Avroliqanın qalibi olan "Atletiko" 26 milyon avro qazandı

12:29 - 17 May 2018 - İDMAN

Avropa Liqasının qalibi olan İspaniyanın “Atletiko” komandasına UEFA-nın ödəyəcəyi mükafatın məbləği müəyyənləşib.

“Report” AS nəşrinə istinadən xəbər verir ki, qitənin ikinci ən nüfuzlu klub turnirində birinci yeri tutan Madrid təmsilçinin ümumi qazancı 26 milyon avro təşkil edəcək. Dieqo Simeonenin rəhbərlik etdiyi kollektiv finalda Fransa təmsilçisi “Marsel”i məğlub etdiyi üçün 6,5 milyon avro əldə edəcək.

“Atletiko” yarımfinala çıxdığı üçün 1,6 milyon avro, 1/4 finala yüksəldiyinə görə 1 milyon avro alacaq. Həmçinin, UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində çıxış etdiyi üçün madridlilərə 16,3 milyon avro ödəyəcək.

Qeyd edək ki, “Atletiko” ÇL-də Azərbaycan çempionu “Qarabağ”, İngiltərə Premyer Liqasında analoji uğura imza atan “Çelsi” və İtaliya təmsilçisi “Roma” ilə eyni qrupda çıxış edib. Madrid komandası 1 görüşdə qalib gəlib, 4 qarşılaşmada heç-heçə edib və 1 matçda uduzub. Ağdamlılarla hər iki oyunda bərabərlik qeydə alınıb - 0:0, 1:1.  

Xəbər xətti