Ana səhifə
22 May 2018

"Zeynəb Xanlarova məni AZTV-yə tapşırmışdı" —ŞOK Müsahibə

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən tanınmış müğənni Vüsal Əliyevlə müsahibənin ikinci hissəsini təqdim edir.


- Vüsal bəy, bir zamanlar toylara getmirdiniz, yaradıcılıqla məşğul idiniz. İndi isə toylara getmək qərarı vermisiniz. Belə çıxır ki, yaradıcılıqla məşğul deyilsiniz?

- (Xalis Naxçıvan ləhcəsiylə cavab verir- İ.V.) Mənə kimsə toy deyəndə, qiymət soruşur. Cavab verirəm ki, İrandan mal gətirib ziyan qoymayacağam ki, Allahın verdiyidir də. Sözləri də, musiqini də özüm yazıram. Gedib kimdənsə beş minə mahnı almıram ki (gülür). 
 

- Ümumiyyətlə, bu doğru yanaşmadırmı? Müğənni niyə sözləri, musiqini özü yazmalıdır? Hətta bir çox hallarda məclisdə tamadalıq da edirlər.

- Mənim iki yüzdən çox mahnım var. O mahnıların yüz əllidən çoxunun həm bəstəsi, həm sözləri özümə məxsusdur. O vaxt Türkiyəylə Ermənistanın sərhəddinin açılması barədə söz-söhbətlər vardı. Türkiyəyə xeyli jurnalistimiz getmişdi. Orada fürsətdən istifadə edib, vətəndaşlardan müsahibə götürmüşdülər ki, Azərbaycandan hansı sənətçiləri tanıyırsınız? "Şərq" qəzetində Tahirə xanım bir səhifəlik yazı yazmışdı. Sorğuya cavab verənlərin böyük əksəriyyəti mənim adımı çəkmişdi. İğdırda insanlar zorla əlimi öpürdülər. Qarsda kaset satılan dükana girmişəm. Soruşmuşam ki, Vüsal Əliyevin kaseti var? Deyib ki, bitib, sabah gətirəcəklər. Ardımca gəlib ki, siz Vüsal Əliyev deyilsiniz? Azərbaycanın İstanbulda "Baycan" radiosu vardı. Mənim mahnılarımı həmin radioda çox səsləndirirdilər deyə, hamı elə bilirdi ki. radio mənimdir.
 

- Sizcə, niyə Azərbaycanda qəbul olunmayan, gec qəbul edilən, yaxud "bozbaş" adlandırılan sənətçilər Türkiyədə daha tez populyarlaşır, qəbul olunur?

- Üzeyir Mehdizadəni deyin də. Bu adama hamı qulaq asırdı, heç kim boynuna almırdı. Guya ona qulaq asmaq ayıb imiş. Halbuki Üzeyir bu gün bizi təmsil edən sənətçidir. İstər Türkiyədə, istər Qazaxıstanda, Tacikistanda bizi təmsil edir.
 

- Onun ifasını bəyənirsiniz?

- Təbii ki, bəyənirəm, dostluğumuz da var. Kənarda məşhurlaşandan sonra özümüzünkünə sahib çıxırıq. Bizdə kimsə çox sevilirsə, "bozbaş"dır. Deməli, camaat dəlidir ona qulaq asır. 
 

- Bir az da musiqi təhsilinizdən danışaq...

- 1986-cı ildə dördüncü sinfi bitirib Bakıya gəlmişəm. Bakıda İncəsənət Gimnaziyasında oxumuşam. Muğamı da bilirəm, yeri gələndə oxuyuram. On yeddi albomumda cəmi bir dəfə muğam oxumuşam.

 

- Səbəb?

- Heç toylarda da məndən muğam istəmirlər. Çünki öz repertuarımı tələb edirlər. Bəzən deyirlər ki, janrını dəyiş, estrada oxu. Deyirəm, mən onu edə bilmərəm.

 

- Bəs siz oxuduğunuz janrın adı nədir?

- Türkiyədə fantazi, xalq musiqisi, arabesk, taverna, pop və sair musiqi janrları var. Bizdə muğamdı, klassikadı, qalanı "bozbaş"dı. Mən öz oxuduğuma ad qoya bilmərəm ki. Allah rəhmət eləsin Məmmədbağır Bağırzadəyə. Bu gün hamımız onun çörəyini yeyirik. Çünki toyxananı ilk dəfə o gətirib. Məmmədbağır da çox sevilir. İndi ona da həmin adı qoyaq? Azərbaycanda xalq hansı sənətçini çox istəyirsə, üzdə olan adamlar həmin ifaçını vurmağa çalışır. "Youtube"da baxıram. Əli Mirəliyevdi, Vasif Məhərrəmlidi, Rəqsanədi. Üzeyiri tənqid edirlər. Rəqsanə deyir ki, ay kişi, o vaxt Vüsal Əliyev də var idi. Vasif Məhərrəmli deyir ki, Vüsalın fanatı Üzeyirin fanatı qədər ola bilməz.
 

