Azərbaycanın Çexiyadan aldığı yeni artilleriya qurğusu- FOTO

13:37 - 18 Sentyabr 2017 - Xəbər

Azərbaycan Çexiyadan yeni artilleriya qurğusu alıb. Çexiya istehsalı olan "DANA" özüyeriyən artilleriya qurğusu Azərbaycana yeni gətirilib və sentyabrın 18-dən müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə keçirilən genişmiqyaslı təlimlərə cəlb edilib.
Faktı Trend-ə Müdafiə Nazirliyindən təsdiq ediblər.
“SpGH DANA” özüyeriyən haubitsaları 8X8 konfiqurasiyalı “Tatra” şassisində yerləşir. Artilleriya kompleksinin maksimum sürəti 80 km/saat, gediş ehtiyatı 600 km, atış uzaqlığı 28 km, heyəti 4-5 nəfərdir.
Hərbi maşının əsas silahı 5580 mm uzunluğunda 152 mm 37 kalibr top, yardımçı silahı 12.7 mm çaplı pulemyotdur. Top -4°-dən +70°-dək bucaq altında hündürlüyə atəş açmaq qabiliyyətinə sahibdir. Atış tempi dəqiqədə yarıavtomat rejimdə 4, əllə doldurulduqda 2 mərmidir.

Qeyd edək ki, sentyabrın 22-dək keçiriləcək təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 150-dən artıq tank və zirehli texnika, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.

Xəbər xətti