Avropadakı azərbaycanlılar Brüsseldə aksiya keçirib

22:15 - 30 Noyabr 2017 - KİVDF

Sahil Qasımov: “Bəzi ölkələrdə onlarla diaspor təşkilatı mövcuddur və çox fəaldırlar”


 Xaricdə yaşayan Azərbaycan diaspora təşkilatları con günlər bir sıra tədbirlər həyata keçiriblər. Belə tədbirlərdən birini noyabrın 24-də Avropa Azərbaycanlıları Konqresi təşkil edib. Belçikanın paytaxtı Brüsseldə, Avropa Parlamentinin binası qarşısında keçirilmiş etiraz aksiyasında 250 nəfərə yaxın soydaşımız iştirak edib. Aksiyanın məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması ilə bağlı Avropada yaşayan azərbaycanlıların narahatlığını Avropa parlamentarilərinin diqqətinə çatdırmaqdır. Əllərində Azərbaycan bayraqları tutan mitinq iştirakçıları münaqişə nəticəsində azərbaycanlılara qarşı törədilmiş soyqırımı və terror aktları, bir milyondan çox soydaşımızn məcburi köçkünə çevrilməsi, Azərbaycan torpaqlarının 20 faizinin işğaldan azad edilməsi ilə bağlı şüarlar səsləndirib. Mitinq iştirakçıları Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regionda müstəqil siyasət yürütdüyünü vurğulayıblar. İki saat davam edən aksiyanın sonunda Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün Avropa İttifaqının, ümumiyyətlə bütün dünya birliyinin bu problemə ədalətli qiymət verməsini tələb edən bəyanat qəbul edilib. Bəyanatda Ermənistanın təcavüzkar siyasətinin regionda sülhə və sabitliyə təhlükə yaratdığı, on minlələ insanın qətlə yetirilməsinə səbəb olduğu vurğulanır. Avropada yaşayan Azərbaycan diaspor təşkilatlarının nümayəndələri Ermənistanın, habelə erməni diasporu və lobbisinin etnik düşmənçilik, millətlərarası ədavət, kin və nifrət təlqin edən fəaliyyətindən dərin narahatlığını ifadə edir və dünya dövlətlərini bu cür təşəbbüslərə qarşı adekvat addımlar atmağa çağırıb. Bəyanatda həmçinin Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımı barədə faktlar diqqətə çatdırılır və dünya dövlətlərindən "Böyük

Ermənistan" xülyasının nəticəsi kimi meydana çıxan, bölgədə təhlükəsizlik üçün böyük təhdidə çevrilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək vermək, Ermənistanın terrorçu və təcavüzkar siyasətinə son qoymaq üçün səy göstərmək tələb olunur. Qeyd edək ki, aksiyada Avropada fəaliyyət göstərən bir çox Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak edib.


Bundan bir gün əvvəl isə Avropa Azərbaycanlıları Konqresinin (AAK) nümayəndə heyəti Avropa Parlamentinin üzvləri – Sloveniyadan olan İvo Vayql, latviyalı İveta Qriqule, Rumıniyanı təmsil edən Norika Nikolai ilə görüşüb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, hər bir deputatla Avropa Parlamentinin binasında ayrı-ayrılıqda keçirilən görüşlərdə Azərbaycan həqiqətləri, Avropa İttifaqı ölkələrindəki Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, bu dövlətlərin ərazisində yaşayan və işləyən soydaşlarımızın vəziyyəti və digər məsələlərə dair müzakirələr aparılıb. Görüşdə Avropa Parıamentinin deputatlarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri, münaqişənin nəticələri, nizamlama prosesindəki mövcud vəziyyətlə bağlı ətraflı məlumat verilib, problemin təkcə Azərbaycanın deyil, bütün bölgənin təhlükəsizliyinə təhdid olduğu vurğulanıb. Avropa Parlamentinin timsalında beynəlxalq qurumları münaqişənin həlli bağlı fəallıq göstərməyə çağıran AAK üzvləri bu istiqamətdə Azərbaycan diaspor təşkilatları ilə Avropa Parlamenti üzvlərinin əməkdaşlıq perspektivlərini də geniş müzakirə edib.


