"Kalmasoba" əsəri və Borçalı mövzusu

13:05 - 14 Mart 2018 - Ədəbiyyat

Görkəmli dövlət xadimi və yazıçı-alim İohane Baqrationinin (1788-1830-cu illər) «Kalmasoba» əsərində, o dövrün  elmi bilik ensiklopediyası olan  əsərində təbiətşünaslıq və humanitar elmlərin demək olar ki, bütün sahələrindən məlumatlar verilmişdir. Əsərdə döğma ölkənin tarixi, dili və ədəbiyyatı  barəsində orjinilal məlumatlar öz əksini tapmışdır. 

II İraklinin və XIII Georginin ( bəzi mənbələrdə XII Georgi kimi verilir) demək olar ki,  bütün ailə üzvləri  elmi yaradıcılıq ilə məşğul idilər. David, İohane və Teymuraz qardaşları mütərəqqi fikirləri ilə, məhsuldar yaradıcılıqları ilə fərqlənirdilər. Kartl- Kaxet çarlığı ləğv olunandan sonra hər üçü Rusiyaya köçməli oldu. Hər üçü Peterburqda fəaliyyət göstərmiş, elə orada da  vəfat etmişdir.

O,  Gürcüstanda bir fədakar  döyüşçü, uzaqgörən siyasətçi kimi də tanınırdı. Ağa Məhəmməd şah Qacara qarşı Krtsanis döyüşündə iştirak edərək  fədakarlıqla vuruşmuşdur.  İohane  Tiflis, Qori və Telavda ali tipli dini məktəblərinin açılmasını, qəzetlərin nəşr olunmasını, kitabxana-muzeylərin açılmasını, tədris-maarif və nəşriyyat işlərinin görülməsini lazım bilirdi.1799-cu ildə İohane  öz atası XIII Georgiyə dövlət quruculuğunda  bir sıra islahatların keçirilməsinin vacibliyi barəsində məruzə təqdim etmişdi. O öz məruzəsinin girişində  yazırdı ki, «bir çox nizam-intizamsızlıq, qeyri-qanunilik, haqsızlıq və ixtilaf demək olar ki, bütün Gürcüstan millətini məhv olma dərəcəsinə çatdırmışdır». Çar onun  bu mərüzəsini bir fəaliyyət  proqramı olaraq çox bəyənmişdi. 

O, kolleksiyaçı idi. Onun kitab və əlyazmaları kolleksiyası Peterburq Kütləvi Kitabxanasında  gürcü fondunun əsasını qoydu.  
Şahzadə İohanenin  yaradıcılıq əməyinin  ən yaxşı məhsulu «Kalmasoba»dır. Müəllifin  geniş ensiklopedik  təhsili, həyat təcrübəsi və bədiilik istedadı məhz elə bu əzəmətli əsərində öz əksini tapmışdır. Elmi məlumatları  bədii təhkiyə fonunda oxucuya bacarıqla çatdırır.  Məlumatları oxucuya nisbətən asanca çatdırmaq  və onu yormamaq məqsədi ilə  sual ilə maraqlanmanın  bədii vasitəsini  tapmışdır. Əsərin iki personajı-  İohana Xelaşvili və Zurab Qambaraşvili  süjet mehvərini yaradır. İohana Xelaşvili  real, tarixi  şəxsiyyətdir. Gürcü şahzadələri  ilə, o cümlədən  elə İohanenin özü ilə çox yaxın olan  xadim və kilsə  yazıçısıdır. Zurab Qambaraşvilinin də real şəxsiyyət olması ehtimal olunur. «Kalmasoba» əsərə əlavə verilmiş addır.  Müəllifin özü onu  «Xumarstsavla» «Həqiqətin zarafatla deyilməsi» adlandırmışdır. Bu başlıq  əsərin  məxzinə və müəllifin  məqsədlərinə - zarafatın vasitəsi ilə  oxucunun elmi biliyə  yiyələnməsinə cəhd göstərilməsi məqsədlərinə daha uyğun gəlir. «Kalmasoba»  monastr üçün qidanın  tapılması deməkdir. İohana Xelaşvili və Zurab Qambaraşvili  Gürcüstanın müxtəlif guşələrinə  kifayət qədər səyahət edirlər.  Səyahət zamanı  onlar  müxtəlif baxımdan  maraqlı yerlər ilə tanış olur, insanlarla görüşür, müxtəlif hadisələrin şahidi olurlar. Şahzadə İohane  tərəqqi baxımdan Gürcüstanın tarixi durumu, müxtəlif mühüm sosial problemlər, o cümlədən təhkimçilik  məsələsini mühakimə edir.  O, əsirgəmədən  çar  əyanları  nümayəndələrinin və tavad-aznaur ictimaiyyətinin  yüksək təbəqəsinin əxlaqsızlığını mühakimə edir. İohaneninin  əsir alverçilərinin  dəhşətli, vəhşi  adətini, istər kiçik, istərsə də böyük dövlət məmurlarının  (katiblərin, divanbəyilərin, elçilərin)  dar düşüncəliyini və savadsızlığını ifşa edir. 

