İnsan hüquqları və azadlıqları təmin olunur

18:10 - 26 Yanvar 2018 - KİVDF

Ombudsmanın əsas funksiyası insan hüquqları və azadlıqlarının bərpa edilməsi və insan hüquqları pozuntularının qarşısının alınmasıdır

Əsas funksiyası Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınmasıdır

Hüquqi dövlətin qurulmasının birinci şərti insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsidir. Azərbaycan 220-dən artıq beynəlxalq konvesiyaya qoşulub ki, bunların təxminən yarısı insan hüquq və azadlıqları ilə bağlıdır. Azərbaycan beynəlxalq hüquq normalarının üstünlüyü prinsipini qəbul edərək öz milli qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində geniş islahatlar həyata keçirib. Bildiyimiz kimi hüquqi, demokratik cəmiyyətin mühüm atributlarından biri insan və vətəndaş hüquqlarının qorunmasıdır. Azərbaycan bu istiqamətdə mühüm hüquqi islahatlar həyata keçirib, insan hüquq və azadlıqlarının təmin olunmasını müəyyən edən və beynəlxalq hüquq normalarına müvafiq normativ hüquqi baza yaradılıb, yeni mütərəqqi hüquq müdafiə mexanizmləri təsis edilib. Bu gün Azərbaycan Respublikasında insan hüquqları və azadlıqları hüquqi cəhətdən həm Konstitusiya və həm də qanunvericilik aktları səviyyəsində təmin olunur. Konstitusiyanın “Əsas insan hüquqları və azadlıqları” adlanan və 48 maddədən ibarət olan III fəsli insan hüquqları və azadlıqlarının geniş dairəsini nəzərdə tutur. Konstitusiyada təsbit edilən bəzi hüquq və azadlıqlar ümumiyyətlə beynəlxalq hüquq normalarda nəzərdə tutulmamışdır. Başqa sözlə, Azərbaycan Respublikasının Konstitusiyası beynəlxalq hüquq normalarında nəzərdə tutulanlardan daha çox insan hüquqları və azadlıqlarına təminat verir.

Bütövlükdə, Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi insan hüquq və azadlıqlarına dair beynəlxalq standartlara əsasən uyğundur və insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün təminatlı qanunvericilik bazası yaradır. Bu baza isə daima zənginləşdirilir. Belə səmərəli hüquq müdafiə mexanizmlərdən biri də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatıdır. 28 dekabr 2001-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanunu qəbul edilib. Bu Müvəkkil təsisatının yaradılması və fəaliyyət göstərməsi üçün maddi və hüquqi baza rolunu oynayıb. İnsan hüquqları üzrə müvəkkilin əsas funksiyası Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınmasıdır. Bu qanunun 1-ci maddəsində öz əksini tapıb. Ombudsman  “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını həyata keçirir. İşgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədi ilə o, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkir.

Qeyd edək ki, müvəkkilin fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir. Ədliyyə nazirinin müavini,II dərəcəli dövlət ədliyyə müşaviri Toğrul Musayev bu barədə deyib: “Ombudsmanın statusunun Konstitusiya Qanunu səviyyəsində müəyyən edilməsi dövlət tərəfindən onun insan haqlarının təmin edilməsi sahəsində çox mühüm rol oynayan müstəqil, qərəzsiz, siyasətsizləşdirilmiş təsisat kimi tanınmasının bariz nümunəsidir. Bu heç də təsadüfi deyil. Ombudsman təsisatı həm dövlətə, həm də cəmiyyətə lazımdır. Belə ki, insan hüquqlarının həyata keçirilməsi üçün ombudsman dövlət və cəmiyyət arasında vasitəçilik funksiyasını yerinə yetirir. Onun vasitəçilik missiyası ombudsmana bir sıra ölkələrdə verilən adlardan da görünür: Vasitəçi (Fransa), Vətəndaş müdafiəçisi (İtaliya), Xalq müdafiəçisi (İspaniya) və sair. Ombudsman cəmiyyətin maraqlarını dövlətə çatdırır, dövlət orqanlarının diqqətindən yayınan və ya yol verdiyi nöqsan və çatışmazlıqları müəyyən edir və onlara həmin nöqsan və çatışmazlıqların aradan qaldırılmasında kömək edir.

