Ən mühüm nailiyyətlərdən biri xüsusi mülkiyyət institutu ilə bağlı təminatlar olub

18:21 - 10 Yanvar 2018 - KİVDF

Əsas Qanunda prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilib

«Konstitusiya ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələri Azərbaycan Respublikası hüquq sisteminin ayrılmaz tərkib hissəsi elan edir və nəzərdə tutur ki, Əsas Qanun və referendumla qəbul edilən aktlar istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Konstitusiyamızın insan hüquqlarının səmərəli müdafiəsinə yönəlmiş ümumi müddəaları ilə yanaşı, onun ən böyük hissəsi olan "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" fəslində müasir demokratik cəmiyyətdə təmin edilməsi zəruri olan bütün insan hüquqları və əsas azadlıqlar, onların reallaşdırılmasının ümumi mexanizmləri, həmçinin ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq qanuni məhdudlaşdırılmasının yolverilən həddi təsbit edilmişdir». Bunu Milli Məclis Sədrinin müavini Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə,  konstitusiya müddəalarının reallaşdırılması istiqamətində həyata keçirilən ən mühüm nailiyyətlərdən biri xüsusi mülkiyyət institutunun inkişafı və ümumiyyətlə mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı təminatlar olub. “Ölkədə bir neçə mərhələdə aparılmış özəlləşdirmə prosesi mülkiyyət münasibətləri subyektlərinin dairəsini xeyli genişləndirib, mülki dövriyyəni zənginləşdirib, əhalinin xüsusi mülkiyyətinin həcmini əhəmiyyətli dərəcədə artırıb”.

