Ucarda icarəçi 28 ədəd ağacı qanunsuz kəsib

16:00 - 19 Mart 2018 - Xəbər

Qanun pozuntusu ilə bağlı toplanmış materiallar Baş Prokurorluğa göndərilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ucar rayonu, Gəraybəyli kənd sakini Surxay Rəhimov tərəfindən ona məxsus istirahət mərkəzinin həyətindəki ağacların icarəçi tərəfindən qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub. Ucnoqta.az ETSN-ə istinadən xəbər verir ki, şikayət Nazirliyin əməkdaşları, şikayətçi “Göbələk” istirahət mərkəzinin sahibi və icarəçinin iştirakı ilə yerində araşdırılıb. 

Sözügedən istirahət mərkəzinin ərazisinə keçirilən baxış zamanı yaşköküstə 5-40 sm diametrliyində 28 ədəd müxtəlif cinsli (şərq çinarı, qovaq, söyüd, sərv, qarağac, tut, armud, əncir, heyva, albalı) ağacların kəsildiyi məlum olub.

Araşdırma zamanı torpaq mülkiyyətçisi S.Rəhimov yazılı izahat verərək ağacların icarədar Ucar rayon sakini Ramil Abdullayev tərəfindən kəsildiyini bildirib. Faktla bağlı akt tərtib olunub və təbiətə 4810 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Xəbər xətti