Ana səhifə
26 May 2018

Cəlil Məmmədquluzadənin rəssam dostlarından biri olan Oskar Şmerlinq

Ölümünün 80-ci ildönümü 

Ötən yüzilin əvvəllərində iki mətbuat orqanının- “Molla Nəsrəddin” (1906, aprel) və “Füyuzat” (1906, noyabr) dərgilərinin işıq üzü görməsi Azərbaycan milli məfkurəsində böyük hadisə idi. “Molla Nəsrəddin” jurnalı, bildiyimiz kimi, böyük ədibimiz Cəlil Məmmədquluzadənin adı ilə bağlıdır. Belə ki, “Molla Nəsrəddin” jurnalı deyəndə, ilk növbədə mütəfəkkirimiz yada düşür, onun adı çəkiləndə isə “Molla Nəsrəddin” dərgisi. Cəlil Məmmədquluzadə  bu jurnalın redaktoru, tənqidi- realist üslubun və “Molla Nəsrəddin”çilik hərəkatınin başçısı olmişdur. Jurnal 1906-1918-ci illərdəTiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr olunmuşdur. Jurnalın 25 il ərzində işıq üzü görən 748 nömrəsindən, demək olar ki, yarısı, yəni 340-ı Tiflisdə nəşr edilmişdir.  Bu jurnalın maraqlı, oxunaqlı çıxması işində böyük ədibdən başqa Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əliqulu Qəmküsar, Əli Nəzmi, Mirzəli Möcüz, Məmməd Səid Ordubadi və başqa şair, yazıçı, jurnalistlərin  də böyük əməyi olmuşdur. Eləcə də rəssamlardan İozef Rotter, Oskar Şmerlinq və Əzim Əzimzadə bu jurnalın səhifələrində kəskin kariraturaları ilə çıxış edərək, onun daha da dolğun olmasına nail olmuşdur.  Mən bu yazımda Oskar Şmerlinq barəsində söhbət açacağam.

 Tanınmış boyakar, qrafik, karikaturaçı və pedaqoq Oskar Şmerlinq 1863-cü ildə Tiflisdə hərbi məmur ailəsində anadan olmuşdur.   Karikaturaçı  iti rəssam gözünü  və kəskin yumoru  erkən vaxtlarında  aşkarlayıb və onun çoxcəhətli fəaliyyətinin ən başlıca və ən səmərəli sahə karikatura oldu. Buna görə də tərcümeyi-halını onun üçün xarakterik olan yumorla və həvəslə belə sözlər ilə başlayır:” Bir əlimdə qələm, o biri əlimdə isə qamçı ilə 1763-cü ildə anadan oldum. Budur, elə bu gündən  mənim möhkəm  dost-həmdəmlərim qələm və qamşı çox əhəmiyyətli fəaliyyətim zamanı  doğma guşəmə qarşə məhəbbət hissi yaratdılar.” ( “Şeytanın qamçısı”jurnalı, 1916-cı il). 

Mənşəcə alman olan O. Şmerlinq  bütün Qafqazda və onun  hüdudlarından kənarlarda da yaxşı tanınan  sənətkar idi. Rəssam  özünü gürcü rəssam kimi hesab edirdi. Onun qızı Rene Şmerlinq xatırlayır: “ Biz, Şmerlinqlər, yerli olarar Tiflisliyik... Atam gürcü rəssamı idi...”
 O. Şmerlinq  Peterburq və Münxen rəssamlıq akademiyalarında təhsil almışdır. 1902-ci ildən Tiflis Rəssamlıq məktəbinin direktoru olmuş, Tiflisdə nəşr olunan bir sıra qəzet və jurnallara karikatura, satirik rəsm və illüstrasiyalar çəkmişdir. 1889-90-cı illər Qarabağda Xankəndində yaşayıb yaratmış, Şuşada təşkil olunan teatr tamaşalarına dekorasiyalar vermişdir.
1891-cü ildə Tiflisə qayıdır. Ailəsi ilə birlikdə Zubalaşvililər  küşəsində məskunlaşır və elə həmin vaxtdan şəhərin mədəni həyatına qaynayıb qarışır. O, adlı-canlı, maraqlı insanlarla- yazıçılar ilə, memarlar ilə, rəssamlar ilə ünsiyyət bağlayır. Onun mənzilinə tez-tez İlya Çavçavadze, Akaki Sereteli, Qoqa Qabaşvili və başqaları toplaşırdılar. 1901-cğ ildə Valerian Qunianın redaktorluğu ilə “Snobis purtseli”( “Məlumat vərəqi” qəzetinin şəkilli əlavəsi nəşr olunmağa başlayır. Onun ikinci sayında  O. Şmerlinqin  karikaturaları üzərə şıxdı. “ Mənim qələmim  fəaliyyət meydanını çox gözlədi. Mənim düşmənim   qamçını külə döndərdi və həyat əlamətini- suyunu itirərək rahatca masada dincəldi. Yalnız doqquz ildən sonra,  daha doğrusu, 1901-ci ildə A.M. Cabadarinin ağlına dahi bir fikir gəldi, gürcü karikaturasının  təməlini qoydu.  Mən qələmimin ucunu itilədim,  öz qamşımı işə saldım və budur, artıq 25 ildir ki, gürcü yumoristik mətbuatında fəaliyyət göstərirəm”.  

“Şeytanın qamçısı”,  “Sapand”, “Eşşəkarısı”, “Şeytanın tələsi”, “ Kəndin əndişəsi”adlı gürcü jurnallarında, eləcə də azərbaycan dilində nəşr olunan “Molla Nəsrəddin”  jurnalında əməkdaşlıq edirdi.
Ötən əsrin 20-ci illərində “Yeni fikir” qəzetində əməkdaşlıq etmişdir. O. Şmerlinqin satirik qrafika sahəsindəki uğurları “Molla Nəsrəddin” jurnalı ilə əlaqədardır.  Belə ki, o, 1907-1917-ci illərdə “Molla Nəsrəddin” jurnalının  əsas rəssamı olmuşdur.  Onun bu jurnaldakı fəaliyyəti  Azərbaycanda satirik qrafikanın təşəkkülü və inkişafında əhəmiyyətli rol oynamışdır.
 C. Məmmədquluzadə  xatirələrində onu minnətdarlıqla xatırlayır. Böyük ədibimiz “Molla Nəsrəddin” jurnalının birinci nömrəsi barəsində söz açaraq yazır: “Bizim birinci işimiz, birinci vəzifəmiz gözümüzün qabağında dərin yuxuda olan islam milləti idi. Və birinci növbədə əziz və nadürül  vücud olan Şmerlinq nəqqaşımızdan iltimas etdik ki, bizim bəxtiqara Şərqin yatmış millətinin qəflət yuxusunu öz ustadnamə fırçası ilə təsvir etsin. Və isəvi tarixinin min doqquz yüz altıncı ilində aprel ayının yeddisində səhneyi-intişara qoyulan birinci “Molla Nəsrəddin”in baş səhifəsində şirin yuxuda yatan millətlərin təsviri haman təsvirdir ki, vücudu bizim üçün çox qiymətli olan Şmerlinq  nəqqaşımız öz məharətli qələmi ilə onu haman tarixdə yaratdı”.
Böyük ədibin həyat yoldaşı Həmidə xanım Məmmədquluzadə “Mirzə Cəlil haqqında xatirələrim” adlı kitabında yazır: “Jurnalın şəkillərinin planını hazırladıqdan sonra Mirzə Cəlil Şmerlinqin  və Rotterin yanına gedib şəkillərin səviyyəsini onlara izah edirdi. Rotter rus dilinin çox pis bilirdi, buna görə  Mirzə Cəlil öz fikrini ona müxtəlif işarələrlə başa salır, Şeytanbazarda yaşayan tanış tipləri xatırlamağa məcbur olurdu.  Jurnalın birinci və daimi rəssamı Oskar İvanoviç Şmerlinq idi. Rotteri Mirzə Cəlilə o tövsiyyə etmişdi , çünki, şəkilləri vaxtında çəkib qurtara bilmirdi. Mirzə Cəlil rəssam Şmerlinqin xətrini çox istəyir, jurnalın müvəffəqiyyət qazanmasında onun müəyyən xidməti olmasını xüsusilə qeyd edirdi.  Şmerlinqin deyilən fikri dərhal qavrayıb gözəl karikaturalar çəkməsi Mirzə Cəlili heyran edirdi. Axı, o, sənətkar fırçasından çıxan şəkillər ilə avamların özlərini güldürürdü. Mirzə Cəlil Şmerlinqin xəcalətindən çıxmaq üçün ona nəsə bir yaxşılıq etmək arzusu ilə yaşayırdı. Təəssüf ki, Mirzə Cəlil buna nail ola bilmədi. Son zamanlaradək onlar məktublaşırdılar”.

Qocaman rəssam, Həmidə xanımın dediyi kimi, sonralar böyük ədiblə yazışdığı məktubların birində, daha doğrusu, Tiflisdən yazdığı 1923-cü il 10 oktyabr tarixli məktubunda, çox sevdiyi “Molla Nəsrəddin” jurnalını xatırlayır, onda işlədiyi günlərdən söhbət açır. Mirzə Cəlil Məmmədəli Sidqiyə yazdığı məktubda  isə Moskva Dövlət Universitetinin professoru olmuş Əziz Şərifin “Keçmiş günlər” kitabında  keçmişdə “Molla Nəsrəddin” jurnalının şəkillərini çəkən rəssam Oskar Şmerlinqin sonralar “İşıqlı yol” qəzetinin də səhifələrində müxtəlif şəkillərlə onu zinətləndirdiyi və oxucunun diqqətini cəlb etdiyini yazır.
Umumiyyətlə, bu böyük rəssam haqqında, böyük ədibimiz haqqında digər “Molla Nəsrəddin”çilərin xatirələrindən çox danışmaq olar. Odur ki, texnikanın yüksək inkişaf etdiyi, bilgisayarın geniş yayıldığı bir dövrdə onların hansı çətinliklərlə, hansı fədakarlıqla jurnal çıxardığlnı aydınca təsəvvür etmək olar. Və bütün bunları gözümüzün qabağına gətirdikcə, bu iki şəxsiyyəti, eləcə də onların bütün silahdaşlarını sevə- sevə xatırlayır, qəlbimizdə onlara qarşı dərin ehtiram duyğuları baş qaldırır.

Mirzə Məmmədoğlu 

 

Tarix
22 Yanvar 2018 [12:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin