Rumıniya ictimaiyyəti arasında, yerli KİV-lərdə Azərbaycan haqqında uğurlu təbliğat aparılır

18:50 - 6 Dekabr 2017 - KİVDF

Dövlətimizin apardığı uğurlu siyasi-iqtisadi, hüquqi islahatlar, əldə olunan nailiyyətlər barədə məlumatlar verilir


Rumıniya Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub.  1991-ci il dekabrın 11-də rəsmi Buxarest Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il iyunun 19-da qurulub. Bu dövrdən etibarən dövlət başçılarının qarşılıqlı səfərləri siyasi münasibətlərin yaxşılaşmasına münbit zəmin yaradıb. Hazırda ölkələrimiz arasındakı əməkdaşlıq möhkəm təməl üzərində qurulub. İki ölkə arasındakı ikitərəfli əməkdaşlıq ilə yanaşı, münasibətlərimiz hər iki dövlətin üzv olduğu beynəlxalq təşkilatlar nəzdində də qarşılıqlı dəstək şəklində aparılmaqdadır. Rumıniya birmənalı şəkildə Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır. Sərhədlərin toxunulmazlığı prinsipini əsas götürür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin obyektiv, ədalətli və beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmasının tərəfdarıdır.  Bu gün Rumıniyanın paytaxtı Buxarestdə Heydər Əliyevin büstünün ucaldılması da ikitərəfli dostluqdan irəli gəlir. Bu şəhərdə diaspora təşkilatlarımızın iştirakı ilə hər il Heydər Əliyevin anadan olmasının ildönümü tədbirlər keçirilir. Onlar Azərbaycan səfirliyinin təşkil etdiyi tədbirlərdə də fəal iştirak edirlər. Məsələn, 2017-ci ilin 11 may tarixində Rumıniyanın paytaxtı Buxarest şəhərində yerləşən “Tey Parkı - Heydər Əliyev Xiyabanı”nda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi tərəfindən anım tədbiri təşkil olunub. Tədbirdə Azərbaycanın Rumıniyadakı Səfirliyinin, “SOCAR Petrolium S.A.” şirkətinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası idarə heyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər. Ulu Öndərin xatirəsi yad edilib, büstü önünə əklillər qoyulub. Tədbir zamanı müstəqil Azərbaycan dövlətçiliyinin bərqərar olması, müstəqilliyin ilkin dövrlərində mürəkkəb siyasi böhranın sabitliklə əvəz olunması, ölkədə dinamik iqtisadi-sosial inkişafın təmin olunması, regionda və beynəlxalq aləmdə ölkəmizin mövqelərinin möhkəmləndirilməsi, Azərbaycanda demokratik-hüquqi və vətəndaş cəmiyyətinin yaradılması, dünyəvi dəyərlərə inteqrasiya sahəsində Ümummilli Liderin apardığı cəsarətli siyasətin nəticələrindən bəhs edilib, bu siyasətin bu gün də uğurla və qətiyyətlə davam etdirildiyi diqqətə çatdırılıb. 

Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti tədbirlərdə iştirak etməklə yanaşı Rumıniya ictimaiyyəti arasında, yerli KİV-lərdə Azərbaycan haqqında, onun tarixi, mədəniyyəti, incəsənəti, müstəqillik yolu, son illərdə dövlətimizin apardığı uğurlu siyasi-iqtisadi, hüquqi islahatlar, əldə olunan nailiyyətlər və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv və dolğun məlumatların mütəmadi yayılması istiqamətində səmərəli işlər aparır. Qeyd edək ki, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti  2001-ci ildə təsis olunub və həmin il, oktyabrın 31-də Rumıniyanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Onu da qeyd edək ki, 2001-ci ildən etibarən Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü və Azərbaycanın Rumıniyadakı səfirliyinin dəstəyi ilə iki xalqın ədəbiyyatının görkəmli nümunələrindən 50-dən çox kitab Azərbaycan və rumın dillərində nəşr olunub.. 

Bu gün Rumıniyada Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi də fəaliyyət göstərir. Bu nümayəndəlik iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsində böyük xidmət göstərir. Hələ 2013-cü ilin oktyabrında  Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi ilə Rumın-Amerikan Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb.  Oktyabrın 21-də Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyanın Buxarest şəhərində fəaliyyət göstərən Rumın-Amerikan Universitetinin nəzdində Azərbaycan Araşdırmalar Mərkəzi açılıb. Açılış mərasimində universitetin rektoru, müəllimlər, tələbələr, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, ARDNŞ-in Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar icmasının təmsilçiləri, diplomatik korpusun və KİV nümayəndələri iştirak ediblər. Tədbir Universitet Senatının otağında Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi ilə Rumın-Amerikan Universiteti arasında əməkdaşlıq sazişinin imzalanması ilə başlayıb. Sonra tədbirin iştirakçıları Azərbaycan Araşdırmalar Mərkəzinin yerləşdiyi “Bakı” otağının açılışında iştirak ediblər.  Bu gün Azərbaycan Araşdırmalar Mərkəzinin iki xalq arasında olan dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Bundan bir il sonra Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestdə yaradılmış, Rumın-Amerikan Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Araşdırmalar Mərkəzində fevralın 28-də Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinə başlanılıb. Açılış mərasimində Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumın-Amerikan Universitetinin rəhbər və müəllim heyəti, tələbələr, Rumıniyada yaşayan azərbaycanlılar iştirak ediblər. Mərkəzin Azərbaycan dili və ədəbiyyatı müəllimi Şəfəq Məmmədova rumın tələbələri arasında Azərbaycan mədəniyyətinə, tarixinə, dilinə və ədəbiyyatına marağın həddən artıq çox olduğunu vurğulayıb. Bildirib ki, gələcəkdə bu tələbələr Rumıniyada bir çox sahələrdə çalışıb Azərbaycanın layiqli elçiləri olacaq, iki xalq arasında mövcud əlaqələrin daha da möhkəmlənməsinə səmərəli töhfələrini verəcəklər.

Tədbir bitdikdən sonra Azərbaycan dili fənninin birinci dərsi başlayıb. Bu gün də bu səmərəli fəaliyyət davam edir. Bundan başqa, Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestin 5-ci sektorunda yerləşən "Müqəddəs Maria" uşaq evinə məişət texnikası, ərzaq və geyimdən ibarət humanitar yardım edilib. Uşaq evinin direktoru Yuliana Stoiçesku Heydər Əliyev Fondunun hər zaman ehtiyacı olan insanlara kömək etdiyini bildirib və bunun yüksək qiymətləndirildiyini söyləyib. Bütün bunlar Azərbaycana rumınlar arasında hörməti artırır.
Hər il  Azərbaycanın Rumıniyadakı səfirliyində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.  Bu il də istisnalıq təşkil etməyib. Tədbir iştirakçıları ilk olaraq Xocalı şəhərində qətlə yetirilən insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.  Çıxışlarda Azərbaycan xalqının tarix boyu erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmasından, öz tarixi topraqlarından qovulmasından, qaçqın və məcburi köçkünə çevrilməsindən və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmasından danışılıb. Tədbir iştirakçılarına “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası haqqında məlumat verilib, beynəlxalq miqyasda, o cümlədən Rumıniyada Xocalı soyqırımı ilə bağlı həqiqətlərin təbliğində diaspor üzvlərinin bundan sonra da aktiv fəaliyyətlərinin vacibliyi vurğulanıb. Sonda Xocalı soyqırımına həsr olunan film nümayiş olunub. Xocalı soyqırımı ilə bağlı səfirlik tərəfindən hazırlanan pres-reliz Rumıniyanın yerli kütləvi informasiya vasitələrinə, Rumıniya parlamentinə, rəsmi dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, Rumıniyada fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilatların nümayəndəliklərinə də göndərilib. Səfirliyin sosial şəbəkələrdə mövcud olan səhifələrində Xocalı faciəsi ilə bağlı müxtəlif məlumatlar yerləşdirilib.

Qeyd edək ki, anım tədbirində Azərbaycanın Rumıniyadakı səfirliyin əməkdaşları, “SOCAR Petroleum SA” şirkətinin nümayəndələri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası İdarə Heyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, işgüzar dairələrin nümayəndələri iştirak ediblər. 

Xəbər xətti