Evini çantasına yığıb dünyanı gəzən oğlan

12:01 - 12 Mart 2018 - Müsahibə

Elvin Quliyev: “Bir dəfə pulum qurtaranda sevinirdim ki, pul xərcləməyəcəm”

“Gecə saat 4-ün yarısı Kutaisidə bir avtobusdan məcburi düşürülürsən, göydən bir yağış yağır, gəl görəsən. Kənd yerlərində elə yağışa “quşbaşı” deyirlər. Yolda düşürüləndə nə etmək olar? Oturub ağlayası, yaxud taksiyə zəng edib “gəl məni filan yerə apar” deyəsi deyilsən ki. Odur ki, o narahatlıqda müsbət bir şey tapıb onun ardınca getməyə, zövq almağa başlayırsan. Qulaqcıqlarını taxırsan, 3-4 kilometr yolu o cür yağışda islana-islana gedirsən. Sonunda 24 saat işləyən bir kofe məkanına çatırsan. Orda bir kofe içirsən və o kofedən sonra hər şey yaddan çıxır. Bax, xoşbəxtlik o kofedir” – Bu sözləri bizimlə söhbətində gənc avtostopçu Elvin Quliyev dedi. Öz dili ilə desək, evini çantasına yığıb, dünyanı gəzir.

- 33 şəhəri 20 günə 250 manatla gəzmisiniz, elə bununla başlayaq. Necə keçdi bu səfər?
- Düzü, səfərə çıxma səbəbim qərarsızlıq idi. Hətta Bakıdan çıxarkən belə Gürcüstana nə ilə gedəcəyimi bilmirdim. Son anda metroda qərar verdim ki, avtostopla gedəcəm. Getdim çatdım, səfər yaxşı keçdi. Əsas odur ki, bu qərarsızlığa son qoydum. Düzdür, bəzi xoşagəlməz hallar da baş verdi, başıma pis şeylər gəldi, telefonum oğurlandı, soyuqdəyməm oldu, yıxıldığım, ac qaldığım hallar da oldu. Amma bunlar hamısı normal avtostopçunun başına gələn şeylərdir. Həmin 20 gün ərzində 4 il universitetdə öyrəndiklərimdən çox şey öyrəndim. Qarşımda məqsədim var, mən gəzməyi xoşlayıram, bu dəfə İstanbula gedəcəm və gəzəcəm.

- Məsələn, nələr öyrəndiniz?
- Misal üçün, özünü turist kimi göstərsən, səndən daha çox istifadə etməyə çalışacaqlar. Bunu daha yaxşı öyrəndim. Qarşına çıxan fürsətlərdən, təkliflərdən maksimum istifadə etmək lazımdır. Gürcüstanda bir neçə adam təklif etdi ki, azərbaycanlısan, gedək bizdə qal, qonağımız ol. Amma mən yox dedim. Utancaqlıq, ya çəkingənlik idi, bilmirəm. Beləcə 3 təklifə yox dedim, 4-cü təklifi almadım deyə məcbur olub gedib yataqxanada qaldım, Bu da mənə əlavə xərc oldu.

- Avtostopa nə zaman başlamısınız? İlk başlayanda qərarsızlıq oldumu?
- 2015-ci ilin avqust ayı idi, 5 nəfər dostumuzla səhər saat 6-da Lerikdə yağışa düşmüşdük. Çadırımız islanmışdı deyə, məcbur şəhər mərkəzinə gəlməli olduq. O deyirlər ki, kəşflərə ehtiyacdan tələbat yaranır. Avtostopa da orda təlabat yaranır ki, maşın, avtobus yoxdur. Meşənin ortasından keçən bir yoldur və avtostopa məcbursan. Maşınlar saxlamırdılar, hətta biri saxlayıb dedi ki, maşınıma niyə əl edirsiniz. Sonra bölündük, yolumuza davam etdik.