- Sizin məşhur olduğunuz illərdə Vasif Məhərrəmli indiki qədər tanınırdı?

- Vasif nə vaxt tanınıb ki? Bu gün çıxsınlar şəhərə müsahibə götürsünlər. Soruşsunlar ki, iyirmi ildə Vasif Məhərrəmlinin hansı mahnısı yaddaşlarda qalıb. "Bakılı qız"dan başqa hansı mahnısını xatırlayan var? Fanatlarım var ki, indiyə qədər hansı kanalda hansı verilişə çıxmışam, neçə mahnım, neçə bəstəm varsa, çağırım, hamısını desin. Vasif Məhərrəmli iki ay efirə çıxmasın. Görək nə qədər yadda qalacaq? Heç kimlə şəxsi qərəzim yoxdur. Amma reallığı demək lazımdır. Əgər lazımdırsa, konsert təşkil edək. 2001-ci ildə "Şəhriyar" mədəniyyət evində konsertim olub. Saat yarım konsertdən sonra mühafizəçilər məni direktorun otağına aparıblar. Orda isə iki saat müsahibə vermişəm, pərəstişkarlarla şəkil çəkdirmişəm.
 

- Pərəstişkarlardan eşq etirafları tez-tez olurdu?

- Mənim pərəstişkarlarla münasibətim sevgi üzərində qurulub. Hamısına böyük hörmətim var. 
 

- Bəs pərəstişkar sevgisi real münasibətə çevrilibmi?

- (gülür) Sən bizi boşandıracaqsan. O dərinliklərə getməyəcəyəm. Amma bir şeyi deyə bilərəm ki, insanlara sevgi azadlığı vermək lazımdır. İnsan sevdiyi ilə ailə qurmayanda özünü mahnılarda tapır, təskinlik axtarır.
 

- Hər sənətçinin karyerasının zirvəsi və ən populyar mahnısı olur. Sizin üçün bu hansı mahnıdır?

- Gərək əlli mahnının adını sayım. "Ana" mahnısını 1999-cu ildə oxumuşam. İstənilən toyda onu məndən istəyirlər. "Bəxtsiz gəlin" istənilir, ancaq izah edirəm ki, bura toydur, oxumaq olmaz. 

 


- Mahnılarınızın əksəriyyəti lirikadı, sözləri də bəxtsizlikdən, talesizlikdən bəhs edir. Bəs sizi toya dəvət edən insan hansı üstünlüyünüzə görə belə seçim edir?

- Albomlarımda mahnıların yarısı lirikadı, yarısı ritmik musiqilərdi. Amma şən mahnılarımda da qəm qoxusu var. Elə toy olub ki, bəy deyib, ancaq nostalji mahnıları oxuyacaqsan, dinləyəcəyik. 2002-ci ildə camaat toya beş yüzə gedəndə mən bir rayona min beş yüz manat qiymət dedim, razılaşdıq. Hər gün mənimlə birlikdə çörək yeyən sənətçi çox pis hərəkət eləmişdi. Məndən xəbərsiz həmin məclisi təzədən danışıb, yeddi yüzə getmişdi. Hazırda əməkdar artistdi. Sizə bir maraqlı əhvalat danışım. Sənətçi dostlarım zəng vurdular ki, Qubada yəhudilərin toyu var, Türkiyədən Əmrahı da dəvət ediblər. Azərbaycandan isə siyahıda ilk sənin adındır. Toyu min dollara danışdıq. Həmin vaxt tanınan müğənnilər yüz dollara məclisə gedirdilər. Toydan çıxanda başa düşdüm ki, mənim adımdan iki min dollar qonorar danışılıb, amma min dollarını bir sənətçi cibinə qoyub. 
 

- SSRİ xalq artisti Zeynəb Xanlarova sizi AZTV-də kiməsə tapşırıbmış. İstərdim ki, o haqda danışasınız.

- 2001-2004-cü illərdə çalışdığım restoranda AZTV-nin çəkilişiydi. Nailə adlı rejissor xanım mənə dedi ki, Zeynəb xanım səni bizə bərk-bərk tapşırıb. Deyibmiş ki, ondan muğayat olun. Mənim yerimə kim olsaydı, gedib sənətiylə bağlı kömək istəyərdi. Azərbaycandakı qədər İranda da sevilirəm. Amma heç vaxt İranda olmamışam. Dəfələrlə toylara çağırılmışam, sənət yoldaşlarım deyiblər ki, Vüsal xəstədir, yaxud ölkədə yoxdur. 
 

- Bir az da yaradıcılığınızdan danışaq...

