“Bəzi insanlar qəyyumluğa uşaq götürməklə övladlığa uşaq götürməni qarışdırır”

19:31 - 24 Noyabr 2017 - Cəmiyyət

Cavid İmamoğlu: “Hər bir qəyyum ailəyə mütəmadi səfərlər olmalı, görüşlər keçirilməli, qiymətləndirmələr aparılmalı və vəziyyət təhlil olunmalıdır”

Seymur Məmmədov: “Əgər qəyyum vəzifələrini icra etmirsə məhkəməyə müraciət oluna bilər”


 Qəyyumluğa və himayəyə uşaq götürmə təcrübəsindən dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda istifadə olunur. Amma bir çox hallarda yerli vətəndaşlar bu prosesin çətin olduğunu deyirlər. Bəzi insanlar isə qəyyumluğa və himayəçiliyə uşaq götürməklə övladlığa uşaq götürməni qarışdırırlar. Bəs əslində bu proseslər necə aparılır və bununla bağlı hansı mərhələlərdən keçmək lazımdır?
 Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov bildirdi ki, bir çox hallarda qəyyumluq və himayəçiliklə övladlığa götürmə anlayışları səhv salınır. Bunlar tam fərqli anlayışlardır və qanunla fərqli prosedurlar əsasında həyata keçirilirlər. Qəyyumluq və himayəçiliklə bağlı məsələlər müvafiq qanunvericiliklə, xüsusilə də, Mülki və Ailə məcəllələri ilə tənzimlənir: “Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi və eyni zamanda yetkinlik yaşına çatmayanlar üzərində onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir”.
Vəkilin sözlərinə görə, qanunvericilikdə qəyyum və himayəçi anlayışları da özünəməxsus xüsusiyyətlərinə görə fərqləndirilir. Belə ki, qanuna görə 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar və psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan fiziki şəxslər üzərində qəyyumluq təyin edilir: “Təyin olunmuş qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur, onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri bağlayırlar. Himayəçilər isə 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində təyin oluna bilər. Himayəçilər himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verməklə yanaşı həm də, himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və vəzifələrini icra etməkdə köməklik göstərir, onları üçüncü şəxslərin sui-istifadəsindən qoruyurlar”.


 X.Bəşirov dedi ki, qanunvericiliyə əsasən qəyyumluqda və himayədə olanların yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan bu məsələnin üç ay ərzində həll olunmasını, qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrinin icra edilməsini və eyni zamanda qəyyumların və himayəçilərin bütün fəaliyyətinə nəzarət edilməsini həyata keçirir: “Qəyyumlar və himayəçilər yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən onların özlərinin razılığı ilə təyin edilir. Lakin, bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkün olduğu qədər, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır. Valideynlik hüquqlarından məhrum edilmiş fiziki şəxslər qəyyum və himayəçi təyin oluna bilməzlər. Qanunvericiliyə görə qəyyumluq və himayəçilik vəzifələri, qanunla nəzərdə tutulmuş bəzi hallar istisna olmaqla əvəzsiz icra edilir və yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri əsasən öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar. Özlərinin qəyyumluğunda və ya himayəsində olanların saxlanması, onlara baxılmasının və müalicəsinin təmin edilməsi, təhsil alması və tərbiyələnməsi, qayğısına qalınması, onların hüquq və mənafelərinin lazımınca qorunması qəyyum və himayəçilərin qanuni borclarıdır”.


Vəkil qeyd etdi ki, qəyyumluqda və himayədə olan şəxslərin əmlakı və gəlirləri ilə bağlı məsələlər də qanunla müəyyən olunmuş qaydada tənzimlənir. Belə ki, qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsi ilə bağlı ona gələn gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız qəyyumluqda və ya himayədə olanın maraqları naminə xərclənə bilər və eyni zamanda bunun üçün qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmalıdır. Qabaqcadan  bu icazə olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər. Eyni zamanda qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz,  himayədə olanın himayəçisi isə bu cür əqdlərin bağlanmasına razılıq verə bilməz”.
X.Bəşirov əlavə etdi ki, qəyyumluqda və ya himayədə olan uşaqların övladlığa götürülməsi üçün qəyyumların və himayəçilərin yazılı razılığı olmalıdır: “Yetkinlik yaşına çatmayan şəxs valideynlərinə qaytarıldıqda və ya övladlığa götürüldükdə, habelə qəyyumluqda olan müvafiq tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisəsinə və ya digər oxşar müəssisəyə yerləşdirildikdə qəyyumluq və himayəçilik orqanı bundan əvvəl təyin edilmiş qəyyumu və ya himayəçini, əgər bu, qəyyumluqda olanın mənafelərinə zidd deyilsə, öz vəzifələrinin icrasından azad edir. Eyni zamanda da xəstəlik, əmlak vəziyyətinin dəyişməsi, qəyyumluqda olanla qəyyum arasında qarşılıqlı anlaşmanın pozulması kimi üzrlü səbəblər olduqda qəyyum və ya himayəçi öz xahişi ilə vəzifələrinin icrasından azad edilə bilər”.