- Yəni, kənardan göründüyü qədər də asan deyil, maşını saxlatdırıb minib getmək kimi düşünülən qədər rahatlığı yoxdur?
- Əslində var. Bəlkə də bir az yaşlı olsan, çiynində 80-90 kiloqramlıq çantan yoxdursa, üz-gözündən səyyahlıq yağmırsa, avtostop daha asandır. Əslində, asan deyil, amma azərbaycanlılar sırf bizi yolda qoymamaq üçün maşına götürür, avtostop olduğun üçün deyil. Çoxu avtostopun nə olduğunu heç bilmir. Amma sənin çiynində 80 kiloluq bir çantan varsa, səni maşına mindirirlər, ya maddi nəsə gözləyirlər, bəzən çoxlu suallar verirlər. Bu suallar nəticəsində sürücü ilə mentalitet və dini baxışların arasında fərqli olarsa, səni maşından düşürə bilərlər. Yəni, başına hər şey gələ bilər. Fikrimcə, insan istədiyi hər bir şeyə qadir ola bilir. Yəni, istək varsa, sənə çətin gəlmir. Çətin dediyimiz şeylər əslində bacarmadığımız və cəhd etmədiyimiz şeylərdir. Mən danışanda kiməsə çətin gələ bilər, çünki həmin insanlar bunu yoxlamayıb. Amma mən dəfələrlə etmişəm, minlərlə kilomet getmişəm deyə, artıq mənin üçün adiləşib, asanlaşıb. İnsan həmişə bilmədiyi şeylərdən qorxur. Sadəcə barmağını qaldır və yaşamağa başla.

- Bizimkilər yolda qoymamaq üçün götürürlər, bəs xaricilər?
- Əslində, hər kəs yolda qoymamaq üçün götürür. Sadəcə bizimkilər bunun avtostop olduğunu dərk etmir, yolda maşınsız görüb götürürlər. Amma xaricilər işarədən anlayırlar ki, avtostopdur. Bəzi yerlər var ki, orada avtostop qadağandır, yaxud magistral yoldur, orda da olmaz. Həbsxanaların yaxınlığında olan yerlərdə avtostop qadağandır. Çünki həbsdən qaçmış dustaqlar ola bilər, bu da çox təhlükəlidir.

- Ac qalanda, xəstələnəndə yola çıxdığınıza heç peşman olursunuzmu? “Gül kimi evimdə oturmuşdum da” deyirsiniz?
- Avtostopla səyahət növü diskomfort səyahətdir. Bu diskomfortdan zövq alanlar üçündür. İnanmıram ki, avtostopçulardan kimsə başına gələn pis hadisədən peşman olsun. Bəlkə də geri qayıdan olar. Bir dəfə pulum qurtaranda sevinirdim ki, pul xərcləməyəcəm. Pulum var idi, amma olduğum ölkənin valyutası deyildi. Ən azından pulsuz yemək, yer tapmağa məcbur olursan.

- Diskomfortun verdiyi zövq nədir axı?
- Bu sualın cavabı söz və səslə izah ediləcək bir şey deyil. Gərək sizə nümunə gətirim. Gecə saat 4-ün yarısı Kutaisidə bir avtobusdan məcburi düşürülmüsən, göydən bir yağış yağır gəl görəsən. Kənd yerlərində elə yağışa “quşbaşı” deyirlər. Yolda düşürüləndə nə etmək olar, oturub ağlayası, yaxud taksiyə zəng edib “gəl məni filan yerə apar” deyəsi deyilsən ki. Odur ki, o narahatlıqda müsbət bir şey tapıb onun ardınca getməyə, zövq almağa başlayırsan. Qulaqcıqlarını taxırsan, 3-4 kilometr yolu o cür yağışda islana-islana gedirsən. Sonunda 24 saat işləyən bir kofe məkanına çatırsan. Orda bir kofe içirsən və o kofedən sonra hər şey yaddan çıxır. Bax, xoşbəxtlik o kofedir. O diskomfortu ona görə sevirsən ki, o yolun sonunda səni bir kofe gözləyir. Bu nəyə desən dəyər.