- Yayda ilk albomumun çıxmağının iyirmi ili tamam olur. İyulun 25-də doğum günümdür. Bu hadisəni qeyd etmək istəyirəm. Ən sevilən vaxtlarımda beş yaşı olanın indi iyirmi beş yaşı var. Ondan güc alıram ki, əksər evlərdə məni tanıdacaq insanlar var. Aldığım mesajlardan hiss edirəm ki, hələ də sevilirəm. İyirmi ildə heç vaxt tamamilə sənətdən uzaqlaşmamışam. Son albomum 3-4 il əvvəl çıxıb. İndi nə satış, nə də satış mağazası yoxdur. 
 

- Sənət aləmində dostunuz varmı?

- Əksəriyyəti ilə münasibətimiz var. Amma toydan sonra dostluq etdiyim həmkarım yoxdur.

 

- Müğənni Xatirə İslamla duetiniz var idi...

- 2004-cü ildə "Dərdə saldı" adlı mahnı yazmışdım, beynimdən Xatirəylə oxumaq keçdi. Getdik onlarda görüşdük, sonra oxuduq, klipini çəkdirdik. Bir verilişdə Xatirə xanımdan soruşdular ki, kimlərlə duet oxumusunuz? Mənim adımı çəkmədi. Bəlkə də yadından çıxmışdı. Aynur Dadaşovayla da iki duetimiz olub. Fədayə Laçınla isə 2007-ci ildə "Sevgi deyil, xəyanətdir" adlı duetimiz oldu. Allah onun da qapısını açsın. 
 

- Nadir Qafarzadəylə yola getmədiyiniz vaxtlar olub. Səbəb nə idi? 

- Heç kimlə yola getməməmk söhbəti olmayıb. Ümumiyyətlə, harada xeyriyyə konserti olubsa, getmişəm. Bir dəfə konsertdəyik. Gördüm ki, Nadir Qafarzadə gəlir. Yaxınlaşdı, xanımlar ətəyini necə çəkir ha, bax, o cür şalvarını çəkdi və dedi ki, Vüsal, bəlkə oxumağım xoşuna gəlmir, niyə mənə salam vermirsən? (Nadir Qafarzadəni yamsılamağa çalışır- İ.V.) Heç bəlkə indi o mənə salam verməz. Siz məni qana salacaqsız e. Həmişə belə qalmaqallardan uzaq olmuşam (gülür).

 

- İncəsənət gimnaziyasında indi tanınan sənətçilərdən kimlərlə tələbə yoldaşı olmusunuz?

- Xalq artisti Samir Cəfərov, Nurlan Əzizbəyliylə birlikdə oxumuşuq. Əməkdar artisti Teymur Əmrah bizdən bir-iki sinif yuxarı oxuyub.  1993-cü ildə Son zəngdə bulvara çıxmışdıq. Hamı Nurlanı tanıyırdı. Mənim də içimdən keçirdi ki, görəsən tanınacağam? Allahın bu gününə şükür.
 

- Bildiyimə görə Şəbnəm Tovuzlunun karyerasında da müəyyən rolunuz olub...

- 2007-ci ildə "Səbuhi" studiyasından zəng vurdular ki, bir xanım sizi görmək istəyir. Getdim ki Şəbnəmdir. Dedi, albom buraxdırmaq istəyirəm. O vaxt on nəfər həvəskarın albomunu buraxmışdıq. Dedim ki, albom çıxartmaq on minə başa gələcək. Şəbnəmin bir balaca maşını vardı. Bildirdi ki, maşını satım, albom çıxardım. Ondan sonra Şəbnəmlə münasibətimiz yarandı. "Sevənlər ölməz" mahnısını hazırladıq, oxudu və tanındı. İndi də ünsiyyətimiz var. Şəbnəmlə yeni duetimiz var, təqdim etməmişik. 
 

- Ən çətin anlarınızda sənət yoldaşlarınızdan kimlər yanınızda idilər?

- Həyat yoldaşım vəfat edəndə Təranə Qumralla Musa Musayev gəlmişdi, hər zaman da münasibətimiz olub. Yusif Mustafayevlə, Niyaməddin Musayevlə də münasibətimiz yaxşıdır. 
 

- Son olaraq yaradıcılıq planlarınız haqda məlumat verərdiniz...

- Hazırda əlimdə elə layihələr var ki, onları həyata keçirmək imkanım olsa, iki ayda əvvəlki vəziyyəti geri qaytara bilərəm. Dediklərim kliplə bağlı işlərdir. Orucluq ayı mənim doğum günümdən əvvəldir. Fikrim var ki, bütün Ramazan ayını hər gün bir rayonda iftardan sonra konsert verim. Allah qismət eləsə, son konsertim Heydər Əliyev adına Sarayda olacaq. Səhəri gün də doğum günümü qeyd edəcəyəm.  Ondan sonra da əməkdar artist fəxri adı alsam, lap əla (gülür). Düşünürəm ki, əməkdar artist adı alanların çoxundan geri qalmıram. Amma məndən əvvəl fəxri ad almalı olanlar var. Məsələn, Tacir Şahmalıoğlu ad alanların çoxunu səsiylə "döyər". 

Tarix
18 Yanvar 2018 [13:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin