"Azərbaycan Evi" Danimarkada yaşayan azərbaycanlıların toplaşdığı mərkəz rolunu oynayır

18:08 - 13 Sentyabr 2017 - KİVDF

Bu ölkədə ölkəmizin tarixi, mədəniyyəti, reallıqlarının geniş təbliği istiqamətində layihələr həyata keçirilir

" Kopenhagendə yerləşən "Azərbaycan Evi"  Danimarkada yaşayan azərbaycanlıların toplaşdığı mərkəz rolunu oynayır. Beynəlxalq səviyyədə Azərbaycanın nüfuzunun artması bizə imkan verir ki, Danimarkada fəaliyyətimizi genişləndirək. Azərbaycan dövlətinin bizə böyük diqqət və qayğısı var". Bunu Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi deyib. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum. Danimarkada bir çox tədbirlərdə iştirak edir. Məsələn, bu ilin iyul ayında Danimarkanın paytaxtı Kopenhagendə keçirilən İnteqrasiya Günündə Azərbaycan diaspor təşkilatı da iştirak edib. Tədbirdə bu ölkədəki azərbaycanlıları təmsil edən Danimarka "Vətən" Cəmiyyəti Azərbaycana dair xüsusi guşə təşkil edib. Təşkilatın nümayəndələri isə danimarkalılara və şəhərin qonaqlarına Azərbaycan barədə ətraflı məlumat veriblər. Azərbaycanın tarixinə, mədəniyyətinə aid olan kitab və broşülarla yanaşı, milli mətbəximizdən bəzi nümunələr də qonaqlara təqdim edilib. "Cırtdan" yaradıcılıq qrupunun ifasında isə Azərbaycan milli rəqsləri nümayiş etdirilib. Kopenhagenin Frederiksberq Bələdiyyəsi tərəfindən "Cırtdan" yaradıcılıq qrupuna hədiyyələr təqdim olunub. Frederiksberq Bələdiyyəsinin sədri Jörgen Glenthöj Vətən Cəmiyyətinin nümayəndələri ilə söhbət zamanı Azərbaycana səfərindən və tariximiz, mədəniyyətimizlə yaxından tanışlığından danışıb. Bələdiyyə sədrinə Azərbaycan musiqilərindən ibarət disk və xatirə hədiyyələri təqdim edilib.
"Vətən" Cəmiyyəti Danimarkada "Azərbaycan Evi"ni yaradılmasında fəal iştirak edib və bu işdə Azərbaycan rəhbərliyinin böyük köməyi olub. " Disporla İş üzrə Dövlət Komitəsinin, şəxsən Komitənin sədri Nazim İbrahimovun dəstəyi ilə Danimarkada "Azərbaycan Evi"ni yaratdıq. Buna görə Prezident İlham Əliyevə təşəkkür edirik. Çünkü Danimarkada yaşayan azərbaycanlıların yığışmaq üçün yerləri yox idi". Səfər Sadiqi bildirib ki, ölkəmizin tarixi, mədəniyyəti, reallıqlarının geniş təbliği istiqamətində  layihələr həyata keçirilir. Məsələn. belə layihələrdən biri Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) ilə birgə Azərbaycan Mədəniyyəti Günü qeyd edilib. Azərbaycan və türk diasporunun, Danimarka ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə dahi bəstəkar Üzeyir Hacıbəyli yaradıcılığı barədə söhbət açılıb, onun əsərlərindən parçalar, musiqisi əsasında hazırlanmış rəqslər təqdim edilib. Tədbirdə çıxış edən "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi Azərbaycandan uzaqda yaşayan həmvətənlərimizin bir araya gəlməsində belə tədbirlərin əhəmiyyətini vurğulayıb. O, rəhbərlik etdiyi cəmiyyətin Azərbaycan musiqisinin, mədəniyyətinin Danimarkada təbliği ilə bağlı həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib. AzərTAc tərəfindən cəmiyyətə milli geyimlər və dərs kitablarının təqdim edildiyini bildirən S.Sadiqi bütün bunların xaricdə yaşayan hər bir azərbaycanlının arxasında güclü Azərbaycan dövlətinin dayanmasının göstəricisi olduğunu deyib.
Tədbirdə çıxış edənlər hər bir millətin yaşaması üçün onun milli musiqisinin, mədəniyyətinin və adət-ənənələrinin qorunub saxlanmasının, təbliğ edilməsinin önəmindən danışıblar. Onlar müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin bənzərsiz yaradıcılığının yaşadıqları ölkədə belə sevildiyini, bu əsərlərin sərhəd tanımadığını qeyd ediblər. Danimarkada doğulub böyüyən hər bir azərbaycanlının milli musiqimizin, mədəniyyətimizin tarixi, bu günü barədə yaxşı məlumatlandırılmasının vacibliyi vurğulanıb və gələcəkdə belə tədbirlərin tez-tez keçiriləcəyi bildirilib.
Danimarkada fəaliyyət göstərən türk diasporunun rəhbəri Bahadur Güler, belə tədbirlərin həm Azərbaycan, həm də türk dünyası mədəniyyətinin daha geniş təbliğinə imkan yaradacağını deyib. B.Güler qeyd edib ki, gələcəkdə belə tədbirlərin seminar və konfrans şəklində keçirilməsi daha geniş auditoriyanı mədəniyyətimizin zənginliyi ilə tanış etmək imkanı yarada bilər. “Cırtdan” uşaq yaradıcılıq qrupunun çıxışı mərasim iştirakçılarının marağına səbəb olub.