- Bizim valideynlər övladları hələ planlaşdırılmış səfərlərə gedəndə narahat olurlar. Evdəkilər sizin bu səfərlərinizə nə dərəcədə öyrəşiblər?
- Zamanla, yavaş-yavaş öyrəşirlər. Bir müddət sonra artıq qəbul edirlər ki, bizim övladımızın seçimi budur. Yaşam olaraq bunu bəyənir, hörmət etməyə məcburdurlar. Xanım dostlarımı hərdən misal gətirirəm, şəkillərini, videolarını göstərirəm ki, baxın, arzularının arxasınca gedirlər. Ona baxıb bir az təsəlli tapırlar ki, dünyamız  o qədər də təhlükəli yer deyil. Artıq onun üçün də öyrəşib, qəbul edirlər.

- Maraqlıdır, avtostopla məşğul olmağınızla bağlı ətrafdakı reaksiyalar necə olur? Çünki bunu qəbul etməyənlər də var.
- Ətrafda bizə qarşı hər cür reaksiya olur. Qınayan, dəli, axmaq deyən də olur. Məsələn, Çinə getməlisən, deyirlər ki, oturub işləsən, rahat təyyarə ilə gedib gəzib gələrsən. Amma bununla yanaşı, dəstək olanlar da var. “Belə bir uzun yola çıxırsan öz ləvazimatlarımı verə bilərəm” - deyənlər də olur. Sponsorluq etmək istəyən şirkətlər də var. Real həyatda o qədər də dəstək görmürəm, çox az bir qisim insanlardan, məni başa düşənlərdən görürəm. Daha çox dəstəyi sosial şəbədəki dostlarım verir. Bəlkə də, onları öz düşüncəmlə seçib topladığım üçündür. Məni daha yaxşı başa düşür və etdiyim şeyləri dəstəkləyirlər.

- Avtostopçularla ünsiyyətdə olanda görürsən ki, kənar fikirlə reallıq çox da üst-üstə düşmür. Böyük qismi oxuyan, özlərini inkişaf etdirən insanlardılar. Bəs bu əks fikirlər hardan yaranır?
- Əlbəttə, bu sualın cavabı böyük əminliklə dünyagörüşüdür. Fərqli mədəniyyətlər, mentalitetlər, adət-ənənələr, dini inanclar, adicə ailə-məişət münasibətləri belə fərqlidir. Düşünün ki, okeanın içində bir akvarium var və balıq o akvariumda yaşayır. Halbuki onun çıxışı var, amma o akvariumun içində böyüyüb, həyatını onun içində yaşayır, okeandakı digər balıqlardan xəbərsiz qalıb. İnsan da bunun kimidir, bir müddət kənara çıxmır, o çərçivələrin içində böyüyür və ətrafdan xəbərsiz olur. Ölkəmiz özünə nəzər yetirsək, Bakıda yaşayan insanlar bir fərqlidir, şimal regionlarda yaşayanlar bir başqa, cənubda yaşayanlar isə bir başqadır. Adət-ənənələrində, hətta dillərində, şivələrində belə fərq var.

- Avtostopçular həm də kompleksiz olurlar, əvvəldən kompleksiz biri olmusunuz, yoxsa zamanla formalaşıb?
- Düzü, əvvəldən çox az miqdarda var idi, amma çox aşırı səviyyəyə çatmamışdı. Demək olar ki, bunu özümdə yolda kəşf etdim. İnsanlar komplekslərinə görə qənaət edə bilmirlər. Məcbur lüks bir şeylər istifadə etməyə çalışırlar. Pulsuz ola biləcək şeylərə belə pul verirlər. Hətta öz hisslərini ifadə etməyə belə çəkinirlər. İstəklərini dillərinə gətirə bilmirlər, insanlar utancaqdır. Məsələn ürəyin qəflətən şiddətli dərəcədə bir şirniyyat istəyir. Bu şirniyyat gəlib sənin yanından keçir, tanışında olur, sənə təklif edir, ilk təklifə yox deyirsən, düşünürsən ki, üzsüzlükdür. Əslində elə deyil, ürəyin istəyirsə, al təşəkkür et, sənin də ürəyin yerinə gəlsin, onunku da. Bölüşmək özü də bir xoşbəxtlikdir. İnsanlar nə bu anı yaşayırlar, nə də kiməsə yaşadırlar.

- Maşın saxlayanlar arasında xanım sürücülər olurmu? 
- Xeyr, yoldaşı yanında olan sürücülər olub. Ancaq xanım sürücü rastıma çıxmayıb.

