"Azərbaycan beynəlxalq aləmə, tərəfdaşlarına açıqdır"

18:20 - 23 Oktyabr 2017 - KİVDF

İsveçrə-Azərbaycan Dostluq Qrupunun sədri: "İsveçrə Dağlıq Qarabağ münaqişənin həllinə öz töhfəsini verməlidir"

Isveçrə ilə Azərbaycan arasında siyasi əlaqələrin inkişafında ikitərəfli parlamentlərarası əlaqələrin rolu böyükdür. İsveçrə Federal Parlamentində cəmi 18 parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir və onlardan birinin İsveçrə-Azərbaycan dostluq qrupu olması çox önəmlidir. Bu qrupa ilk öncə İsveçrə Federal Parlamentinin sabiq sədri xanım Kristin Egerzegi-Obrist, sonra isə İsveçrə Federal Parlamentinin yuxarı palatası sayılan Kantonlar Şurasının sədri Filippo Lombardinin rəhbərlik etməsi ölkəmizin sürətlə artan nüfuzunun bariz göstəricisidir. İsveçrə-Azərbaycan dostluq qrupu həmişə Azərbaycanın uğurlarına sevinib və Dağlıq Qarabağ münaqişəsindən narahatlığını bildirib. İsveçrədə dövlət rəsmiləri ilə görüşlər də sübut edir ki, artıq bütün dünya Azərbaycana qarşı törədilən ədalətsizlikləri görür, bir an öncə ölkəmizin bu ədalətsizliklərdən qurtuması planlarını anlayışla qəbul edirlər. Bu bizim diplomatiyamızın uğurudur, Azərbaycan Prezidentinin ardıcıl siyasətinin nəticələridir. Bunlar həm də onu göstərir ki, inkişaf edən Azərbaycan özünə güclü dost axtaran İsveçrə üçün çox vacibdir. İsveçrəli iş adamları Azərbaycanın dinamik inkişafını, təbii ehtiyatlarını yüksək qiymətləndirirlər. Azərbaycan ilə İsveçrə arasında siyasi əlaqələr də yüksək səviyyədədir. Hər iki ölkə bir çox oxşarlıqlara malikdir, coğrafi baxımdan zəngin, rəngarəngdir. İsveçrə Alp dağları zonasındadır, bu dağlar onu qonşu ölkələrlə birləşdirir. Azərbaycanın Böyük Qafqaz dağları bir neçə xalqı əhatə edir və onlar birlikdə yaşayırlar.Bu fikirləri  Avropa Şurası Parlament Assambleyasının üzvü olan isveçrəli parlamentari Filippo Lombardi deyib. İsveçrə-Azərbaycan Dostluq Qrupunun sədri kimi Azərbaycan parlamentinin, hökumətinin üzvləri ilə dəfələrlə görüşdüyünü qeyd edən Filippo Lombardi İsveçrənin xarici işlər naziri Didye Burxalterin bir neçə dəfə Azərbaycana səfər etdiyini, iki ölkə arasında yaxşı münasibətlərin və qarşılıqlı anlaşmanın olduğunu söyləyib. “Azərbaycana Qafqazın İsveçrəsi deyərdim. Azərbaycan beynəlxalq aləmə, tərəfdaşlarına açıqdır. Bu, çox vacibdir”, - deyə Filippo Lombardi qeyd edib.
İsveçrə-Azərbaycan Dostluq Qrupunun sədri deyib ki, iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişafı üçün böyük potensial mövcuddur. İsveçrə TANAP layihəsində iştirak etməkdə maraqlıdır və enerji təchizatının şaxələndirilməsinə çalışır. “Ölkəmizin yeraltı enerji ehtiyatları yoxdur, buna görə də bütün enerji ehtiyatlarını idxal edirik. Bu baxımdan, ikitərəfli iqtisadi əlaqələri İsveçrə iqtisadiyyatının əsas istiqamətləri olan maşınqayırma, kimya və əczaçılıq sənayesi sahələrində daha da genişləndirə bilərik. Turizmlə bağlı İsveçrənin xüsusi ənənələri var, bu sahədə müvafiq məlumatlar, iş metodlarına dair mübadilə apara bilərik. Hər iki ölkədə olan xizək kompleksləri arasında təcrübə mübadiləsi təşkil edilə bilər”, - deyə Filippo Lombardi bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan isveçrəli parlamentari bildirib ki, bu münaqişənin həlli asan deyil. İsveçrə bu sahədə hər iki ölkəyə vasitəçilik missiyasını təklif edə bilər. O, iki ölkə parlamentarilərinin bu istiqamətdə görüşlərinin keçirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, 25 ildir davam edən münaqişənin tezliklə sülh yolu ilə həllini tapmasının tərəfdarıdır. Bu münaqişə həqiqətən də təkcə region üçün deyil, Avropanın özü üçün də ciddi təhlükə mənbəyidir. Odur ki, problem tezliklə öz ədalətli həllini tapmalıdır. O, münaqişələrin həllində parlamentlərin də mühüm rol oynadıqlarını bildirilib və bununla əlaqədar parlamentarilərin beynəlxalq təşkilatlarda əməkdaşlığının vacibliyi qeyd edilib. "Azərbaycan və Emənistan arasında "dondurulmuş" münaqişə var. Amma bəzən bu münaqişə daha da qızışır və nəticədə çoxlu insan dünyasını dəyişir. Biz monitorinq aparmadan kimin haqlı, kimin haqsız olduğunu deyə bilmərik. Bizim mövqemiz ondan ibarətdir ki, hər iki tərəfin xalqı, prezidentləri bir araya gəlib bu məsələni özləri həll etməlidirlər". 
Qeyd edək ki, bu il İsveçrədə 28 May – Respublika Günü və Azərbaycanla İsveçrə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyi tərəfindən Bern şəhərində rəsmi qəbul təşkil olunub. 300-dən artıq qonağın qatıldığı tədbirdə İsveçrənin federal və kantonal qurumlarının rəsmiləri, İsveçrədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ölkə ictimaiyyətinin tanınmış simaları, elm xadimləri, işgüzar dairələrin nümayəndələri, eləcə də İsveçrədəki Azərbaycan diasporunun fəalları iştirak ediblər.
Qonaqlara məlumat verilib ki. müsəlman şərqində ilk demokratik respublika olan ADR qısa dövr ərzində mövcud olmasına baxmayaraq, bir sıra siyasi və iqtisadi islahatları gerçəkləşdirib, qadınlara seçki hüququnu əksər Avropa ölkələrindən daha tez təmin edib. ADR-in varisi olaraq, 1991-ci ildə müstəqilliyini bərpa edən hazırkı Azərbaycan Respublikasının Ermənistanın təcavüzünə məruz qalmasına, ərazisinin bir hissəsinin işğal edilməsinə və ciddi iqtisadi, sosial və humanitar problemlərlə üz-üzə qalmasına rəğmən, ümummilli lider H.Əliyevin uzaqgörən daxili və xarici siyasəti sayəsində müstəqilliyini qoruyub, siyasi və iqtisadi sabitlik yoluna qədəm qoyub, onun davamçısı Prezident İ.Əliyevin uğurlu siyasəti nəticəsində isə bölgənin aparıcı dövlətinə, eləcə də beynəlxalq münasibətlər sisteminin nüfuzlu iştirakçısına çevrilib.
Tədbirdə bildirilib ki, Azərbaycan münasibətləri dostluq və qarşılıqlı hörmət və etimada əsaslanır, ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafının əsasını yüksək səviyyəli siyasi dialoq təşkil edir.
Tədbirdə bildirilib ki, İsveçrənin bu münaqişənin həlli istiqamətindəki səyləri, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə ev sahibliyi etməsi yüksək qiymətləndirilib, tezliklə beynəlxalq hüququn prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına ümid qeyd edilib.
İsveçrə tərəfindən çıxış edən İsveçrə Parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri, senator Filippo Lombardi Azərbaycanı dost ölkə olaraq qəbul etdiklərini, iki ölkə arasında çoxlu oxşarlığın olduğunu, İsveçrənin Azərbaycanın inkişafında maraqlı olduğunu, bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasını arzu etdiklərini və şəxsən özünün təmsil olunduğu müxtəlif beynəlxalq təşkilatların parlament ölçüsü çərçivəsində bunun üçün səylərini əsirgəməyəcəyini qeyd edib. O, ATƏT-in Minsk Qrupu həmsədrlərinin artıq uzun illərdir Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilik etdiklərini, lakin artıq nəticə verməyin vaxtının yetişdiyini vurğulayıb. Bu baxımdan o, tək Minsk qrupu həmsədr ölkələrinin deyil, bütün dünya ictimaiyyətinin, o cümlədən İsveçrənin bu münaqişənin həllinə öz töhfəsini verməli olduğunu qeyd edib.
Tədbirdə həmçinin, müasir Azərbaycanın görüntülərindən ibarət video-çarx nümayiş etdirilib və milli mətbəx nümunələri qonaqlara təqdim olunub.
Qeyd edək ki, bu il ərzində Azərbaycan tərəfi İsveçrədə bir sıra tədbirlərdə iştirak edib.  2017-ci il yanvarın 17-də Davos şəhərində Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Doris Loythard ilə görüşüb. Görüş zamanı iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafı, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
2017-ci il fevralın 22-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə Bern şəhərində Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib. Mərasimdə “Reyn kvarteti” məşhur azərbaycanlı və Qərb bəstəkarlarının əsərlərini, o cümlədən Pyer Tiluanın bəstələdiyi “Xocalı 613” əsərini ifa edib.
2017-ci il yanvarın 23-də Azərbaycanla İsveçrə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Azərbaycan Respublikası xarici işlər naziri E.Məmmədyarov və İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Departamentinin rəhbəri D.Burkhalter məktub mübadiləsi ediblər.
2017-ci il martın 15-də Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi çərçivəsində Bernin Bellevue Palace mehmanxanasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın prodüseri olduğu “Əli və Nino” filminin İsveçrədə premyerası keçirilib.
2017-ci il martın 28-də Bern şəhərindəki İsveçrə Dinlər Evində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin təşəbbüsü və “Dinlər Evi-Mədəniyyətlərin dialoqu” təsisatının birgə təşkilatçılığı ilə “Multikulturalizm və mədəniyyətlərarası dialoq: İsveçrə və Azərbaycan modelləri” adlı konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının rəhbərlik etdiyi geniş nümayəndə heyəti iştirak edib.
25-27 aprel 2017-ci il tarixində AR Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev və sözügedən Agentliyin Peşəyönümü və işəgötürənlərlə iş şöbəsinin müdiri Eldar Salahov İsveçrəyə səfər etmişdir. Səfərin məqsədi İsveçrənin peşə təhsili və təlimi sahəsində təcrübəsi ilə yerində tanışlıq və bu sahədə fəaliyyət göstərən aidiyyəti qurum və təşkilatlarla müzakirələrin aparılmasından ibarət olmuşdur.
İsveçrənin “Publishing Partners” nəşriyyat evi Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” (Berg-Karabach. Aus den Quellen erforschte Geschichte ) kitabını alman dilində nəşr edib.
2017-ci il oktyabrın 16-da ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrədə işgüzar səfərdə olub. Prezidentlərin görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblərlər.

Xəbər xətti