"Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımıza hər zaman dayaq olub"

18:31 - 14 Sentyabr 2017 - KİVDF

Nazim İbrahimov: " Milli maraqlarımızın daha etibarlı şəkildə qorunması diaspor siyasətinin əsas istiqamətlərini təşkil edir"

Ukraynanın Kiyev şəhərində Avropa Azərbaycanlıları Konqresinin toplantısı keçirilib. Toplantıda Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxış edib. «Avropada Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, kütləvi informasiya vasitələri ilə əlaqələrin inkişaf etdirilməsi, soydaşlarımızın yaşadıqları ölkələrin siyasi həyatında daha fəal iştirakı üçün diaspor təşkilatlarının üzərinə böyük məsuliyyət düşür». Bu fikri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. 
N.İbrahimov bildirib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttə uyğun olaraq Prezident İlham Əliyev diaspor quruculuğu işinə xüsusi diqqət və qayğı göstərir. 
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin qurulmasının, diasporun formalaşdırılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini bildirən N.İbrahimov qeyd edib ki, Prezident İlham Əliyev Ulu öndərin siyasətini uğurla davam etdirərək diasporumuzun təşkilatlanması, inkişafı, Azərbaycan ilə əlaqələrinin gücləndirilməsi üçün daim yüksək diqqət və qayğı göstərir. O deyib:" Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratmış, xaricdə yaşayan azərbaycanlılarla iş dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummili liderin siyasətini uğurla davam etdirərək, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporunun mütəşəkkil qüvvəyə çevrilməsi, doğma Vətənlə əlaqələrinin gücləndirilməsinə daim yüksək diqqət və qayğı göstərir"
 Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımıza hər zaman dayaq olduğunu vurğulayan N.İbrahimov vurğulayıb ki, xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin qurulması, həmvətənlərimizin milli özünəməxsusluğunu qoruyub saxlamasına dəstək verilməsi, diasporun potensialının milli maraqlarımızın daha etibarlı şəkildə qorunmasına cəlb olunması, soydaşlarımızın mədəni-siyasi hüquqlarını müdafiəsi diaspor siyasətinin əsas istiqamətlərini təşkil edir. O deyib:«Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımıza hər zaman dayaq olub və bundan sonra da dəstəyini əsirgəməyəcək».
Dövlət Komitəsinin sədri qeyd edib ki hüquqi, demokratik dövlət olan Azərbaycan tərəfindən bir sıra qlobal layihələrin həyata keçirilməsi, ölkəmizin sürətli inkişafı, müstəqil daxili və xarici siyasəti bəzi siyasi dairələri ciddi narahat edir. O, dünya azərbaycanlılarını yaşadıqları ölkədə Azərbaycan dövlətinin milli maraqları əleyhinə yönəlmiş bu çirkin kampaniyalara öz etirazını bildirməyə, bu sahədə daha da fəal olmağa, dövlətçilik ətrafında sıx birləşməyə çağırıb. "Azərbaycana qarşı son vaxtlar yenidən başlayan qarayaxma kampaniyasını aparan şəbəkənin erməni lobbisindən qaynaqlanması ilə bağlı ciddi faktlar mövcuddur". Bunu Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Avropa Azərbaycanlıları Konqresinin Kiyevdə keçirilən toplantı çərçivəsində bildirib. O qeyd edib ki, hüquqi, demokratik dövlət olan Azərbaycanın sürətli inkişafı, müstəqil daxili və xarici siyasəti bir sıra qüvvələri ciddi narahat etməyə başlayıb: "Avropada və bəzi başqa ölkələrdə Azərbaycana qarşı təşkilatlanmış aqressiv, vahid mərkəzdən idarə olunan şəbəkə formalaşıb. Onlar Azərbaycan əleyhinə informasiyalara təkanverici qüvvə kimi çıxış edir. Həmin təşkilatlar erməni lobbisindən bəhrələnir".
