşələri küləkdən sınıb yerə töküləcək bir gündə, çox küləkli bir gündə dünyaya gəlmişəm. Əslində hələ ad günümə bir neçə gün qalmışdan mən o abu-havanı, o əhval-ruhiyyəni yaşayıram. Deyirlər ki, səhərə yaxın doğulan insanlar daha xoşniyyətli, daha üzüyola, mülayim, ünsiyyətcil olurlar Doğum günümü qeyd etməyi çox sevirəm. Bəzi insanlar var ki, pessimist notlara qapılırlar ki, yaşlarının üstünə yaş gəlir. Amma məndə elə deyil. Hər yeni yaşımı böyük məhəbbətlə, sevgi ilə qarşılayıram. Əslində bir neçə illər bundan əvvəl ad günümü hər zaman sənət dostlarımla, sevilən müğənnilərimiz, kolleqalarımla birlikdə efirdə qeyd edərdim. Bu dəfəki ad günümü ilk olaraq “Qız atası” serialının komandası təbrik etdi, tort kəsildi, ünvanıma, şənimə gözəl sözlər, təbriklər səsləndirildi. “Space”çilər, əvvəlki komandada çalışdığım heyət üzvləri hamısı məni təbrik etdilər. Hər kəsə dərin təşəkkürümü bildirirəm”. Ə. Əkbər deyir ki, ad günündə səhər tezdən oyanıb ki, günəşli gözəl bir havadır. Havanın belə olmağından daha da şövqə gəlib, ruhlanıb: “Balalarımı məktəbə apardım. İnstaqramda daimi izləyicilərimin təbriklərini oxudum, “səhnəmizin gülüşü, təbəssümü” ifadələri mənə çox xoş təsir bağışladı. İnsanlar tərəfindən bu diqqəti görəndə hiss edirsən ki, boşa yaşamırsan, səni sevən övladların, ömür-gün yoldaşın, ata-anan, qardaşın, illərin sınağından çıxan yaxın dostların, tamaşaçıların var. Həyat doğrudan da gözəldir, yaşamağa dəyər. Neçə yaşım olduğunu isə söyləmirəm, çünki hələ özümü o yaşda görmürəm ”.

Deyir ki, axşam da ailə üzvləri, dostları ilə bir masa ətrafında olub və doğum gününü öz ürəyi istəyən kimi qeyd ediblər: “Bu yaşımda özümə bir çox arzularım var. Əminəm ki, arzularıma pərəstişkarlarımız da qoşulacaq. Bu yaşımın uğur gətirməyini arzu edirəm. Sənətimdə daha da ucalım, insanların mənə olan sevgisi daha da qüvvətlənsin, daha da maraqlı obrazlarla səhnəyə gəlim. Vurğulamaq istəyirəm ki, 1994-cü ildən Azərbaycan Dövlət Musiqili Teatrındayam. Bu il sentyabr ayının 15-də düz 25 illik səhnə fəaliyyətim tamam olur. Artıq buna yubiley də deyə bilərik. Ona görə bu 25 ilin tamamında istəyirəm ki, daha maraqlı tamaşa ilə izləyicilərimin qarşısına çıxım. Çox gözəl ideyalarım, fikirlərim var. Bu barədə teatrımızın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayevlə məsləhətləşəcəm. Dövlət tərəfindən əməkdar artist, prezident mükafatına layiq görülmüşəm. Dövlət başçımıza dərin minnətdarlığımı bildirirəm. Əliqismət müəllimə də öz təşəkkürümü bildirirəm, hər zaman mənə şərait yaradıb. Bu gün kollektivimizdə istənilən, sevilən insanam. Deyirlər ki, yaxşı xasiyyət ibadətin yarısıdır. Ramazan ayını yaşayırıq, bu il də oruc tutmuşam. Allaha hər zaman şükür edirəm”.


Xəbər xətti