Miqrasiya ilk növbədə sosial mahiyyətli bir prosesdir

18:18 - 4 Aprel 2018 - KİVDF

O dövlət siyasətinin əsas mərkəzi obyektlərindən biridir, dövlət daxili və dövlətlərarası münasibətlərin və siyasətin obyektidir

Dünya üzrə əhali yerdəyişmələri hər zaman olduğu kimi indiki dövrdə də təbii olan, bu baxımdan forma və məzmun etibarilə zəruri, eləcə də iradələrdən asılı olmayan bir prosesə çevrilib. Miqrasiya ilk növbədə sosial mahiyyətli bir prosesdir. Lakin dövlət siyasətinin əsas mərkəzi obyektlərindən biridir, dövlət daxili və dövlətlərarası münasibətlərin və siyasətin obyektidir. Bu barədə araşdırmaçı alim Elşən Nəsibov deyib. Onun söslərinə görə, miqrasiya hüququn və qanunvericiliyin obyekti olduğundan və çoxistiqamətli hüququ (ümumiyyətlə, insan hüquqlarını, dövlət hüquqlarını) özündə cəmləşdirdiyindən bu sahənin tənzim olunması dövlət siyasətinin prioritet istiqamətlərinə çevrilir. “Miqrasiya dövlətin sosial tənzimləmə, iqtisadi tənzimləmə və demoqrafik tənzimləmə siyasətinin tərkiblərini özündə cəmləşdirən bir proses kimi əhəmiyyət kəsb edir. Miqrasiya prosesləri özündə vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin hüquqlarını daşıyan və sonda ümumdünya insan hüququna xidmət edən bir proses olaraq geniş çalar və məzmuna malikdir. Ona görə də dövlətin daxili siyasətinin obyektidir ki, burada (miqrant qəbul edən ölkədə) xarici ölkə vətəndaşlarının (əcnəbilərin), eləcə də vətəndaşlığı olmayan şəxslərin və xaricə gedən (köç edən) vətəndaşların fəaliyyəti və sosial məsələləri tənzim edilir”.

Elşən Nəsibov qeyd edir ki,  miqrasiyanın baş verməsi səbəbləri müasir qloballaşan mərhələdə dünyanın resurslarının, ilk növbədə maddi resurlarının, təbii resurslarının qeyri-bərabər şəkildə paylanılması ilə əlaqəlidir. “Miqrasiya siyasəti əsasən bu baxımdan dövlətin xarici siyasətinin tərkibi hesab olunur. Dünyanınn sənaye resurslarının və kənd təsərrüfatı məhsulları resurslarının qeyri-bərabər paylanılması da miqrasiyanın yaranmasını şərtləndirən amilər içərisində yer alır. Hər bir dövlət miqrasiya siyasəti sahəsində hüquqları tənzim etmək üçün qanunvericiliyi yaratmağa borcludur və tənzim edən dövlət qurumlarını təsis etməyi öhdəlik kimi qəbul etməlidirlər. Çünki miqrant hüququ elə insan hüquqlarının tərkib hissəsidir və xüsusi hallar olmadan hüquqlar məhdudlaşdırıla bilməz. Bu baxımdan Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində yazılır ki, Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhəddinin buraxılış məntəqəsindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Vətəndaşın ölkədən getmək hüququ yalnız bəzi hallarda məhdudlaşdırıla bilər. Bu məhdudlaşdırılmalar zəruri hallarda tətbiq olunur. Miqrasiya da ayrıca tənzimlənən bir sahə olduğundan bu sahənin tənzim olunması üçün qanunvericiliyin yaradılması mühüm şərtdir. Dövlət bütün sahələri tənzim edən və bu baxımdan da müvafiq sahələr üzrə münasibətləri və əlaqələri tənzim edən əsas qurumdur. Bu baxımdan Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin dördüncü maddəsində yazılır ki, bu məcəllə Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, ölkəyə gəlməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi, Azərbaycan Respublikasında müvəqqəti olması, onlara müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, onların qeydiyyata alınması, miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri, əmək miqrasiyası, habelə miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyyaya qarşı mübarizə sahəsində münasibətləri tənzimləyir”.

