“Məqsədimiz mədəniyyətimizin təbliğinə kömək etməkdir”

19:50 - 17 Noyabr 2017 - KİVDF

Azərbaycanlı gənclər  Ermənistanın Tbilisidəki səfirliyi qarşısında aksiya keçiriblər


Bu gün Gürcüstanda azərbaycanlıların yaratdığı bir sıra diaspora təşkilatları fəaliyyət göstərirrir. Onlardan biri də bu ilin əvvəlində yaradılıb. Diaspor.az -ın xəbərinə görə “Şəxsi İnkişaf  Universiteti” adlanan yeni təşkilat aprelin 5-də ictimaiyyətə təqdim olunub. Tədbirdə bildirilib ki, gənclərin təhsili, mədəniyyəti, inteqrasiyası kimi məqsədləri hədəfləyən təşkilat rəsmi dövlət qeydiyyatından keçib. Təşkilatın təsisçilərindən olan Rəşan Ziyadəliyev deyib ki, bu gün Gürcüstanda müxtəlif gənclər təşkilatları var. Yeni təşkilatın əsas məqsədi gənclərin təhsil almaq imkanlarını artırmağa, mədəniyyətimizin təbliğinə, insanların Gürcüstan və Avropa cəmiyyətlərinə inteqrasiyasına kömək göstərməkdir. Bunun üçün gürcü və azərbaycanlı tələbələrin birliyinə nail olacağıq. Təşkilat müxtəlif universitetlərdə təhsil alan, kreativ ideyalı gəncləri ətrafında birləşdirəcək və müəyyən olunmuş istiqamətlər üzrə layihələr hazırlayaraq həyata keçirəcək. Hazırda bu ölkədəki gənclər təşkilatları kifayət qədər fəaldılar. Məsələn, bu günlərdə  azərbaycanlı gənclər  Ermənistanın Tbilisidəki səfirliyi qarşısında aksiya keçiriblər. Bu aksiyada “Şəxsi İnkişaf Universiteti”nin üzvləri də iştirak edib. Aksiyada "Girovlara azadlıq!”, "İşğal son! şüarları səsaləndirilib. Tədbir metronun Marcanişvili stansiyası qarşısından yürüşlə başlayıb. Aksiyada Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda girov götürülmüş və separatçı Dağlıq Qarabağ rejiminin qeyri-qanuni məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələb olunub. "Azərbaycanlı girovlara azadlıq!”, "Ermənistanın işğalına son!" şüarları altında keçirilən tədbirə azərbaycanlıların yerli təşkilatlarının nümayəndələri, azərbaycanlı fəal gənclər və tələbələr qatılıb.
Aksiyada iştirak edən D. Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib ki, artıq 4 ildir azərbaycanlı girovlar qanunsuz olaraq erməni girovluğunda saxlanılır. O qeyd edib ki, aksiyanın keçirilməsində məqsəd dünya ictimaiyyətini azərbaycanlı girovların taleyinə biganə qalmamağa çağırmaqdır. Tbilisi meriyası ilə razılaşdırılmış aksiya zamanı heç bir insident olmayıb.
Bu il Gürcüstanda diaspor təşkilatlarının keçirdiyi tədbirlərdən biri də iyunun 21-də baş tutub. Həmin gün Tbilisidə M.F.Axundzadənin anadan olmasının 205 illiyinə həsr olunmuş “Poeziya gecəsi” keçirilib. Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin və “Şəxsi İnkişaf Universiteti” QHT-nin birgə təşkil etdiyi tədbirdə Gürcüstanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr, elm, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirin keçirildiyi salonda Azərbaycanın mədəniyyət və incəsənət nümunələri, musiqi alətləri, qədim xalça, kilim və digər əl işləri nümayiş etdirilib. Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümbət, muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi  Leyla Əliyeva, “Qarapapaqlar” jurnalının redaktoru Akif Xansultanlı çıxış edərək M.F.Axundzadə və digər ədiblərimizin Azərbaycan mədəniyyətinin, incəsənətinin və dramaturgiyasının inkişafındakı xidmətlərindən danışıb, xalqımızın mədəni irsinin təbliğində, tələbələrin mədəniyyətə, ədəbiyyata marağının artmasında bu cür tədbirlərin əhəmiyyətini xüsusi qeyd ediblər. Sonra tələbələr ədəbiyyat sahəsində biliklərini sınayıb, şeirlər, M.F.Axundzadənin əsərlərindən ibarət parçalar ifa ediblər.
“Şəxsi İnkişaf Universiteti” QHT-nin təsisçilərində biri, tələbə Rəşan Ziyadəliyev jurnalistlərə müsahibəsində deyib ki, tədbirin təşkilində məqsəd M.F.Axundzadəni tələbələrə daha yaxından tanıtmaq, Azərbaycan mədəniyyətini təbliğ etmək, eyni zamanda, gənclərin ədəbiyyata, şeirə, poeziyaya marağını artırmaqdır.
M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin elmi işçisi Leyla Məmmədzadə isə bildirib ki, tələbələrin elmə, poeziyaya, ədəbiyyata marağının artırılması, mədəniyyətimizin təbliği, ədiblərimizin gənc nəslə daha yaxşı tanıdılması, istedadlı gənclərin tapılıb irəli çəkilməsi məqsədilə yeni layihələr hazırlanıb. Bu layihələr, bu cür tədbirlər davamlı olacaq və gələcəkdə tələbələrin iştirakı ilə yeni tədbirlər təşkil olunacaq.
Növbəti ayda Gürcüstanda Mirzə Fətəli Axundov muzeyində Şəxsi İnkişaf Universiteti və Mirzə Fətəli Axundov muzeyinin direktoru Leyla Əliyevanın təşəbbüsü ilə "Sənət Gecəsi" adlı tədbir də keçirilib. Tədbirdə M.F.Axundov muzeyinin direktoru Leyla Əliyeva çıxışına Prezident İlham Əliyevin sözləri ilə başlayıb. “Biz dünya azərbaycanlıları olaraq hər zaman həmrəy olub öz tariximizi, mədəniyyətimizi və incəsənətimizi qoruyub saxlamalıyıq, güc birlikdədir” deyə qeyd edib. Tədbirdə bir sıra qonaqlar iştirak ediblər: ictimaiyyət nümayəndələri, gənclər təşkilatlarının sədrləri, KİV və QHT rəhbərləri, “Tea House” Təhsil Mərkəzinin rəhbəri Emin Əhmədov, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümbət. “Qarapapaqlar” jurnalının baş redaktoru Akif Xansultanlı, Şəxşi İnkişaf Universitetinin sədri Ravil Məmmədov. 
Heydər Əliyev adına Tbilisi Dövlət Dram teatrın aktyoru, gənc ssenarist və rejissor Anar Rafiqoğlu -“Teatr və kino mədəniyyəti” adlı seminar ilə çıxış edib. Heydər Əliyev adına Tbilisi Dövlət Dram teatrının əməkdaşı Fazil Bayramov Azərbaycanın mədəniyyəti və incəsənəti haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Tədbirdə həm də Azərbaycanda sosial şəbəkələrdə "Muğam Dünyası" qrupunun təşəbbüskarları olan layihənin Gürcüstan üzrə koordinatoru Leyli Hüseynova çıxış edərək layihə haqqında məlumat verib. Leyli Hüseynova Azərbaycanın mədəniyyəti və incəsənəti haqqında tədbir iştirakçılarına geniş məlumat vermiş və əsas məqsədimiz muğam başda olmaqla mədəniyyətimizi və incəsənətimizi dünyaya tanıtmaqdır: “Bu layihə sosial şəbəkələrdən aparılır və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə muğam, aşıq sənəti və Novruz bayramı UNESCO-nun Maddi Mənəvi İrs Siyahısına daxil edilib. Biz də Muğam Dünyası olaraq bu təşəbbüsü dəstəkləyərək layihəmizi başlatdıq”. Koordinator Leyli Hüseynova çıxış edərək bildirib ki, layihənin rəhbəri Nicat Müslümovdur: “Sosial mediada “Muğam dünyası” adlı qrup yaratmış, artıq 10 mindən çox üzvümüz var. Mütəmadi olaraq qrupda muğam ustadlarının ifaları, gənc muğam ifaçılarının şəkilləri, xalq mahnılarımızın mətnləri, muğam ifaçılarının televiziyada yayımlanacaq veriliş tarixi və saatı ilə bağlı bilgilər yayımlandırmaqla izləyicilərdə maraq yaratmışıq”. 
Qeyd edək ki, Gürcüstan azərbaycanlıları Azərbaycan mədəniyyətini istər Gürcüstanda, istərsə də xaricdə təbliğ edir. Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrı azərbaycanlı yazıçılarının əsərlərini müntəzəm olaraq tamaşaya qoyur. Eyni zamanda gürcü yazıçılarının da əsərlərinə müraciət edir. Bu teatr Türkiyənin Adana şəhərində keçirilən beynəlxalq teatr festivalına qatılacaq.  Teatr festivalda gürcü yazıçı Davit Kldiaşvilinin “Darispanın əziyyəti” əsəri əsasında hazırlanmış tamaşanı təqdim edəcək.  
Azərbaycan teatrının beynəlxalq festivalda iştirakına Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi dəstək verib. Teatrın festivalda təqdim edəcəyi tamaşada teatrın aktyorları ilə yanaşı, baş rolda türkiyəli aktyor Necati Zengin də oynayacaq. Tamaşanın quruluşçu rejissoru teatrın bədii rəhbəri Varlam Nikoladzedir. 

 

Xəbər xətti