Gömrükdə 1 kq-a yaxın qızıl məmulatları aşkar edilib

15:30 - 13 Fevral 2018 - Xəbər

 Bakı Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda Türkmənistan Respublikasından “Bagtyyar” gəmisi ilə Azərbaycan Respublikasına gələn Türkmənistan Respublikasının vətəndaşı Muhammet Charyyevin gömrük nəzarətindən keçdikdən sonra postun qarşısında duraraq Azərbaycan Respublikasına gələn digər sərnişinlərdən qızıl məmulatlarını qəbul etməsi barədə BBGİ Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə əməliyyat məlumatı daxil olub.

DGK-nin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, vətəndaş Charyyev Muhammet saxlanılaraq təkrarən gömrük postuna dəvət olunub və onun üzərində qızıl məmulatlarının olub-olmaması barədə sorğu-sual edilib. Keçirilən gömrük nəzarəti zamanı vətəndaş Charyyev Muhammet ümumi çəkisi 203 qram olan qızıl məmulatlarını gömrük nəzarətinə təqdim edərək bildirib ki, həmin qızıl məmulatları Türkmənistan Respublikasının vətəndaşı Moshyyeva Bıbıjemala məxsusdur və onun xahişi ilə digər üç nəfər qadın sərnişindən götürüb, sonradan isə həmin məmulatları onunla birgə “Bagtyyar” gəmisi ilə gələn və həmin qızıl məmulatlarının sahibi olan Moshyyeva Bıbıjemala təhvil verəcək. Bundan sonra Türkmənistan Respublikasından “Bagtyyar” gəmisi ilə Azərbaycan Respublikasına gələn Türkmənistan Respublikası vətəndaşları Palıvanova Oguljennetin və   Moshyyeva Bıbıjemalın üzərlərində şəxsi yoxlama aparılıb və əl çantalarına baxış keçirilib. Şəxsi yoxlama və əl çantasına baxış zamanı ümumi çəkisi 790 qram olan qızıl məmulatları aşkar olunub.
Beləliklə, hər üç vətəndaşdan ümumilikdə, cəmi çəkisi 993 qram olan qızıl məmulatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
 

 

Xəbər xətti