Misirdə Azərbaycan dili tədris olunur

22:37 - 4 Dekabr 2017 - KİVDF

Seymur Nəsirov:”Xalqımızın tarixi, zəngin mədəni irsini təbliğ edirik” 


 Azərbaycanın diaspora təşkilatları Afrikada da fəaliyyətləri ilə seçilir. Belə təşkilatlardan biri  “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyidir.  Bu təşkilat ölkəmizin təbliğində önəmli rol oynayır.  Onun  ofisində Azərbaycan dilinin tədrisinə başlanılıb. Bu barədə Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov məlumat verib. Azərbaycan dilinin tədrisi ilə yanaşı, xalqımızın tarixi, zəngin mədəni irsinin də təbliğinin həyata keçirildiyini bildirən S. Nəsirov dərslərin həftədə 2 dəfə keçirildiyini və tədris prosesinin ilkin mərhələsində Misirin Qahirə və Ayn-Şəms Universitetlərinin məzunlarının iştirak etdiyini qeyd edib. S. Nəsirov 2016-2017-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının MƏR-dəki Səfirliyinin dəstəyi ilə Qahirə Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldığını, bunun Misirin digər qabaqcıl ali təhsil müəssisələrində də təşkil ediləcəyini bildirib. Birliyin sədri bu təşəbbüsün 3-4 iyun 2016-cı il tarixində Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xaricdə yaşayan azərbaycanlıların, yetişən gənc nəslin Azərbaycana bağlı böyüməsi, Azərbaycan dilini bilməsi üçün xarici ölkələrdə həftəsonu məktəblərinin sayını artırmaq, inkişaf etdirməyin vacibliyi ilə bağlı tövsiyəsinə uyğun həyata keçirildiyini qeyd edib.  

 Bu yaxınlarda isə “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin nüfuzlu “Nil Mədəniyyət” dövlət televiziya kanalının qonağı olub. Verilişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx nümayiş olunub. Daha sonra S. Nəsirov Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıqdan söhbət açıb. “Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı bir diyardır”- deyə o qeyd edib.
S.Nəsirov Azərbaycanda olan yüksək tolerantlıq mühiti səbəbindən Misirdə keçirilən beynəlxalq səviyyəli bir çox tədbirlərə, elmi konfranslara dəvət aldığını diqqətə çatdırıb. O, 19-20 noyabr tarixində  Qahirədə “Radikalizmə qarşı birgə mübarizə və dialoqun gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq forumda iştirak edib. Azərbaycanlı alim Seymur Nəsirov forumda “Sülh içində yaşayan azərbaycanlıların uğurlu modeli” mövzusunda çıxış edərək Azərbaycandakı multikultural ənənələr barədə qonaqlara məlumat verib. O bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır. 

 Seymur Nəsirov forum iştirakçılarının diqqətinə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Azərbaycanın sadəcə bu gün deyil, ta qədimdən çoxsaylı xalqların firavan şəkildə yaşadığı ərazi olduğunu vurğulayan alim əlavə edib ki, ölkəmizdə tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir. O, həmçinin, Azərbaycanın bu uğurunun dünyanın müxtəlif ölkələrində tədris olunduğunu da qeyd edib. 
Forumdan sonra bəzi yerli və xarici telekanlların nümayəndələri multikulturalizmin Azərbaycan modeli ilə bağlı Seymur Nəsirovdan müsahibə alıblar. Bundan başqa, diaspora təşkilatlarımızın fəaliyyəti nəticəsində Misir televiziyasında Azərbaycanın turizm potensiyalı barədə maraqlı proqram diqqəti çəkib. Misir Ərəb Respublikasının birinci televiziya kanalında yayımlanan "Yarım saat turizm" verilişinin növbəti buraxılışı Azərbaycana həsr edilib. Verilişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx nümayiş olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən  bildiriblər ki, Şahzadə Məhəmməd Əli Saray-Muzeydə lentə alınmış verilişdə “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov qonaq olub. S.Nəsirov Azərbaycan ilə Misir arasındakı tarixi, siyasi, mədəni, iqtisadi və turizm əlaqələrindən söhbət açıb. Verilişdə, eyni zamanda, Misir ilə Azərbaycanın oxşar adət-ənənələrindən bəhs olunub, Misirin Azərbaycanın müstəqillik əldə etdikdən sonra diplomatik əlaqələr qurduğu ilk dövlətlərdən olması diqqətə çatdırılıb.
Bundan əlavə, Misir tarixində mühüm rol oynamış görkəmli azərbaycanlıların fəaliyyətinə də toxunulub. Misirlə Azərbaycan arasında bütün sahələr üzrə əlaqələrin daim inkişaf etdiyini bildirən S.Nəsirov mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndiyini vurğulayıb. 
“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin “əl-Fədaiyyə əl-Misriyyə” dövlət televiziya kanalının “Diplomatik səhifələr” proqramında da çıxış edib.


 Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, verilişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx nümayiş olunub. Daha sonra S.Nəsirov ölkəmiz haqqında yerli tamaşaçılara geniş məlumat verib, tariximiz, mədəni və turizm əlaqələrimizdən söhbət açıb. S.Nəsirov özünün araşdırmaları nəticəsində ərəb mənbələrində adları keçən 250 azərbaycanlı alim haqqında yazılar hazırladığını bildirib. Təqdiqatçı-alim hər iki xalqın bir-birinə qarşılıqlı təsirindən bəhs edib.
 Misirin Qahirə və Ayn-Şəms universitetlərində isə Ədəbiyyat fakültəsinin Şərq dilləri, o cümlədən Azərbaycan dili ixtisası üzrə təhsil alan yerli tələbələr arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda yazı müsabiqəsi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi və Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin birgə təşkil etdiyi müsabiqədə 29 yaşınadək olan 16 gənc iştirak edib. Onlardan 4 nəfəri müsabiqənin qalibi elan edilib. Müsabiqənin yekunları ilə əlaqədar diaspor təşkilatının ofisində keçirilən tədbirdə iştirakçılara diplomlar təqdim edilib. Qaliblər isə Azərbaycanın Gənclər və İdman, Xarici İşlər Nazirliklərinin dəstəyilə Azərbaycana bir həftəlik səfərlə mükafatlandırılıb. Tədbirdə Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin müşaviri Azər Abbas və “Vətənpərvər”- Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri tədqiqatçı alim Seymur Nəsirov çıxış edərək belə müsabiqələrin keçirilməsinin Azərbaycanla Misir arasında bütün sahələrdə olduğu kimi elm, təhsil, mədəniyyət, gənclərlə iş sahəsində də əlaqələrin daha da inkişaf etdirilməsi, ölkələrimizin yaxından tanıdılması baxımından əhəmiyyətini vurğulayıblar. Misirli gənclərin Azərbaycan dilini öyrənməsinin dolayısıyla ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası, turizm potensialı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Misir ictimaiyyətinə çatdırılmasına öz töhfəsini verəcəyinə əminlik ifadə olunub. Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbər xətti