Onu da qeyd etmək lazımdır ki, Ombudsmanın fəaliyyəti pozulmuş insan hüquqlarının bərpasını təmin edən dövlət orqanlarının işindən xeyli fərqlidir. Belə ki, ombudsman rəsmiləşdirilmiş ciddi prosedur qaydalarla bağlı deyildir. Şikayətlərə baxılarkən hər hansı çəkişmə prosesinin keçirilməsi, vəkilin cəlb olunması, dövlət rüsumunun ödənilməsi tələb olunmur. Hüququ pozulmuş vətəndaş dövlət orqanlarından asılı olmayan və cəmiyyətin maraqlarını ifadə edən müstəqil və qərəzsiz müdafiəçinin-ombudsmanın köməyindən istifadə etmək imkanı əldə etmiş olur”.

Qanunda bildirilir ki, müvəkkil fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli, regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.  O əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı Azərbaycan Respublikası Prezidentinə təkliflər verə bilər. Bundan başqa, Ombudsman Azərbaycan Respublikasının Milli Məclisinə insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə qanunların qəbul edilməsinə və ya yenidən baxılmasına dair, Azərbaycan Respublikasının Milli Məclisinə amnistiya elan edilməsi barədə təklif verə bilər. Onun məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq hüququ vardır. Ədliyyə nazirinin müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Toğrul Musayev bildirib: “ Vətəndaş cəmiyyətinin mühüm təzahürü olan ombudsman dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və onları əvəz etmir (Qanunun 1.2-ci maddəsi). Yəni, insan hüquqlarının pozulma hallarını aşkar edən ombudsman həmin orqanların əvəzinə qərar qəbul etmir və yalnız öz vasitəçilik missiyasını yerinə yetirərək onların qarşısında tələb, təklif, müraciət və ya məruzə ilə çıxış edir. Ombudsmanın tövsiyələri bütün ölkələrdə yüksək qiymətləndirilir, çünki onlara "cəmiyyətin tövsiyələri" kimi baxılır. Hətta ombudsman (nümayəndə) sözünün hərfi mənası da cəmiyyətin dövlətə təsirinin artması tendensiyasını əks etdirir.
Ombudsmanın öz vəzifələrini lazımı səviyyədə yerinə yetirməsi üçün əsas şərtlərdən biri onun müstəqilliyinin təmin edilməsidir. Qanunda bütün təminatlar, o cümlədən, dəyişilməzliyi, toxunulmazlığı, hər hansı dövlət və ya yerli özünüidarə orqanı, vəzifəli şəxs tərəfindən ombudsmanın fəaliyyətinə müdaxilə edilməsinin yolverilməzliyi, maddi və sosial təminatlar öz əksini tapıb. Fövqəladə və ya hərbi vəziyyətin elan edilməsi də müvəkkilin fəaliyyətini dayandırmır və ya məhdudlaşdırmır.

Müvəkkilin toxunulmazlığı Qanuna uyğun olaraq, hətta onun vəzifədən getdikdən sonra səlahiyyətlərini həyata keçirdiyi dövrdəki fəaliyyətinə və söylədiyi fikirlərə də şamil edilir. İnsan hüquqları üzrə müvəkkilin siyasi fəaliyyətlə məşğul olmasına və hər hansı siyasi partiyanın üzvü və ya qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil olunmasına qadağa qoyulub”.
İnsan hüquq və azadlıqlarının müdafiəsinin Konstitusiya ilə nəzərdə tutulmuş digər mühüm vasitələrindən biri də vətəndaşların müraciətləridir. Konstitusiyanın 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Vətəndaşların dövlət orqanlarına müraciəti müxtəlif məsələlərə, o cümlədən onlara məxsus subyektiv hüquq və azadlıqların həyata keçirilməsinə və pozulmuş hüquqların bərpasına aid ola bilər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə baxılmalı və müraciət edən şəxsə yazılı cavab verilməlidir.
Qeyd edək ki, ombudsmanın məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq hüququ vardır.

(ardı var)

Xəbər xətti