Çinlə Azərbaycan arasında mədəni əlaqələrin tarixi qədimlərə təsadüf edir

18:16 - 19 Oktyabr 2017 - KİVDF

Azərbaycanın Çindəki səfirliyinin nəzdində “Şuşa” Mədəniyyət Mərkəzi Azərbaycan mədəniyyətinin təbliğinə xüsusi diqqət yetirir

Çinlə Azərbaycan arasında mədəni əlaqələrin tarixi qədimlərə təsadüf edir. Aralarında məsafə uzaqlığına baxmayaraq hər iki ölkə arasındakı mədəni münasibətlərin təşəkkülü eramızdan əvvəllərə gedib çıxır. E.ə. II əsrin əvəllərindən başlayaraq Azərbaycan Şərqi Asiya ölkələrinin Qərblə beynəlxalq tranzit ticarəti yolunda yerləşdiyinə görə onun bu ölkələrlə ticarət, iqtisadi sahələrdə olduğu kimi mədəni sahədə də əlaqələr yaratmasına geniş imkanlar açılmışdır. Bu barədə  araşdırmaçı alim Maral Manafova bildirib. Onun sözlərinə görə, Azərbaycan-Çin mədəni əlaqələrinin tarixi qədimlərə gedib çatsa da, sovet dövlətçiliyi ərzində bu münasibətlər qarşılıqlı əməkdaşlıq əsasında davam etdirilərək bu sahədə zəngin təcrübə toplanmışdır. "Lakin bir faktı da xüsusi olaraq qabartmaq zəruridir ki, Azərbaycan Çinlə mədəni əməkdaşlıq sahəsində müstəqil qərar çıxartmaq, yaxud bu mədəni əlaqələrin prioritetlərini müəyənləşdirmək səlahiyyətlərindən məhrum idi. Digər xarici dövlətlərlə olduğu kimi Çinlə də mədəni əlaqələrin istiqamətləri yalnız «mərkəz»dən diqtə olunurdu. Lakin 1991-ci ildə Azərbaycanda müstəqilliyin bərqərarı və Respublikada suverenliyin elan edilməsi Çinlə bütün əlaqələrin, eləcə də mədəni əlaqələrin yenidən qurulmasını təmin etdi. 1991-ci il dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ÇXR 1992-ci ilin aprelində diplomatik əlaqələr yaratdı. 1992-2005-ci illər ərzində Azərbaycan-Çin arasında mədəni əlaqələrin müştərək əməkdaşlıq məqsədi ilə kinematoqrafiya, radio verilişləri və televiziya sahəsində əməkdaşlıq haqqında, turizm sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişlər imzalandı. Bütün bunlarla yanaşı, iki ölkənin parlamentlərarası münasibətlərini inkişaf etdirmək məqsədilə 2002-ci ildə təşkil olunan «Azərbaycan–Çin Dostluq Cəmiyyəti»nin yeni xəttilə mədəni əməkdaşlıq imkanlarının genişləndirilir",- Maral Manafova deyib.
İki ölkə arasında əlaqələrin inkişafında Çin-Azərbaycan Dostluq Cəmiyyətinin də öz rolu var. 2006-cı il oktyabrın 19-da Pekində Çin-Azərbaycan Dostluq Cəmiyyətinin təsis konfransı keçirilib. Bu cəmiyyət ÇXR-nın «Xarici ölkələrlə Dostluq Cəmiyyəti»nin nəzdində təşkil olunub. Hər iki cəmiyyət arasında əməkdaşlıq Azərbaycan – Çin mədəni əməkdaşlığının inkişafı işinə istiqamətləndirilib.
Qeyd edək ki, Azərbaycan-Çin Dostluq Cəmiyyətinin Pekində analoqunun yaradılması Çin hökumətinin ölkəyə, onun xalqına və tarixinə olan diqqətindən xəbər verir. Bu, həm də hər iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf göstəricisidir. Çin MDB ölkələri arasında yalnız Rusiya ilə bu cür əməkdaşlığa malikdir. Azərbaycan bu siyahıda ikinci olub. 2006-cı ilin dekabrında isə Azərbaycanın Çindəki səfirliyinin nəzdində “Şuşa” Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb. Mədəniyyət Mərkəzinin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində açılması prezident İlham Əliyevin xaricdə yaşayan həmvətənlərimizin təşkilatlanmasına və Azərbaycan mədəniyyətinin təbliğinə xüsusi diqqət yetirdiyini gödstərir. Qeyd edək ki, Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi, milli geyim nümunələri və musiqi alətləri nümayiş etdirilən mərkəzin nəzdində Pekində yaşayan azərbaycanlı ailələrin uşaqları üçün "Azərbaycan məktəbi" adlı sinif otağı fəaliyyət göstərir. Bu məktəb Cində yaşayan həmvətənlilərimizin Azərbaycanla bağlılığına xidmət edir, uşaqların ölkəmizə marağını artırır.Bundan başqa, 2010-cu ilin noyabrında Azərbaycanın Çindəki səfirliyinin dəstəyi ilə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası Pekində Çin dilində səhnələşdirilib.  Bu əməkdaşlıq Çində Azərbaycan mədəniyyət günlərinin keçirilməsi ilə də özünü göstərib. Mədəniyyət günlərində nazir Əbülfəs Qarayevin başçılığı ilə nümayəndə heyəti iştirak edib.  ki ölkə arasında mədəni sahədə əlaqələri möhkəmləndirmək, Azərbaycan mədəniyyətini Çində daha geniş tanıtmaq məqsədi daşıyan mədəniyyət günləri çərçivəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət Rəqs Ansamblı solistlərinin və muğam ifaçılarının çıxışları, Azərbaycana həsr olunmuş fotosərginin, milli geyimlərimizdən və miniatür kitablardan ibarət sərgilər çinlilər arasında böyük marağa səbəb olub. 
Azərbaycanda Çin və Çində Azərbaycan mədəniyyətinin və ilk növbədə, ədəbiyyatının təbliğ edilməsi, Nizami adına Ədəbiyyat İnstitutu ilə Çin ali təhsil və tədqiqat müəssisələri arasında birgə elmi konfransların, videokonfransların, seminarların, nümayəndə heyətlərinin görüşlərinin təşkili, Azərbaycan və Çin ədəbiyyatları üzrə müqayisəli tədqiqatların, ədəbi əlaqələrə dair araşdırmaların aparılması, elmi nəşrlərin mübadiləsinin təşkili və s. də iki ölkənin mədəni əlaqələrinini inkişafına xidmət edir. Bu işdə yuxarıda adları qeyd olunan diaspora təşkilanları və Çin Mədəniyyət Mərkəzi
daha fəal rol oynayırlar.
Qeyd edim ki, bu yaxınlarda Çin-Azərbaycan dilində şəkilli lüğətlər nəşr olunub. Konfutsi İnstitutunun baş qərargahının (Hanban) dəstəyi ilə Pekində “Mənim Çin dilində kiçik şəkilli lüğətim” və “Mənim Çin dilində şəkilli lüğətim” kitabları çapdan çıxıb.
Çin dilini öyrənmək istəyən orta məktəb şagirdləri üçün nəzərdə tutulan “Mənim Çin dilində kiçik şəkilli lüğətim”ə gündəlik müntəzəm istifadə olunan 1400 söz və söz birləşməsi daxil edilib. Müxtəlif mövzular üzrə təqdim olunan şəkillərə aid 15-20 söz vardır. Bu, uşaqların mövzular üzrə sözləri şəkillər vasitəsilə daha tez mənimsəməsinə kömək edəcək. Bundan başqa, hər bir mövzuya uyğun kiçik dialoqlar, sözlərin Çin dilində ifadə formaları, istifadə olunmuş cümlələrin qramatik quruluşuna dair izahlar da əksini tapıb.
“Mənim Çin dilində şəkilli lüğətim”ə isə 15 əsas və 142 köməkçi mövzu üzrə 4200-dən çox söz və söz birləşməsi daxil edilib. Mövzular Konfutsi İnstitutunun “Çin dilinin beynəlxalq tədrisi planına” uyğun olaraq tərtib edilib. Sözlər Çin dili dərsliklərinin lüğət tərkibi nəzərə alınmaqla mütəmadi istifadə və praktiklik prinsipinə uyğun seçilib. Lüğət oxuculara təkcə Çin dilində sözləri deyil, həm də bu ölkənin mədəniyyətini və müasir sosial həyatını öyrənməyə imkan yaradacaq. Hər iki lüğəti ana dilimizə Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili müəllimi Aqşin Əliyev tərcümə edib.
“Space” teleşirkətinin prezidenti Vaqif Mustafayev Çinin Honkonq Televiziyasının mədəniyyət, televiziya və kino üzrə müşaviri təyin olunması isə Azərbaycana bu ölkədə maraqdan xəbər verir. Bu barədə oktyabrın 11-də Bakıda keçirilən tədbirdə bildirilib. Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin, Çin və Ukraynanın Azərbaycandakı səfirliklərinin rəsmiləri və mədəniyyət xadimləri iştirak edib. 
Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeriy Ruzinin, Ukrayna KİV İşçiləri Assosiasiyasının sədri Viktor Petrenkonun və digər ölkələrdən olan nümayəndələrin iştirakı ilə “Soqlasiya” Qızıl Ordeni Vaqif Mustafayevə təqdim olunub.
Vaqif Mustafayev eyni zamanda Çin-Azərbaycan əlaqələrindəki xidmətlərinə görə də mükafatlandırılıb. O, həmçinin Honq-Konq televiziyasının mədəniyyət və kino üzrə müşaviri təyin edilib. Avrasiya Televiziya və Radio Akademiyasının xəttiylə, Rusiya, Çin və Azərbaycanın iştirakı ilə Vaqif Mustafayevin rejisoru və ssenari müəllifi olacağı “Kambey” filminin çəkilişi razılaşdırılıb.

 

Xəbər xətti