Diaspora sədri qeyd edib ki, Danimarkada Azərbaycan məktəbi, sonra isə musiqi məktəbi açıblar. " Musiqi məktəbində həm azərbaycanlı, həm də danimarkalı müəllimlər çalışır. Azərbaycanlı müəllimlər Azərbaycan milli musiqi və rəqslərini, danimarkalı müəllimlər isə danimarka musiqisi və rəqslərini azərbaycanlı uşaqlara öyrədir. Azərbaycan musiqisini, incəsənətini və mədəniyyətini təbliğ etməkdə musiqi məktəbinin böyük rolu var. Danimarkanın rəsmi dövlət tədbirlərində Azərbaycan musiqi məktəbinin kollektivi həmişə ön sıralarda olur. Bu da təkcə "Vətən" Cəmiyyətinin deyil, ümumilikdə Azərbaycanın uğurudur, Azərbaycan hökumətinin yürütdüyü daxili və xarici siyasətin nəticəsidir".
Səfər Sadiqi bildirib ki, krallıqda yaşayantürk diasporların fəalları ilə  daima əlaqəli fəaliyyət göstərirlər.Xüsusilə Türükçülük gününə həsr olunan tədbirlərdə Azərbaycan diaspora təşkilatı da yaxından iştirak edir. Yerli KİV təmsilçilərinin, Türkiyənin Danimarkadakı səfirliyinin əməkdaşlarının, Şimali Avropada fəaliyyət göstərən müxtəlif türk diaspor cəmiyyətlərinin də qatıldığı tədbir ictimaiyyət nümayəndələrinin marağına səbəb olur. Ötən ilin oktyabrında Türkiyə Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü ilə əlaqədar qardaş ölkənin Danimarkadakı səfirliyi tərəfindən təşkil edilən rəsmi ziyafətdə, krallıqda fəaliyyət göstərən Azərbaycan “Vətən” Cəmiyyətinin təmsilçiləri də iştirak edib. Kopenhagendə baş tutan mərasimə Danimarka hökumətinin və parlamentinin nümayəndələri, krallıqda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, media mənsubları, habelə müxtəlif türkdilli icmaların nümayəndələri qatılıb. “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi, Türkiyənin Danimarkadakı səfiri Mehmet Dönmezlə söhbət zamanı birgə həyata keçirilən layihələrə toxunaraq, əməkdaşlığın daha da genişləndirilməsi yolları barədə fikir mübadiləsi aparıb. Diaspor fəalı ziyafətdə iştirak edən qonaqlara ölkəmizin reallıqları barədə ətraflı məlumat verib. O, Azərbaycanın həyata keçirtdiyi irimiqyaslı layihələrdən, əldə edilən iqtisadi və siyasi uğurlardan, həmçinin Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar siyasət nəticəsində Dağlıq Qarabağ və ətraf rayonların uzun illər davam edən işğal faktı barədə danışıb. Səfər Sadiqi deyib ki,  Türkdilli dövlətlərin bayram və matəm günlərini birlikdə qeyd edirik. "Həmçinin bu dövlətlərin Kopenhagendəki cəmiyyətləri də Azərbaycanın bayram və matəm günlərinə həsr olunan tədbirlərdə fəal iştirak edirlər. Biz türkdilli dövlətlərin diaspot təşkilatları ilə birgə Türk Cəmiyyəti yaratmışıq. Bundan başqa, Xocalı soyqırımına, 20 Yanvar hadisələrinə, 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə, eləcə də bayram günlərinə həsr olunan tədbirlərdə bütün türkdilli dövlətlərin cəmiyyətləri iştirak edirlər. Danimarkanın paytaxtı Kopenhagendə fəaliyyət göstərən Azərbaycan Evində 20 Yanvar şəhidlərinin anım günü keçirilib. Tədbirlərdə 20 Yanvar hadisələrini əks etdirən sənədli filmlər nümayiş etdirilib. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin "Vətən" Cəmiyyətinə verdiyi bayraqlar, müxtəlif məlumatların əks olunduğu broşürlər, kitablar tədbir iştirakçılarına paylanıb. Bundan əlavə, Xocalı soyqırımının ildönümünün qeyd olunub. "Vətən"Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən anım günü Azərbaycan himnin oxunması ilə başlayıb. Daha sonra 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Kopenhagenin mərkəzi meydanı Radhuspladsda etiraz mitinqi təşkil olunub. mRadhuspladsda Azərbaycan himni səslənərək, Xocalı şəhidlərinin və Türk Dünyası şəhidlərinin ruhu bir dəqiqlik sükutla yad edilib. Mitinqdə Türkiyənin Danimarkadakı səfiri Mehmet Donmez, Roskild Ülku Ocaqları başkanı, Türkmən Kültür Cəmiyət sədri və Danimarka media nümayəndələri iştirak edib. Türkiyənin Danimarkadakı səfiri Mehmet Dönmez çıxışında bildirib ki, Xocalı soyqırımı, insanlığa yapılmış bir həqarətdir. 
Danimarka "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi öz çıxışında bildirib ki, artıq Xocalı Soyqırımından 25 il keçməsinə baxmayaraq, demokratik adlanan ölkələr ikili standartlarla oynayaraq, hələdə Xocalıya ədalətli düzgün qiymətini verməyiblər.

Mitinqdə çıxışlar danimarka və ingilis dilində aparılaraq, danimarkalılara və şəhərin qonaqlarına geniş məlumat verilib. Həmçinin danimarkalılara və səhərin qonaqlarına Xocalı soyqırımına aid məlumatlandırıcı bukletlər paylanıb.
Mitinqin qətnaməsi oxunaraq, Koroğlu uvertürasının sədaları altında mitinq sona çatıb.

Xəbər xətti