 
Vəkil dedi ki, Mülkü Məcəlləyə əsasən, qəyyumluqda olan azyaşlı 14 yaşına çatdıqda onun üzərində qəyyumluğa xitam verilir, qəyyum vəzifələrini həyata keçirmiş fiziki şəxs isə yetkinlik yaşına çatmayanın himayəçisinə çevrilir: “Qəyyumluqda olan yetkinlik yaşına çatmayan şəxs 18 yaşına çatdığı, habelə nikaha girdiyi və yetkinlik yaşına çatanadək tam fəaliyyət qabiliyyəti əldə etdiyi digər hallarda yetkinlik yaşına çatmayan üzərində himayəçiliyə hər hansı əlavə qərar çıxarılmadan xitam verilir”.
X.Bəşirov bildirdi ki, qəyyumluğa götürmə uşağın yaşayış yeri üzrə aparılır: “Yəni, xaricdə yaşayan azərbaycanlı Azərbaycandan olan uşağı qəyyumluğa deyil, övladlığa götürə bilər. Buna nəzarət Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsi tərəfindən həyata keçirilir. Lakin Azərbaycan Respublikasının burada yaşayan vətəndaşları tərəfindən övladlığa götürülməsinə isə rayon-şəhər icra hakimiyyəti qəyyumluq və himayəçilik orqanları nəzarət edir”. 
Sosioloq Cavid İmamoğlu bildirdi ki, uşaqların qəyyumluğa götürülməsi praktikasından dünyada geniş istifadə olunur. Bu bir uşağın ailə mühitində böyüməsi deməkdir: “Qəyyumluğa götürülən uşaqların müdafiə olunması və onlara nəzarət həyata keçirilməlidir. Azərbaycanda icra hakimiyyətlərinin nəzdində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya var. Əgər burada yanaşma dəyişərsə, tutaq ki, sosial işin yanaşması tətbiq edilərsə, hər bir uşağa fərdi yanaşma olarsa, onların ehtiyacları nəzərə alınarsa, uşağın inkişafına töhfə verəcək mühit nəzərə alınarsa, o uşaqların həyatı və inkişafı üçün heç bir təhlükə olmaz. Əgər nəzarətdən qalarsa, məsələn, uşağın həyatı üçün olan təhlükələr, valideynlərin uşaqları ilə ünsiyyəti və s. bu kimi faktorlar nəzərə alınmazsa, təbii ki, uşaqlar qəyyumluq dövründə zorakılığa məruz qala, inkişafdan da qala bilərlər. Yəni, bir növ qəyyumlar uşaqlardan istifadə edə bilərlər. Ona görə də burada uşaq müdafiəsi yanaşması ortaya qoyulmalı, hər bir qəyyum ailəyə mütəmadi səfərlər olmalı, görüşlər keçirilməli, qiymətləndirmələr aparılmalı, vəziyyət təhlil olunmalıdır”.


 Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin nümayəndəsi Seymur Məmmədov bildirdi ki, ölkəmizdə qəyyumluğa və himayəyə götürmə Ailə Məcəlləsi, Mülkü Prosessual Məcəllə və buna bərabər digər normativ hüquqi aktlarla tənzimlənir: “Qəyyumluq 14 yaşa qədər, himayəçilik isə 14-18 yaşa qədər fəaliyyət qabiliyyətli, yaxud tam fəaliyyət qabiliyyəti olmayan uşaqlar üzərində təyin edilir. Bunun məqsədi həmin şəxslərin hüquq və mənafelərini qorumaq və müdafiə etməkdir. Qəyyumluq məsələlərinə bilvasitə nəzarəti yerli icra hakimiyyətinin qəyyumluq və himayəçilik orqanları edir. Yəni, qəyyum olan şəxslər qəyyumluğunda olan insanlara hansı formada nəzarət edirlər, onların qayğısına necə qalırlar? və s. öhdəliklərə nəzarət edirlər”. 
S.Məmmədov dedi ki, qəyyum və himayəçinin öhdəliyində hər hansı bir problem aşkarlanarsa, bu zaman qəyyum və himayəçilik orqanı prokurorluğa müraciət edə bilər: “Əgər qəyyum təyin edilmiş şəxs məqsədli şəkildə qəyyumluğa götürdüyü şəxsin əmlakından istifadə edirsə, onun qayğısına qalmır və ona hər hansı bir zərər yetirirsə, vəzifələrini icra etmirsə qəyyumluğun ləğvi ilə bağlı məhkəməyə müraciət oluna bilər”. 
S.Məmmədov əlavə etdi ki, xarici dövlətdən də qəyyumluğa və himayəyə götürmə ilə bağlı müraciətlər olur: “Azərbaycanla hər hansı bir MDB ölkələri arasında qəyyumluqla bağlı məsələ qaldırılırsa, qəyyumluğa və himayəyə götürülən şəxsin yaşadığı yerin qəyyumluq və himayə orqanı ilə qəyyum təyin edilən şəxsin yaşadığı ölkədənin idarəsi arasında bağlanılır”. 


Könül Əhmədova

Xəbər xətti