Prezident İlham Əliyev: “Bu gün Azərbaycan dünyanın 35 ən rəqabətqabiliyyətli ölkələrinin arasındadır”

14:26 - 19 Mart 2018 - Xəbər

“Biz uğurla inkişaf edirik. Azərbaycan iqtisadi sahədə də böyük uğurlara imza atıb. Bu bayramı gözəl iqtisadi nəticələrlə qarşılayırıq”.

Bunu Bakıda Novruz münasibətilə keçirilən ümumxalq şənliyində prezident İlham Əliyev çıxışında deyib. Dövlət başçısı qeyd edib ki, iki ayda ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektorunda isə 2,3 faiz artıb. Sənaye istehsalı 1,4 faiz, qeyri-neft sektorunda isə 8,4 faiz artıb: “Kənd təsərrüfatı məhsullarının istehsalı təxminən 4 faiz, əhalinin gəlirləri isə 10,2 faiz artıb. İnflyasiya 4,7 faizdir. Yəni, bizim nəzərdə tutduğumuz vəzifələr icra edilir. İki ayda valyuta ehtiyatlarımız 2,1 milyard dollar artıb və hazırda 44 milyard dollara bərabərdir. Bu, böyük rəqəmdir. Biz valyuta ehtiyatlarımızı il ərzində daha da artıracağıq. Manatın məzənnəsi sabitdir. Bütün infrastruktur layihələri uğurla icra edilir. Bir sözlə, son müddət ərzində iqtisadi siyasətlə bağlı aparılan ciddi islahatlar öz gözəl nəticələrini vermişdir. Biz bu islahatları dərinləşdirəcəyik, bundan sonra da aparacağıq və Azərbaycan iqtisadiyyatının dayanıqlığını bundan sonra da təmin edəcəyik”.

Prezident İlham Əliyevin sözlərinə görə, bu rəqəmlər özlüyündə bir göstəricidir və təbii ki, yürüdülən siyasəti, aparılan işləri göstərir. Eyni zamanda, Azərbaycan ictimaiyyəti bunu bilir.
“Bunu bir daha demək istəyirəm ki, beynəlxalq maliyyə qurumları da bizim islahatlarımızı yüksək qiymətləndirirlər. Aparıcı beynəlxalq maliyyə institutları bizim islahatlarımıza yüksək qiymət verirlər. O ki qaldı dünyanın bir nömrəli iqtisadi forumunun – Davos Forumunun hesablamalarına görə, - bu rəqəmlər dəfələrlə səslənib, bir daha səsləndirmək istəyirəm, - bu gün Azərbaycan dünyanın 35 ən rəqabətqabiliyyətli ölkələrinin arasındadır.

Bizim uğurlu iqtisadi islahatlarımız çox ciddi sosial siyasətlə tamamlanır. Həmişə demişik ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Köklü iqtisadi islahatlar bəzən sosial sahəyə mənfi təsir göstərir. Ona görə hətta əvvəlki illərdə - bir-iki il bundan əvvəl iqtisadi böhran dövründə bir dənə də olsun sosial proqram ixtisara düşməmişdir, bütün sosial öhdəliklər vaxtında yerinə yetirilmişdir. İmkanlarımız artdıqca biz dərhal sosial məsələlərə daha da böyük diqqət göstərməyə başladıq. Daha doğrusu, daha böyük maliyyə vəsaiti ayırmağa başlamışıq. Bu il büdcədən maliyyələşən təşkilatlarda əməkhaqqı 10 faiz artmışdır. Əgər biz dünya xəritəsinə baxsaq, görərik ki, indiki dövrdə nadir ölkələrdə maaşlar artır. Biz imkan daxilində bunu edirik və bundan sonra da edəcəyik. Bir daha demək istəyirəm ki, iqtisadi göstəricilərimiz müsbətə doğru getməyə başlayandan dərhal sonra biz, ilk növbədə, sosial məsələlərin həllinə o maliyyəni ayırdıq. Maaşların, müavinətlərin, pensiyaların artırılmasına bu il büdcədən yüz milyonlarla manat vəsait ayrılır. Bu, bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, bizim əsas vəzifəmiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşları daha yaxşı yaşasınlar, onların rifah halı yaxşılaşsın, Azərbaycanda iqtisadi və sosial islahatlar bir-birini tamamlayaraq ölkəmizin inkişafına xidmət etsin.

Regionlarda böyük abadlıq-quruculuq işləri görülür. Bu il icra edilən Dövlət İnvestisiya Proqramı imkan verəcək ki, bölgələrdə bir çox məsələlər öz həllini tapsın. Sosial infrastruktur, məktəblər, xəstəxanalar, idman kompleksləri, yollar, digər infrastruktur layihələri. Keçən il 500 kəndin yolu salınmışdır, bu il ən azı 600-dən çox kəndin yolu salınacaqdır. Rayonlarımızın siması gözəlləşir, abadlaşır”, deyə dövlət bildirib.

Xəbər xətti