Venesuela XİN başçısı Azərbaycana səfərə gəlməyi planlaşdırır

00:12 - 24 Fevral 2018 - SİYASƏT

Venesuelanın xarici işlər naziri Xorxe Arreasa Montserrat Azərbaycana səfər etməyi planlaşdırır.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, X.A.Montserrat bu il aprelin 5-6-da Bakıda keçiriləcək “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransında iştirak edəcək.

Konfransda Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatlar iştirak edəcək.

Ümumiyyətlə, Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir. Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.

Qeyd edək ki, Azərbaycan 2011-ci ildə Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub. 2019-2022-ci illər ərzində Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik edəcək.

Azərbaycan 2019-cu ildə Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. Bundan əvvəlki sammit 2016-cı ilin sentyabr ayında Venesuelada keçirilib.

Xəbər xətti