Azərbaycan Sankt-Peterburqda keçirilən mədəniyyət festivalında iştirak edir

18:20 - 26 Aprel 2018 - Mədəniyyət

 Qafqazın müxtəlif xalqlarından olan 20 yaradıcı kollektiv bu gün Sankt-Peterburqda açılan mədəniyyət festivalında iştirak edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, proqram çərçivəsində xoreoqrafik, vokal və instrumental nömrələr, eləcə də sənət əsərlərindən ibarət sərgi nümayiş olunacaq.
"Bu proqramda Qafqazı tam əhatə etmək üçün bütün millətlərdən nömrələr nümayiş etdirilməsinə çalışmışıq. Buna görə də 15 xalqın incəsənəti və mədəniyyəti təqdim olunacaq", - Sankt-Peterburq Millətlər Evinin direktoru Yelena Kuznetsova bildirib.

Qeyd edək ki, konsertdə Azərbaycan, Gürcüstan, Dağıstan, İnquşetiya, Şimali Osetiya və Qaraçay-Çərkəzin milli-mədəni təşkilatları iştirak edəcək.

Təntənəli açılış mərasimindən əvvəl Mədəniyyət Sarayında həmçinin Qafqaz xalqlarının milli-mədəni ənənələri mövzusunda sərgi keçiriləcək. 

"Azərbaycan, Gürcüstan və Ermənistan mədəniyyətləri təqdim olunacaq. Həmçinin sankt-peterburqlu rəssam Vyaçeslav Leşyovun "Kazakların təsviri" adlı rəsm sərgisi keçiriləcək", - Y.Kuznetsova söyləyib.

Xəbər xətti