Azərbaycan dövləti məhkumların hüquq və azadlıqlarına, qanuni mənafelərinə hörmət edir

18:12 - 3 May 2018 - KİVDF

Cəzaların icrası zamanı onların hüquqi müdafiəsini və şəxsi təhlükəsizliyini təmin edir

Hüquqi dövlətdə məhkumların hüquqlarının qorunması da həmişə diqqət mərkəzində olub. Azərbaycan Respublikası insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi qəbul edərək, bu sahədə bir sıra hüquqi islahatlar həyata keçirib. Azərbaycan Respublikası beynəlxalq hüquq normalarının primatlığı prinsipini qəbul edərək, öz milli qanunvericiliyini beynəlxalq müqavilələrin normalarına uyğun təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirib. Məsələn, Azərbaycan qanun vericiliyində bildirilir ki, məhkum - barəsində cəza təyin edən məhkəmə hökmü qanuni qüvvəyə minmiş şəxsdir. Azərbaycan dövləti məhkumların hüquq və azadlıqlarına, qanuni mənafelərinə hörmət edir və onları qoruyur, məhkumlara islah edilmə vasitələrinin tətbiq edilməsinin qanuniliyini, cəzaların icrası zamanı onların hüquqi müdafiəsini və şəxsi təhlükəsizliyini təmin edir. Cəzaların icrası və çəkilməsi zamanı məhkumların qanunvericiliklə nəzərdə tutulmuş hüquq və azadlıqları təmin olunur. Məhkumların hüquq və azadlıqları yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada məhdudlaşdırıla bilər. Cəzaların icrası və çəkilməsi zamanı məhkumların əsas cəzanı insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkmək, ictimai fayadlı əməklə məşğul olmaq, istirahət etmək, pensiya və ya sosial müavinət almaq, ilk tibbi yardım daxil olmaqla, tibbi rəydən asılı olaraq ambulator və ya stasionar şəraitdə tibbi yardım almaq, öz hüquq və vəzifələri barədə, o cümlədən məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası qaydası və şərtləri barəsində məlumat almaq, tərcüməçi xidmətindən istifadə etmək,dini ayinlərin icra edilməsində iştirak etmək, hüquqi yardım almaq, təhsil almaq və peşə hazırlığı keçmək, əcnəbi, vətəndaşlığı olmayan və ya qaçqın statusuna malik olan məhkumların hüquqları, məhkumların müraciət etmək hüququ, məhkumların şəxsi təhlükəsizlik hüququ kimi hüquqları var.

Qeyd edək ki, cəzanı insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkmək hüququ məhkumların qanunla təsbit olunmuş bu hüququ onlarla rəftara həsr olunmuş beynəlxalq sənədlərin tələblərində də nəzərdə tutulub. Cəzaları icra edən müəssisə və ya orqanın işçi heyəti məhkumlara qarşı münasibətdə nəzakətli olmalıdır. Məhkumlar qəddar və ya insan ləyaqətini alçaldan rəftara məruz qalmamalıdırlar. Məhkumlara məcburetmə tədbirləri yalnız qanuna əsasən tətbiq edilə bilər. Məhkumlar, onların həyat və sağlamlıqlarını təhlükə altına qoya bilən tibbi və ya başqa təcrübələrə məruz qala bilməzlər. Onlara davranış həmin ölkənin mədəni-sivil göstəricisidir. Bu barədə  ədliyyə naziri Fikrət Məmmədob bildirib:” Cəmiyyətdə məhkumlarla davranışa münasibət ölkənin mədəni-sivil inkişaf səviyyəsinin əsas göstəricilərindədir. Bu baxımdan məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının genişləndirilməsinə xidmət edən cəza-icra qanunvericiliyinə mütərəqqi dəyişikliklərin edilməsi, onların ailə üzvləri ilə görüşmək, yazışmaq, telefonla əlaqə saxlamaq, televiziya verişlərinə baxmaq kimi hüquqlarının və gəzinti müddətinin artırılması xüsusilə təqdirəlayiqdir. Eyni zamanda, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması məqsədi ilə müasir penitensiar infrastruktur yaradılması üzrə işlər sürətləndirilib, mütərəqqi Avropa təcrübəsi nəzərə alınmaqla regionlarda yeni penitensiar komplekslərin inşası davam etdirilib” . Onun sözlərinə görə, Şəkidə belə kompleksin istifadəyə verilməsi nəzərdə tutulub. “Bu sahədə beynəlxalq və yerli QHT-lər ilə səmərəli əməkdaşlığa böyük önəm verilir. Belə ki, ötən ilin sonunda ölkəmizdə səfərdə olmuş İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) nümayəndə heyəti penitensiar sistemdə müsbət dəyişiklikləri təqdir edib, məhkumların saxlanma şəraitinin, tibbi xidmətlərin xeyli yaxşılaşdığını vurğulayıb”.  Bu onu göstərir ki, məhkumların tibbi-sanitariya təminatı hüququna önəm verilir.  Məsələn. Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə əsasən, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər.

 Məhkumların da sağlamlıq hüququnun təmin olunması milli qanunvericilik və beynəlxalq sənədlərdə təsbit olunub. Cəzaçəkmə müəssisələrində müalicə-profılaktika, sanitariya-profılaktika və sanitariya-epidemiologoya işi qanunvericiliyə, habelə cəzanın icrası qaydasına və şərtlərinə uyğun təşkil edilir və həyata keçirilir. Cəzaçəkmə müəssisələrində məhkumlara tibbi xidmət göstərmək üçün tibb-sanitariya hissələri, həmçinin yoluxucu xəstələrin, alkoqolizm və 10 narkomaniyaya düçar olanların, insan immunçatışmazlığı virusu (QİÇS) ilə yoluxmuş xəstələrin ambulator müalicəsi və saxlanılması üçün müalicə müəssisələri təşkil edilir. Cəzaçəkmə müəssisələrinin müdiriyyəti məhkumların ümumi və şəxsi sanitariya-gigiyena tələblərinə əməl etmələrini təmin edir. Yemək qəbul etməkdən imtina edən və bununla əlaqədar həyatı üçün təhlükə yaranan məhkumların tibbi rəyə əsasən məcburi qaydada qidalandırılmasına yol verilir. Cəzaçəkmə müəssisələrində məhkumlara tibbi xidmət göstərilməsi, sanitar nəzarətinin təşkili və həyata keçirilməsi, müəssisədən kənar tibb müəssisələrindən istifadə, bu məqsədlə onlara tibb işçilərinin cəlb edilməsi qaydası normativ hüquqi aktlarla müəyyən edilir. Cəzaçəkmə müəssisələrində məhkumlar tibbi məsləhət və müalicə almaq üçün pullu xidmət göstərən tibb müəssisələrinə müraciət etmək hüququna malikdirlər. Bu növ xidmətlərin, dərmanların ödəniş haqqı məhkum və ya onun qohumları tərəfindən həyata keçirilir. Belə hallarda tibbi məsləhətin verilməsi və müalicənin aparılması cəzaçəkmə müəssisəsinin tibb-sanitariya hissəsində, həmin hissənin işçilərinin müşahidəsi altında həyata keçirilir.

Nazir deyib: “Eyni zamanda, penitensiar sistemdə səmərəli ictimai nəzarət həyata keçirən İctimai Komitə tərəfindən mütəmadi olaraq cəzaçəkmə müəssisələrinə başçəkmələr edilir, məhkumlara müxtəlif hüquqi yardımlar göstərilir, onların islahında iştirak edilir. Məhkumların islahı işində onların müəssisədən kənarda idman və digər kütləvi-mədəni tədbirlərə tamaşa etmək təcrübəsinin tətbiqinə başlanılaraq yeniyetmə məhkumlar futbol üzrə yığma komandamızın dünya çempionatının seçmə oyununu stadionda izləyiblər. Təsadüfi deyil ki, penitensiar sistemdə aparılan əsaslı islahatlar və vərəmə qarşı kompleks tədbirlər nəticəsində məhkumlar arasında ölüm hadisələrinin sayının ilbəil azalması müşahidə edilib, o cümlədən vərəm xəstəliyindən ölənlərin sayı 1995-ci illə müqayisədə 35 dəfə azalmışdır”.

Məhkumların istirahət hüququ da daima diqqət mərkəzində olub. İstirahət etmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinə əsasən, hər kəsin, o cümlədən məhkumların istirahət hüququ vardır. Məhkumların iş vaxtının müddəti, əməyin mühafizəsi və istehsalat sanitariya qaydaları əmək qanunvericiliyinə uyğun olaraq müəyyən edilir. Məhkumlara istirahət günləri verilir və onlar əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada bayram günlərində işdən azad edilirlər. Məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt ümumi əmək stajına daxil edilir. Əmək stajının hesablanması təqvim ilinin yekununa əsasən, cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən aparılır. Ardıcıl olaraq əmək vəzifələrini yerinə yetirməyən, yaxud digər hallarda işdən boyun qaçıran məhkumların müvafiq dövrdəki iş vaxtları cəzaçəkmə müəssisəsinin müdiriyyətinin təqdimatına əsasən məhkəmənin qərarı ilə onların ümumi əmək stajından çıxarıla bilər. Əmək fəaliyyəti ilə məşğul olan məhkumlar hər il əmək qanunvericiliyi ilə müəyyən edilmiş ödənişli məzuniyyətdən istifadə hüququna malikdirlər. Məzuniyyətdən istifadə zamanı cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara qısa müddətli səfər etmək qaydası qanunvericiliklə müəyyən edilir. Məhkum qadınlar hamiləliyə və doğuşa görə qanunvericilikdə müəyyən edilmiş müddətə işdən azad edilirlər. İş normalarını artıqlaması ilə yerinə yetirən və ya müəyyən edilmiş tapşırıqları nümunəvi yerinə yetirən məhkumlara əmək qanunvericiliyində nəzərdə tutulmuş əlavə məzuniyyət verilə bilər. Məhkumlar əmək qanunvericiliyinə uyğun olaraq əməyin ödənilməsi hüququna malikdir.


(ardı var)

Xəbər xətti