Azərbaycan ümumbəşəri dəyərlərə sadiqdir

18:48 - 19 Sentyabr 2017 - KİVDF

Lehti: "Finlandiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rol oynaya bilər"

Azərbaycan diaspora təşkilatlarının nümayəndələri Finlandiyanın siyasi və ictimai xadimləri ilə daima görüşür və müxtəlif məsələləri müzakirə edirlər. Ötən il Azərbaycan-Finlandiya Dostluq cəmiyyətinin sədri Təranə Nəzərova iki dəfə Finlandiya Parlamentinin deputatı, Finlandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Eero Lehti ilə görüşüb. Birinci görüş zamanı Təranə Nəzərova deputatı Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumantlandırıb, ona erməni işğalçılarının törətdiyi cinayətləri əks etdirən faktlar və fotoşəkillər təqdim edib. Təşkilat sədri deputata Azərbaycanın bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin Ermənistan tərəfindən yerinə yetirilmədiyini vurğulayıb. Təranə Nəzərova son illər ərzində Prezident  İlham Əliyevin yürütdüyü siyasətin nəticəsi olaraq Azərbaycan Respublikasının sürətlə inkişaf etməsindən, beynəlxalq arenada böyük nüfuza sahib olmasından söhbət açıb.
Eero Lehti də öz növbəsində Ermənistan ordusunun Azərbaycan torpaqlarını işğal etməsi faktını pisləyib, dinc Azərbaycan əhalisinə qarşı törətdikləri cinayətləri terror aktı adlandırıb. Deputat beynəlxalq təşkilatların bu münaqişəni obyektiv dəyərləndirməli olduğunu, problemin sülh yolu ilə həlli istiqamətində səylərin artmasının zəruriliyini vurğulayıb. O deyib: " Finlandiya 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb və artıq 1992-ci ildə diplomatik münasibətlər yaradıb. Lakin iqtisadi əlaqələr arzu edilən səviyyədə deyildir, bu münasibətlərin genişləndirilməsi üçün çox böyük potensial vardır". Eero Lehti deyib ki, Dağlıq Qarabağ münaqişəsi Finlandiya KİV-lərində yetərincə işıqlandırılmır. Dağlıq Qarabağ münaqişəsini dondurulmuş münaqişə adlandırmaq olmaz, çünki dinc əhali hələ də həlak olur. Bu problem beynəlxalq məsələdir, çünki onun həll edilməmiş qalması təkcə regiona deyil, bütün dünyaya ziyan vurur. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməlidir və dünya birliyi bu fikrin tərəfdarıdır". Eero Lehti qeyd edib ki, Finlandiya da öz növbəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində rol oynaya bilər".
Bəli, bu gün Dağlıq Qarabağ münaqişəsini dondurulmuş münaqişə hesab etmək səhvdir, çünki regionda hər gün toqquşmalar baş verir, qadınlar və uşaqlar snayper güllələrindən həlak olurlar. Eero Lehti Bakı haqqında xoş təəsüratlarını bölüşüb, Azərbaycana səfəri zamanı keçirdiyi dövlət əhəmiyyətli görüşlərdən söz açıb.
 İkinci görüş zamanı isə Eero Lehtil ilə yanaşı tanınmış jurnalist Antero Erol da iştirak edib. Bakıda keçirilən 5-ci Beynəlxalq Humanitar Forumda iştirak edən Eero Lehti və Antero Eroll Forum, eləcə də Azərbaycanla bağlı təəssüratlarını bölüşüblər. Onlar Forumun keçirildiyi Heydər Əliyev Mərkəzinin möhtəşəmliyini, tədbirdə müzakirə olunan mövzuların aktuallığını və böyük maraq kəsb etdiyini,  maraqlı insanlarla, xüsusilə də Nobel mükafatı laureatları ilə tanışlıq və görüşlərini xüsusi qeyd ediblər. Görüşdə multikulturalizm mövzusunda geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətinin əhəmiyyətli istiqamətlərindən biridir. Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşadığı məkan olub. Bu gün Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, ölkə kimi tanınır. Ölkəmizin milli və dini azlıqlarla bağlı apardığı siyasət və əldə etdiyi təcrübə başqa dövlətlər üçün nümunə göstərilir. Daha sonra finlandiyalı jurnalist Antero Eroll Azərbaycana səfəri çərçivəsində Ağdam rayonuna etdiyi səfər və cəbhə xəttində gördükləri barədə danışıb. Cəbhə xəttindəki vəziyyətlə bağlı hazırladığı yazını “İlltalehti” qəzetində dərc etdirdiyini deyən A.Eroll tezliklə Azərbaycan torpaqlarının işğaldan azad olunacağına və bu ədalətsizliyə son qoyulacağına ümid etdiyini qeyd edib. Görüşün sonunda T.Nəzərova Finlandiya parlamentinin üzvü Eero Lehti və jurnalist Antero Erollu oktyabrın 29-da keçiriləcək Azərbaycanın dövlət müstəqilliyinin ildönümünə həsr olunmuş tədbirə dəvət edib. On lar dəvətdən məmnunluqlarını bildiriblər. 
Bu il də ikitərəfli görüşlər keçirilib. Helsinkidə səfərdə olan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin görüşü Finlandiya parlamentində dini məsələlərlə məşğul olan Administrasiya Komitəsinin sədri Juho Eerola və Finlandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri və üzvləri ilə keçirilib.Parlamentin Administrasiya Komitəsinin sədri Juho Eerola qonaqlara qanunverici orqanın fəaliyyəti, qəbul edilən qanunlar, din və azadlıq kimi məsələlərdə tutduğu mövqe barədə məlumat verib. Finlandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Eero Lehti Azərbaycan ilə Finlandiya arşındakı ikitərəfli əlaqələrdən bəhs edərək bu əlaqələrin son vaxtlar daha da inkişaf etdiyini bildirib, lakin bu istiqamətdə daha çox işin görülməli olduğunu deyib. Bu səpkidə Azərbaycanın dövlət və din xadimlərinin Finlandiyaya səfər etməsinin vacib olduğunu qeyd edərək, belə konfransların və qarşılıqlı səfərlərin əməkdaşlığın genişlənməsinə təkan verəcəyini vurğulayıb.
Dövlət müşaviri Kamal Abdullayev isə bildirib ki, dünyada islamofobiya və irqçilik kimi halları böyük vüsət alıb. Onun sözlərinə görə, müzakirə olunan mövzular həm Finlandiya, həm də Azərbaycan xalqlarının ümumbəşəri dəyərlərə nə qədər bağlı olduqlarını, bu dəyərləri inkişaf etdirmək üçün ortaq səylərin vacib olduğunu göstərir. 
Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi də diqqət mərkəzində olub.Ermənistan-Azərbaycan münaqişəsindən söhbət açanlar vurğulanıb ki, bu problemin beynəlxalq hüquq normalarına müvafiq qaydada həll edilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biridir. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr bu günə qədər yerinə yetirilməyib. Həmin sənədlərdə qeyd edilir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 20 faiz ərazisi nəzarət edilməyən zonalara çevrilib. Bu ərazilərin azərbaycanlı əhalisinin hüquqları kütləvi şəkildə pozulub, işğalçı qüvvələr etnik təmizləmə siyasəti aparıb, bunun nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.  Bildirilib ki, Finlandiya daha fəal hərəkət edə və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə və beynəlxalq hüquq normalarına uyğun həllində ciddi mövqe tuta bilər. Bir sözlə Finlandiya parlamenti bu problem barəsində müvafiq qətnamə qəbul etməklə, beynəlxalq təşkilatlardan həmin sənədlərin yerinə yetirilməsini tələb edə bilər. Təəssüflə qeyd edilib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti münaqişə zonasında vəziyyəti dəyişməyib. Finlandiya dövləti bu münaqişənin yaxın gələcəkdə həllinə və regionda sülhün və tərəqqinin bərqərar olmasına kömək etməlidir.

Xəbər xətti