«Kalmasoba»nın  elmi  hissəsi, ümumiyyətlə,  çətin, arxaik- elmi dildə  yazılmışdır.  təhkiyə hissəsinin dili  isə  səlis, rəvan və canlıdır. Onun gözəl  dialoqları əsərin həqiqi bədii bəzəyidir. Bu dialoqların  xalq  danışıq  dili normal şəkildə söhbət aparanlar tərəfindən  ifadə olunan formalarda öz əksini  tapır. 
 «Kalmasoba» əsəri müəllif tərəfindən  15 il ərzində  çəkilən gərgin əməyin bəhrəsidir.  Əslində o realist yaradıcılıq metodu ilə  yaradılmış  əsərdir. Qədim gürcü  ədəbiyyatının son və yeni gürcü ədəbiyyvatının  ilk görkəmli  ədəbi abidəsidir. 
Bu əsər bizim üçün də ona görə maraqlıdır ki, əsərin qəhrəmanları Borçalının qarış-qarış gəzərək raşılarına çıxanlar ilə söhbətlər aparır, onun görməli yerlərinə baş çəkirlər.  Müəllif bəzən azərbaycan sözlərini də işlətmişdir. Ölçü vahidi olan verts sözünü işlədəndə onu ağac sözü ilə də əvəz edir. Əsərdə «mədənçi», «eşikağası», «çaxmağ», «qızılbaş» «bardan» və «ğacarduz» («təkəlduz») sözlərini də işlətmişdir.

  Əsərin bir yerində 55 il II İrakliyə sədaqətlə qulluq edən, Borçalıda soydaşlarımız arasında öz səmimiyyəti və nəcibliyi ilə böyük hörmət-izzət qazanan Keyxosrovun İoane ilə dialoqunda müsbət keyfiyyətləri  qabarıq şəkildə özünü büruzə verir:
«Onda İohane Zurabı  mouravın naibinin yanına göndərdi, öz kimliyini ona bildirdi və qərar tutmaq  üçün evi göstərməyi xahiş etdi. O,  Zuraba cavab verdi ki, mən qəbul edə bilmərəm, özü öz işi ilə məşğul olsun.  Zurab belə bir cavabı İohaneyə catdıranda  o, inciyərək- Zurab, Zurab, atam balası, onların mourav-naibliyi müvəqqətidir-dedi. Özünü ora- bura vuraraq ev axtarmağa başladı. Bu hərəkətdə Keyxosrov Murmanişvilini gördü və ona yaxınlaşdı. İohane  cəld atdan düşdü. Şükürlər oxuyaraq Keyxosrov onu öz evinə apardı. Ordan-burdan xeyli söhbət etdilər. Şam yeməyinə çox gec oturdular. İohane pəhriz yeməklərinə əl uzatdı, Keycosrov isə ətli yeməklərə.

İohane: Bu gün bazar ertəsidir.
Keyxosrov: Bilirəm.
İohane: Bəs, onda niyə yeyirsən?
Keyxosrov: Tatarlar (azərbaycanlılır-M.M) arasında vərdiş etmişəm.
İohan: İndi ki, xristianlar arasındasan?
Keyxosrov: Vərdiş dindən güclüdür.
İohane: Bilirəm, filosoflar  vərdişi  ikinci xasiyyət adlandırırlar. Lakin insan xeyirxah işi  özünə vərdiş etməlidir.
Keyxosrov: Çar İrakliyə əlli beş il qulluq etdim və Qazax tatarları arasında xidmət etdiyimə görə məndə bu vərdiş əmələ gəldi və onların təklifinə görə orucluğa öyrəşdim ki, onlara maneçilik törətməyim və bununla da o milləti özümə sədaqətli etməyə nail oldum.
İohane: Necə lazımdır  eləcə də hərəkət edibsən. Sənin qabağına nəyi qoyublar, soruşmamalısan, elə onu da qəbul etməlisən. Bu aləmi, yeri-göyü Tanrı yaratmışdır. Bütün bu nemətlər onun ruzisidir». 

İohane Baqrationinin qardaşı şahzadə David Gürcüstan tarixi barəsindəki əsərində məhz elə bu Keyxosrovun yaxşı xüsusiyyətini  qeyd edərək yazır:
 «Xacə (Ağa Məhəmməd şah Qacar- M.M.) Sınıq körpü adlandırılan körpünü uçurmaq istəsə də Keyxosrovun  xahişi ilə onu uçurmamışdır. Keyxosrov çarın yanına gələrək bütün bunlar barəsində ona məlumat vermişdir».
Əsərin bir yerində göstərilir ki, günlərn birndə dan yeri söküləndə İohane ilə Otar atları yəhərləyib şəhərə doğrü getdilər. İohane yolda Otardan çar yanıda baş  vermiş məzəli bir əhvalatı danışmasını xahiş edir. O da belə nəql edir:
«Çar İraklinin dövründə Qızılbaşdan (İrandan-M.M.) yaxşı soydan olan bir nəfər gəldi. Çar ona hörmət edərək bir axşam şam yeməyinə dəvət etdi. Həmin qızılbaş çox kobud idi. Onun qəlyanın iyindən çarın çox zəhləsi gedirdi. Belə ki, qəlyanı tez-tez çəkirdi, evdə bərk təmbəki qoxusu əmələ gəldi. Mirzələr və başqaları fars dilində ona,- Bəsdir, qəlyanı belə tez-tez çəkmə,- dedilər.  Lakin o deyilənlərə heç də məhəl qoymadı. 
Sonra çar dedi ki, bunu məndən kim azad etsə yazşı bəxşiş verərəm.
Bu zaman Amircebi dilləndi: Mənim bir təlxək qulluqçum var. Əgər istəsəniz, o bunu buradan rədd edə bilər. 
Çar da razılıq verdi. Amircebi çıxıb mənə dedi: Otar, indi sənin çörək qazanmaq vaxtındır, çalış bu tatarı bir təhər acıqlandır ki, buradan çıxıb getsin. Həmin an Otarcığaz mənə dedi ki, içində köz olan  bir cəm, bir uzun ağac və ətirli qətran gətir.
Elə həmin an bütün bunları gətirdilər. İçində köz olan cəmi başıma qoydum. Dəsmal ilə onu dolayaraq qəlyan formasına saldım və ağacı da qoltuğuma soxdum, ətirli qətranı da içinə tökdüm və hazır vəziyyətdə durdum. Elə ki, həmin tatar: «Hey, gədə, qəlyan gətir»  ( bu kəlmə azərbaycan dilində verilmişdir). Onda tezcə özümü yetirdim, arxamı ona çevirdim. Qoltuğuma soxduğum ağacı onu ağzına soxaraq: «Buyur, ağa dedim» ( bu kəlmə də azərbaycan dilində verilmişdir).
Həmin tatar elə bunu görən kimi, hirsləndi qalxıb söyərək qapıya doğru yönəldi...»
Əsərdə rahib İohaneyə şəhəri bərabər gəzməyi təklif edir, o da razılaşaraq bərabər şəhərin mərkəzindəki bazara, əvvəlcə xarazxanaya, saracxana dükanlarına, bəzzazlara baş çəkirlər. Təkəlduzları görüb heyrətlərinlər. Bizim dilimizdə işlənən, tək əllə işləmək mənasını verən təkəlduz (Təkəldüz- bədii tikmə sənəti. Qırmızı, mavi, sürməyi, yaşıl, qara rəngli mahud və məxmər parçalar üzərində təkəldüz tikmələr işlədilir-M.M.)
sözünü müəllif gürcü dilində müəyyən dəyişikliklərə uğramış  qacarduz kimi işlədir. Sonra bəzzazlarn yanına gedir, müxtəlif parçaları gözdən keçirirlər.  Baqqallara, balıqçılara, qəssablara baş çəkirlər. Alafxanaya, nalbəndlərə, siracxanaya, kilid hazırlayan çilingərlərə, kürkçülərə baş çəkirlər. Liləxanaya, çaxmaxçılara və digər dükanlara baş çəkirlər. Nəhayət,  bazarda büiün sıraları gözdən keçirəndən sonra İohane şam yeməyi  üçün onu öz evinə dəvət edir. 
 

(ardı var)

Xəbər xətti