Miqrasiya Məcəlləsinin 57-ci maddəsində isə əmək miqrasiyasının dövlət tərəfindən tənzimlənməsi və bu sahədə nəzarət öz əksini tapıb. Bu maddədə bildirilir ki, dövlət əmək miqrasiyası kvotasının tətbiq edilməsi, iş icazələrinin verilməsi, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılıq verilməsi yolu ilə əmək miqrasiyasını tənzimləyir.. Müvafiq dövlət orqanları əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinin qanuniliyinə, onların sosial müdafiəsinin təmin olunmasına, hüquqi və fiziki şəxslərin əmək miqrasiyası sahəsindəki fəaliyyətlərinə nəzarəti həyata keçirirlər.

Elşən Nəsibov bildirib ki, Miqrasiya Məcəlləsinin 58-ci maddəsində Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə əmək fəaliyyəti də tənzimlənir. Bildirilir ki, 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Bunun üçün Azərbaycan Respublikasının vətəndaşları xarici hüquqi və ya fiziki şəxslərin birbaşa dəvəti, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərin vasitəçiliyi ilə və ya fərdi qaydada xarici ölkələrdə işə düzələ bilərlər. Onlar xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqda, hüquqlarının dövlət tərəfindən müdafiəsinin tam şəkildə təmin edilməsi məqsədi ilə təyinat ölkələrinə gəldikdən sonra 1 ay müddətində Azərbaycan Respublikasının həmin ölkədəki diplomatik nümayəndəliyində və ya konsulluğunda qeydiyyatdan keçməli və həmin ölkədə işləmələri barədə rəsmi sənəd təqdim etməlidirlər. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları qeydiyyatdan keçən Azərbaycan Respublikasının vətəndaşları haqqında məlumatı 1 ay müddətində müvafiq icra hakimiyyəti orqanına verirlər. Müvafiq icra hakimiyyəti orqanı bu barədə müntəzəm olaraq müvafiq icra hakimiyyəti orqanlarını xəbərdar etməlidir. Əgər xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının işlədikləri ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu olmadıqda, onlar 1 ay müddətində işləmələri barədə rəsmi sənədi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərməlidirlər.

Yuxarıda qeyd etdik ki,  Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik edə bilərlər. Bunun üçün onlar bu sahədə fəaliyyət göstərmək üçün müvafiq icra hakimiyyəti orqanından müəyyən olunmuş qaydada xüsusi razılıq almaları şərtdir. Xüsusi razılıq isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla verilir. Müvafiq icra hakimiyyəti orqanı bu barədə 5 iş günü ərzində rəy verir. Miqrasiya Məcəlləsinin 59-cu maddəsində bildirilir ki, vfasitəçilik fəaliyyətini həyata keçirmək hüququ verən xüsusi razılıq almış hüquqi şəxslər, xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə bağladıqları və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş müqavilələr əsasında Azərbaycan Respublikasının vətəndaşlarını xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb edə bilərlər. Bağlanan və təklif olunan əmək müqavilələrində Azərbaycan Respublikası vətəndaşlarının sosial müdafiəsinin beynəlxalq normalara uyğun şəkildə təmin olunması vacib tələb kimi irəli sürülür. Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər təklif olunan əmək müqaviləsinin bir nüsxəsinin əməkçi miqrant Azərbaycan Respublikasını tərk etməzdən əvvəl ona çatdırılmasını təmin etməlidirlər. Vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin göstərdikləri xidmətə görə isə əməkçi miqrantlardan haqq almalarına yol verilmir. Onu da bildirək ki, fiziki şəxslərin vasitəçilik fəaliyyəti qadağandır. Müvafiq icra hakimiyyəti orqanı vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin bu sahədəki fəaliyyətinə dövlət nəzarətini həyata keçirir. Xüsusi razılığın müddəti isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada uzadıla, qüvvəsi müvəqqəti dayandırıla və ya ləğv edilə bilər.

Xəbər xətti