Qeyd edək ki, xüsusi mülkiyyət, azad sahibkarlıq və sağlam rəqabətə əsaslanan sərbəst iqtisadi münasibətlər sisteminə keçid bilavasitə mülkiyyət münasibətlərinin kökündən dəyişdirilməsi, iqtisadiyyatın liberallaşdırılması məsələlərini zəruri edirdi.  Demək olar ki, ö dövrdə əmlakın 95%-dən çoxunun dövlətin nəzarətində olduğu bir şəraitdə özəlləşdirilmə aktual məsələyə çevrilmişdir. Ümmummilii Liderin rəhbərliyi ilə hökumət səviyyəsində, iqtisadiyyatla məşğul olan elmi təşkilatlar, iqtisadçı alimlər, ictimai-siyasi təşkilatlarla aparılan müzakirələrdə mülkiyyət islahatları və dövlət əmlakının özəlləşdirilməsi iqtisadi islahatların həlledici istiqaməti kimi ön plana çıxırdı. Bu, hər şeydən əvvəl onunla izah olunurdu ki, ölkə iqtisadiyyatının ilkin özəklərini təşkil edən müəssisələr, təsərrüfat strukturları və istehsal obyektləri dövlət mülkiyyətində idilər. Belə bir şəraitdə iqtisadiyyatda sabitləşmənin, liberallaşmanın və sahibkarlığın inkişafının təmin olunması bu müəssisələrin tez bir zamanda özəlləşməsindən bilavasitə asılı idi. Bu həm də dövlət quruculuğu üçün vacib şərtlərdən biri idi. Çünki güclü dövlət, həm də güclü iqtisadiyyata əsaslanırdı. Mülkiyyətin özəlləşdirilməsi ölkəmizin özəlləşdirməqabağı iqtisadi vəziyyəti, ümumi sosial-iqtisadi göstəriciləri və tənəzzül meyilləri ilə də şərtlənirdi. Özəlləşdirmə nəticəsində 50 minə yaxın dövlət müəssisə və obyekti özəlləşdirildi. Özəlləşdirmə prosesində orta və iri dövlət müəssisələrinin çevrilməsi nəticəsində 1600-ə yaxın səhmdar cəmiyyəti yaradıldı və sonradan özəlləşdirildi. Müəssisə və obyektlərin özəlləşdirilməsindən təxminən 600 mln. manat dövlət büdcəsinə daxil oldu ki, bu da müvafiq qaydada ölkənin müəyyən sosial-iqtisadi problemlərinin həllinə yönəldildi.
Özəlləşdirmə prosesində 100-ə yaxın dövlət müəssisə və obyekti investisiya müsabiqələri vasitəsilə özəlləşdirildi və bu da müəssisələrin və cəlb edilmiş investorların fəaliyyəti üçün əlverişli şərait yaratdı. İnvestisiya müsabiqələrinin qalibləri tərəfindən həmin müəssisələrdə istehsal fəaliyyətinin bərpası, iş yerlərinin açılması yeni texnologiyaların və  idarəetmə təcrübəsinin tətbiqi məqsədilə 550 mln. ABŞ dolları məbləğində vəsait investisiya şəklində qoyuldu.
İlkin təhlillər göstərir ki, müsabiqə yolu ilə özəlləşdirilmiş keçmiş dövlət müəssisələrinin fəaliyyətində özəlləşdirmədən sonra əsaslı dönüş yaranıb, müəssisələrin istehsal ahəngi bərpa edilib, zəruri investisiyalar cəlb olunub və rəqabət qabiliyyətli istehsal-texniki və istehlak təyinatlı bir sıra məhsulların respublikamızda istehsalına nail olundu. Gələcək iqtisadi inkişafda özəlləşmə önəmli rol oynadı.
Bundan başqa, Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər öz əksini tapıb. Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunması kimi təməl prinsiplər təsbit olunub, insan hüquq və azadlıqlarının müdafiəsi isə dövlət siyasətinin əsas istiqaməti, bütün dövlət orqanlarının fəaliyyətinin əsas məqsədi kimi müəyyən edilib. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında demokratik və hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, beynəlxalq standartlara əsaslanan köklü hüquqi islahatlar insan və vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb olub. Heydər Əliyevin «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirlməsi haqqında» 1994-cü il 9 avqust tarixli Fərmanı ilə cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilib, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirilib. 
Cəmiyyətin inkişafı, yeni iqtisadi münasibətlərə keçid prokurorluğun da funksiyalarına və statusuna da yenidən baxılmasını zəruri etmişdir. Prokurorluq orqanlarının dövlətçilik maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən sivil və demokratik orqan kimi formalaşması, onun səmərəli fəaliyyətinin təşkili isə ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Naxçıvan Muxtar Respublikasınınprokuroru Səbuhi Şahverdiyev bu barədə deyib: “1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm zəmin yaratmışdır. Əsas Qanunda prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir. Ulu öndər Heydər Əliyevin müdrik dövlətçilik iradəsi ilə gerçəkləşən bu reallıq prokurorluq orqanlarının cəmiyyətdə və dövlət təsisatları sırasında olan yerini müəyyənləşdirməklə prokurorluğa dövlət səviyyəsində göstərilən ən yüksək qayğının təzahürü kimi bizdə böyük qurur hissi doğurur. Minnətdarlıq hissi ilə qeyd etmək lazımdır ki, prokurorluq orqanlırının sonrakı dövrdə də cəmiyyətdə yüksək ictiami etimad qazanması və dövlətçiliyin sadiq keşikçisinə çevrilməsi məhz ulu öndər Heydə Əliyevin rəhbərliyi altında aparılmış mütərəqqi hüquqi islahatların nəticəsidir. Bu islahatların əsas məqsədi prokurorluq orqanlarının səlahiyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə yanaşı, qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur. Qarşıda duran bu və digər məqsədlərin həyata keçirilməsi baxımından 1999-cu il 7 dekabr tarixdə qəbul olunmuş "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanunu müstəsna əhəmiyyət daşımışdır. Bu Qanun prokurorluq orqanlarının fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılması baxımından ciddi hüquqi zəmin formalaşdırıb. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının qəbul edilməsi, "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnamənin və digər normativ sənədlərin təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənmə prosesi yeni mərhələyə yüksəldilib”.

(ardı var)

Xəbər xətti