Ana səhifə
24 Sentyabr 2018

II Türk Dünyası Sənədli Filmlər Festivalının rəsmi açılış mərasimi keçirilib

Erkan Özoral: Festivalın məqsədi Türk Dünyasını bir-birinə daha da yaxınlaşdırmaq, mədəni əlaqələrini gücləndirməkdir”

Oktyabrın 14-də Bakıda, Nizami Kino Mərkəzində II Türk Dünyası Sənədli Filmlər Festivalının rəsmi açılış mərasimi olub.
Tədbiri giriş sözü ilə açıq elan edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, festivalın məqsədi Türk dünyasını bir-birinə daha da yaxınlaşdırmaq, mədəni əlaqələrini gücləndirməkdir. Bu barədə Ucnoqta.az-a səfirliyin Mədəniyyət və Təqdimat Müşavirliyindən məlumat verilib.
Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri, tanınmış alim və ədib İrfan Çiftçi isə tədbir iştirakçılarına proqram barədə geniş məlumat verib. İ.Çiftçi qeyd edib ki, bu ildən etibarən festivalda mərhum azərbaycanlı kinorejissor, Xalq artisti Tofiq İsmayılovun xatirəsinin əbədiləşdirilməsi üçün xüsusi mükafat təyin edilib. Müşavirin sözlərinə görə, bu il sözügedən mükafata Başqırdıstandan Kirsten Qaynet “7 Maidens Theatre” filmi ilə layiq görülüb.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar isə çıxış edərək Türk dünyasını birləşdirən Sənədli Filmlər Festivalının əhəmiyyətini yüksək qiymətləndirib.
Keçən il vəfat edən Xalq artisti Tofiq İsmayılov haqda danışan Xalq yazıçısı qeyd edib ki, o Azərbaycanla Türkiyə arasında mədəni əlaqələrin inkişafı, kino sənəti işçilərinin birliyi üçün çox böyük işlər görüb: “Biz böyük sənətkarımızı itirsəkdə, bu gün onun göstərdiyi səylərin ciddi nəticələr verdiyinin, böyük arzularının reallaşdığının, Türk dünyasının mədəni birliyi istiqamətində əhəmiyyətli işlərin görüldüyünün şahidi oluruq”.
Türk Dünyası Jurnalistlər Federasiyasının sədri Menderes Demir isə qeyd edib ki, festivalın əsas qayəsində Türk dünyasını dildə, fikirdə, işdə bir etmək amalı dayanır: “Bu məqsədlə keçən ildən fəaliyyətə başlayaraq belə bir festival keçirməyə nail olduq. Artıq ikinci ildir ki, II Türk Dünyası Sənədli Filmlər Festivalıbaş tutur. Sevindirici haldır ki, təşkil etdiyimiz bu tədbir ildən-ilə öz əhatə dairəsini genişləndirir. Keçən il olduğu kimi, bu il də İstanbulda festivalın mükafatlandırma mərasimini keçirdik. Daha sonra Şimalı Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşada tədbirlər təşkil etdik. Hazırda isə festivalın Bakı tədbirləri keçirilir. Növbəti ünvan isə Qazaxıstandır. Almatı şəhərində təşkil olunacaq tədbirlərdən sonra Qırğızıstanın paytaxtı Bişkekdə festivalda dərəcə əldə edən filmlərin nümayişləri keçiriləcək. Bunun ardınca Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək tədbirlərdən sonra Türkiyədə təşkil olunacaq bağlanış mərasimii ilə festivala yekun vurulacaq”.
M.Demir bildirib ki, Türk dünyası geniş coğrafiyaya, qədim tarixə sahibdir: “Biz bütün Türk xalq və millətlərinin qədim adət-ənənələrini, tarixini, mədəniyyətini festival vasitəsilə bu böyük coğrafiyada yaşayan insanlarımıza çatdırmağı əsas hədəf olaraq müəyyənləşdirmişik”.
Daha sonra türkiyəli rejissor Gülşən Sarunun “Sıraç” filmi göstərilib.
Nümayişdən sonra səhnəyə dəvət olunan Türk Dünyası Sənədli Filmlər Festivalı platformasının baş katibi, görkəmli Azərbaycan kinorejissoru, Xalq artisti Oqtay Mirqasımov və ekran işinin müəllifi G.Saru sənədli film haqqında fikirlərini bölüşüblər.
Tədbirin sonunda Türkiyənin Azərbaycandakı səfiri E.Özoral, Mədəniyyət müşaviri İ.Çiftçi və Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri İbrahim Yıldırım və kinorejissor O.Mirqasımova festival təşkilatçıları tərəfindən xatirə mükafatları verilib. Plaketləri sahiblərinə Xalq artisti T.İsmayılovun xanımı Səidə İsmayılova, Türk Dünyası Jurnalistlər Federasiyasının sədri M.Demir, Türkiyə Böyük Millətlər Məclisinin deputatı Atilla Sertel və Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner təqdim edib.

Tarix
16 Oktyabr 2017 [14:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin