Azərbaycan diasporası Latviyadakı tədbirlərdə yaxından iştirak edirlər

18:03 - 22 Dekabr 2017 - KİVDF

Riqada Ticarət Evinin açılması Azərbaycandan Latviyaya ixracı artırmağa imkan verəcək


“Parlamentlərarası əlaqələrimiz də uğurlu inkişaf yolu keçib. İki ölkə arasında aktiv parlament diplomatiyası həyata keçirilib, qarşılıqlı səfərlər və görüşlər intensiv xarakter alıb. Hazırda Azərbaycan və Latviyanın parlamentində əməkdaşlıq üzrə müvafiq işçi qruplar fəaliyyət göstərir. 2015-ci il fevralın 26-da Latviya Seyminin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupu Xocalı faciəsinin insanlıq əleyhinə cinayət olduğunu bildirən bəyanat qəbul edib. İki ölkənin parlament sədrləri arasında yaxın işçi və dost münasibətlər yaranıb. 2016-cı ilin oktyabr ayında Latviya Seyminin sədri İnara Murniyetse Azərbaycana, 2017-ci ilin may ayında isə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Latviyaya səfər edib”. Bu sözləri Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov ölkələrimiz arasında münasibətlərin hazırkı səviyyəsi və inkişaf perspektivləri ilə bağlı deyib. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatına xarici investorları cəlb edilməsi və Azərbaycanın iqtisadi potensialını populyarlaşdırılması məqsədilə bu ölkədə bir sıra tədbirlər keçirilir. “Tədbirlərin keçirilməsində diaspora təşkilatları? Buradakı azərbaycanlı sahibkarlar yaxından iştirak edirlər”. Məsələn, bu ilin mayında  Riqada Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov Latviyada fəaliyyət göstərən azərbaycanlı sahibkarlarla, diaspora təşkilatının nümayəndələri ilə görüşüb. Görüşdə Azərbaycan ilə Latviya arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi və əmtəə dövriyyəsinin həcminin artırılması məsələləri müzakirə olunub. Azərbaycan ilə Latviya arasında siyasi dialoqun yüksək səviyyəsi barədə məlumat verən səfir vurğulayıb ki, ötən il ikitərəfli münasibətlər üçün siyasi baxımdan uğurlu olub. O qeyd edib ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın da bu cür yüksək səviyyədə olması arzu edilir.


C.Axundov azərbaycanlı diasporasının diqqətinə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əlverişli investisiya şəraiti yaradılıb, biznesin inkişafına mane olan bürokratik əngəllərin azaldılması üçün əlavə addımlar atılır. Səfir iqtisadi əlaqələri genişləndirmək və iki ölkə arasında əmtəə dövriyyəsini artırmaq imkanı yarada biləcək bir neçə layihənin, o cümlədən “ZUBR” konteyner qatarı layihəsinin adını çəkib. Azərbaycanlı sahibkarlar da öz növbəsində, iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları barədə təkliflər söyləyiblər. Xüsusi olaraq qeyd edilib ki, Azərbaycan ilə Latviya arasında daimi birbaşa aviareys açılması, heç şübhəsiz, bu məsələdə birinci dərəcəli rol oynayacaq.
Azərbaycanlı biznesmenlər Riqada Ticarət Evi açılmasının məqsədəuyğunluğunu vurğulayaraq bildiriblər ki, bu Azərbaycandan Latviyaya ixracı artırmağa imkan verəcək. Görüşdə Latviyadakı Azərbaycan diasporunun fəaliyyətini canlandırmaq məsələləri də müzakirə olunub.
Bundan başqa, bu il Avropanın bir sıra ölkələrinin Latviya ilə ticari əməkdaşlıq üzrə nümayəndələri, iri şirkətlərin rəhbərləri, biznesmenlər, bank sektorunun rəhbər işçiləri və diplomatlar Azərbaycan iqtisadiyyatına xarici investisiyanın cəlb edilməsi tədbirində iştirak ediblər. Tədbirə Azərbaycanın Latviyadakı səfirliyi lobbiçilik edib. Tədbirin əvvəlində ölkəmizin iqtisadi, aqrar, turizm və digər sahələrdə mövcud potensialına və uğurlarına aid videoçarx nümayiş etdirilib. Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov “Müasir mərhələdə Azərbaycanın iqtisadi inkişafı” mövzusunda məruzə ilə çıxış edib. O, tədbir iştirakçılarına Azərbaycan dövlətçiliyinin tarixi, enerji sektorunun yaradılması və inkişafı, ölkəmizin iqtisadi potensialı və biznes mühiti barədə məlumat verib. Səfir ölkəmizin iqtisadi uğurları barədə söhbət açaraq Azərbaycanın hərtərəfli inkişaf etməsini vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın daha da tərəqqi etməsi üçün möhkəm təməl yaradılması ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi sayəsində mümkün olub. Ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə edilməsi faktı Ümummilli Liderin dərin iqtisadi islahatlar strategiyasında xüsusi yer tutur. Daxili və xarici təzyiqlərə baxmayaraq Ulu Öndərin bu strategiyasının həyata keçirilməsi, 1994-cü ilin sentyabrında 13 şirkəti birləşdirən beynəlxalq konsorsiumla Azəri-Çıraq-Günəşli neft yataqlarının işlənməsinə dair “Əsrin kontraktı”nın imzalanması yüksək siyasi əzmkarlığın və qətiyyətin təntənəsi olub.
 

C.Axundov diqqətə çatdırıb ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycanın davamlı tərəqqisini təmin edən fəaliyyət xəttini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Ölkəmizin Prezidenti əsası ümummilli lider tərəfindən müəyyən edilmiş strategiyanı indiki mürəkkəb vəziyyətdə uğurla həyata keçirir, yeni dövrün ruhuna uyğun olaraq bu strategiyanı daha da zənginləşdirir. Ötən dövr ərzində aqrosənaye kompleksində islahatların geniş miqyas almasını qeyd edən səfir deyib ki, ölkəmizdə güclü sahibkarlar sinfi formalaşıb. Bu gün Azərbaycan özünün ərzaq təhlükəsizliyini təmin edən azsaylı ölkələrdən biridir. Səfir Azərbaycan iqtisadiyyatının bütün sektorlarını icmal şəklində nəzərdən keçirərək ölkəmizdə yaradılmış texnoloji parklar, Azərbaycanın turizm imkanları, əcnəbi sərmayədarların fəaliyyəti üçün əlverişli mühit, habelə aqrar sektorun indiki vəziyyəti barədə söhbət açıb.
Qeyd olunub ki, bu gün ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir, iqtisadiyyatın şaxələndirilmiş şəkildə inkişafı təmin edilir. Səfir qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanda turizm sektorunun gücləndirilməsini prioritet vəzifə kimi elan etməklə bu sektorun kompleks şəkildə inkişafını daim diqqət mərkəzində saxlayır.Səfirin çıxışı böyük maraqla qarşılanıb, latviyalı sahibkarlar Azərbaycanda biznes mühiti ilə bağlı çoxsaylı suallar verib.
Bu il Azərbaycanın Latviyadakı səfirliyinin və diaspora təşkilatlarının fəal iştirakı ilə keçirilən tədbirlərdən biri də Azərbaycanın Riqada 21-ci ənənəvi Milad yarmarkasında təmsil olunmasıdır. Dekabrın 2-də Riqa Dumasında Beynəlxalq Qadınlar Klubunun və 29 səfirliyin təşkilatçılığı ilə 21-ci ənənəvi Milad bazarı açılıb. Xeyriyyə bazarında müxtəlif xalqların yeməkləri və içkiləri, Milad bayramına həsr olunmuş orijinal suvenirlər, əl işləri təqdim edilib. Azərbaycanın Latviyadakı səfirliyi və diaspora təşkilatları xeyriyyə tədbirində iştirak ediblər. Ən gəlimli-gedimli pavilyonlardan biri olan Azərbaycan pavilyonunda diasporamızın səyləri ilə milli mətbəximizin yeməkləri, habelə ölkəmiz haqqında kitablar, bukletlər təqdim olunub. Yarmarkadan əldə olunan pullar xeyriyyə işlərinə yönəldilib. Riqada yaşayıb-işləyən əcnəbilər xeyriyyəçiliyə sanballı yardım göstəriblər. Milad bazarı ənənəsini öz ailələri ilə birlikdə xarici səfirlər, habelə Latviyanın tanınmış rəsmi şəxsləri, diaspora nümayəndələri dəstəkləyirlər. “Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbəri Roman Əliyev bildirib ki, bu yarmarka Azərbaycanın tanıdılması üçün çox faydalıdır və biz hər il bu tədbirdə iştirak edirik.

Xəbər xətti