Onun sözlərinə görə, həmin qüvvələr çalışır ki, bütün metodlardan istifadə etməklə bu nüfuza ləkə gətirsin: "Bu, Azərbaycana qarşı, dövlətə qarşı davadır. Prezident İlham Əliyevin möhkəmləndirdiyi Azərbaycanı zədələmək niyyətindədirlər. Ümummilli lider vaxtında Azərbaycanı parçalanmadan xilas edərək vahid dövlət yaratdı, bu gün də prezident İlham Əliyev bunu davam etdirir. Bu da həmin qüvvələri qıcıqlandırır. Boşluqlar axtarılır. Necə ki, regiondakı bəzi ölkələrdə boşluq oldu və bundan istifadə etdilər. Nəticədə həmin ölkələr nə qədər itkilər verdi, biz bunun şahidiyik". 
N.İbrahimov bildirib ki, Azərbaycan haqqında birtərəfli və qərəzli informasiyanın yayılmasını təmin etmək məqsədilə ermənipərəstliyi şübhə doğurmayan müəlliflər tərəfindən məqalələrin dərc olunmasının arxasında maddi maraqlar da dayanır: "Bu baxımdan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsinin və "Guardian" qəzetinin Azərbaycana, dövlətimizin nüfuzlu qurumlarına atdığı böhtanlar şantajdan başqa bir şey deyil. Xüsusilə qeyd etmək lazımdır ki, bu qarayaxmanı aparan həmin mətbu orqanların maddi maraqlar naminə gələcəkdə öz ölkələri əleyhinə də eyni addım atacaqları artıq şübhə doğurmur". 
Komitə sədri vurğulayıb ki, bir sıra qlobal layihələrin Azərbaycan tərəfindən həyata keçirilməsi ölkə üçün böyük əhəmiyyət daşıdığı qədər, bəzilərini də narahat edir: "Amma bu layihələr dövlətçiliyimizi qoruyacaq böyük elementlərin əldə olunmasına səbəb olacaq".  
N.İbrahimov dünya azərbaycanlılarını yaşadıqları ölkələrdə bu məsələdə daha da fəal olmağa, dövlətçilik ətrafında sıx birləşməyə bird aha çağırıb.
Ukrayna ilə Azərbaycan arasındakı dostluq münasibətlərinə toxunan N.İbrahimov bildirib ki, Ukrayna hər zaman Azərbaycanın yanında olub və ölkəmizin ərazi bütövlüyünü tanıyıb. Komitə sədri AAK-ın ən fəal diaspor təşkilatlarından biri olduğunu vurğulayaraq qurumun fəaliyyətində yeni texnologiyaların tətbiqinin zəruriliyini diqqətə çatdırıb. 
Tədbirdə çıxış edən Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Avropadakı Azərbaycan icmalarının üzərinə böyük məsuliyyət düşür. S.Qasımov bildirib ki, bu baxımdan hər bir soydaşımız xaricdə gücünü səfərbər edib Azərbaycanı layiqincə təmsil etməlidir. AAK-ın vitse-prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev isə çıxış edərək diasporun fəaliyyəti barədə danışıb. R.Tağıyev bildirib ki, bütün diaspor təşkilatları təmsil olunduqları ölkədə mövqelərini daha da gücləndirməlidir. Ukraynanın Ali Radasının deputatları Maksim Kuryaçiy isə deyib ki, Ukrayna ilə Azərbaycan arasında münasibətlər qədim tarixə malikdir və xalqların dostluğu bu səbəbindən möhkəmdir: "Ukrayna hər zaman Azərbaycanın yanında olub və Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Ukrayna bu məsələdə qətiyyətli mövqeyini davam etdirəcək".
Toplantıda AAK İcra komitəsi üzvləri, İsveç "Azərbaycan" Cəmiyyətinin sədri Nadir Hollenbrand, Paris "Azərbaycan Evi"nin sədri Mirvari Fətəliyeva, Estoniyadakı Azərbaycan Cəmiyyətinin sədri Niyazi Hacıyev, İsveç Azərbaycanlıları konqresinin sədri Emil Mirzəyev danışaraq Avropada diasporun fəaliyyəti ilə bağlı təkliflər irəli sürüblər. Tədbirin sonunda bəyanat qəbul olunub. Bəyanatda son zamanlar Avropa ölkələrində Azərbaycana qarşı qara piar kampaniyasının aparılması qətiyyətlə pislənilib və diaspor təşkilatlarımızın bu iyrənc siyasətə qarşı mübarizəni gücləndirməsinin vacibliyi vurğulanıb 

 

/*

Xəbər xətti