Avropa Parlamentinin nümayəndələri ölkəmizlə, Azərbaycanla diaspor təşkilatları ilə əlaqələrin yaxşılaşdırılmasında maraqlı oldulqarını deyiblər. Azərbaycanın cəlb edildiyi münaqişə ilə bağlı məlumatlı olduqlarını bildirən deputatlar tezliklə münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllini tapacağına əminlik ifadə ediblər.
Görüşdə AAK İcraiyyə Komitəsinin üzvləri - AAK prezidenti Sahil Qasımov, AAK-ın vitse prezidenti Rövşən Tağıyev, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva, Finlandiya Azərbaycanlıları Assosiasiyasının sədri Vasif Murad, təşkilatın sədr müavini Arzu Oqtay və Sevil Aslanova iştirak edib.
Qeyd edək ki, Avropa Azərbaycanlıları Konqresi bundan sonra da Azərbaycanla bağlı avropalıların daha çox məlumatlar əldə etməsi üçün bir çox tədbirlər keçirmək niyyətindədir. Bu,  AAK-ın 2017-2019-cu illər üçün Fəaliyyət Proqramı və Yol xəritəsindədə nəzərdə tutulub. Bura Avropa Azərbaycanlıları Konqresinə üzv təşkilatların fəaliyyətində informasiya texnologiyalarının daha geniş tətbiq olunması, Xocalı soyqırımının tanınması istiqamətində müvafiq iş aparılması, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Avropa ölkələrində tədbirlərin təşkili daxildir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 2017-ci il 16 may tarixli Sərəncamına uyğun olaraq Avopa ölkələrində silsilə tədbirlərin keçirilməsi də öz əksini tapıb. Həmçinin, 1918-ci ildə erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı törədilmiş mart soyqırımının 100 illiyi ilə əlaqədar geniş təbliğat kampaniyasının həyata keçirilməsi, AAK-ın xüsusi mükafatının təsis edilməsi, Brüssel şəhərində qurumun Əlaqələndirici Katibliyinin ofisinin yaradılması da nəzərdə tutulur. Göründüyü kimi diaspora təşkilatımızın ölkəmiz tanıdılması üçün əhəmiyyətli olan böyük işlər görəcək və bu işlər tədbirib həyata keçiriləcəyi ölkələr üzrə dəyişəcək.. Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Sahil Qasımov bildirib ki,  Avropa ölkələrindəki diaspor təşkilatlarının fəaliyyəti ölkələrə görə dəyişir. Bəzi ölkələrdə Azərbaycan icmaları geniş şəkildə və fəal fəaliyyət göstərirlər, bəzilərində isə qənaətbəxş deyil. Məsələn, Niderland Krallığında onlarla diaspor təşkilatı mövcuddur və çox fəaldırlar. Bu ölkədəki erməni icmaları isə çox passivdir. Ona görə də burada nəinki erməni həmlələrinin qarşısı alınır, hətta əks-hücuma da keçmək olur. Məsələn, ölkənin qəlbi olan Rotterdamda Bakı küçəsinin yenidən açılması, barelyefin ucaldılması, Haaqa şəhərində Xocalı soyqırımı abidəsinin açılışı, Niderlandın Milli Qəhrəmanı həmyerlimiz Məmməd Məmmədovun (“Medo”) heykəlinin ucaldılması, onun adına küçənin olması və s. buna misaldır. Bu, Avropada azərbaycanlılar üçün kiçik məsələ deyil. Fransada, Skandinaviya, Şərqi Avropa ölkələrində və digər bir çox ölkələrdə icmalarımız fəaldırlar. Amma Avropanın bəzi ölkələrində sırf mədəni tədbirlər həyata keçirilir, siyasi tədbirlərə yer verilmir. Təbii ki, bu ölkələrdə də erməni təşkilatları daha fəal surətdə fəaliyyət göstərirlər. Güclü diaspor liderlərimiz olan ölkələrdə azərbaycanlılar arasında birliyi saxlamaq çətin olmur və burada hər hansı problem görmürəm. Bəzi ölkələrdə azərbaycanlıların ailə təşkilatları və sırf regional prinsiplərə dayanan təşkilatlar gözə çarpır. Adətən, bunların da ömrü uzun olmur, fəaliyyətləri dar çərçivədə yürüyür. İndi əsas məqsədimiz bu ölkələrdə onların fəaliyyətini genişləndirmək, həmin ölkələrin müxtəlif sahələrində diaspora təşkilatlarımızın mövqeyini möhkəmləndirməkdir. Fəaliyyət Proqramımızda bu məsələyə önəm vermişik.

 Onun sözlərinə görə, gənclər təşkilatlarının diaspor təşkilatları daxilində daha çox fəaliyyət göstərməsi lazımdır. “Diaspor təşkilatlarına söykənməyən və onun daxilində olmayan gənclər təşkilatları bəzən dəryada istiqamətini itirən, yelkənsiz qayığa bənzəyir və sonunda yox olurlar. Bəzən də digər sahillərə yan alırlar. Ailə təşkilatları böyük diaspor cəmiyyətlərinin tərkibinə daxil olmalıdırlar. Bu, onları daha da güclü edər. Əks təqdirdə heç bir fəaliyyətdən söhbət gedə bilməz. Eyni regionlarda fəaliyyət göstərən təşkilatlar konqreslərdə və federasiyalarda birləşərsə, daha effektiv fəaliyyət əldə etmək olar”

 

Xəbər xətti