- Sizcə, niyə? Xanımlar avtostopçulara maşın saxlamırlar?
- Zənnimcə, hələ kənar ölkələri gəzmişəm ona görə qarşıma çıxmayıb. Həm ehtimal azdır, həm də daha çox İranda və Türkiyədə avtostop etmişəm. Türkiyənin daha çox şəhərlərini gəzmişəm, xanım saxlamayıb. Müsəlman qadını maşını saxlamaz. Gürcüstanda da üç maşın dəyişərək getdim. Qadın sürücünün saxlayıb götürməsi bir az çətindir. Amma düşünürəm ki, irəlidəki səfərlərimdə bu olacaq.

- Avtostopa tək gedən də olur, qrupla daha maraqlı olduğunu düşünənlər də. Bəs sizə hansı daha maraqlıdır?
- Mən avtostopu qrupla yox, tək etməyi sevirəm. Tək çıxmışdım, tək də bitirdim. Türkiyənin bəzi şəhərlərində 7 nəfərlik qrupla rastlaşdım, birlikdə avtostop etdik. O da maraqlıdır, amma uzun yollarda yox. Çünki gəzməyə başlamaq, acanda dayanmaq, istədiyin yerləri gəzmək kimi şəxsi seçimlərin olur. Qrupla olanda bunları istədiyin kimi edə bilmirsən. Bu əslində eqodan irəli gəlmir, insan öz seçimini yaşayır, özü ilə qalmağı öyrənir. Tək qalmayanda belə şeyləri öyrənmək bir az çətindir.

- İndiyə qədər avtostopla nə qədər ölkəni gəzmisiniz? 
- Öz ölkəmizlə bir yerdə, yanlışlıqla İraqın qapısından döndüyümü saymasaq, dörd ölkəni gəzmişəm, Azərbaycan, Türkiyə, Gürcüstan, İran. Azərbaycanın şəhərlərini nəzərə almasaq, yerdə qalan üç ölkənin birlikdə 33 şəhərini gəzmişəm. Azərbaycanın da hər yerində olmuşam, bircə Naxçıvanda olmamışdım, hərbi xidməti də gedib orada çəkdim.

- Yeni işə düzəlmisiniz, necədi?
- İşə düzəlmədim, bildiyiniz özümü işə saldım (gülür). Yaxşı gedir, gəzir, görür, öyrənir, sevirəm işimi. Gələcək turlarım həyatım üçün böyük təcrübə olacaq.

- Elvinin gələcək həyat yoldaşı bir avtostopçu xanım ola bilərmi?
- Əslində, niyə də yox. Bir dəfə Türkiyədə yol gedəndə sürücü sual verdi ki, nə qədər belə davam edəcəksən? Bir azdan ailə qurmaq yaşın çatacaq, kiminlə evlənəcəksən? Dedim ki, özüm kimi bir səyahətçi qızla evlənərəm. Marağımda olan, mənim kimi gəzməyi bu cür sevən biri ilə, avtostopçu yaxud dağçı ola bilər. Dedi ki, hə, belə olsa olar. Hətta bir aralar düşünürdüm ki, mənim düşüncəmdə olmayan biri ilə gələcəyimi qura bilmərəm. Ancaq bu da tam düzgün fikir deyil. Müəllim müəllimlə, həkim həkimlə evlənəcək deyə bir qanun yoxdur. Amma müəyyən bir şeylər var ki, üst-üstə düşməlidir ki, ortada anlam olsun, kəsişən xəttlərin sayı çox olsun ki, bir yerdə qırılmayasız.

- Avtostopçu xanımnla evlənmək hansı üstünlüyü qazandırar?
- Avtostopçu xanımnla evlənməyin üstün cəhəti odur ki, onlara maşını daha tez saxlayırlar. Bir dəfə bir qızı qabağa ötürdük, maşın saxladı, 7 nəfər mindik. Hətta, sürücüdən vizit kartını istəyirdi ki, qayıdanda bizi də götürərsən. Xanımlar bu cəhətdən böyük avantaja malikdirlər.

Könül Asimqızı 

 


Xəbər xətti