Azərbaycanın ikitərəfli siyasi münasibətlər qurduğu ilk türkdilli respublika Qazaxıstandır

18:17 - 11 Sentyabr 2017 - KİVDF

Dəyişən dünyanın yeni reallıqları şəraitində Azərbayucan diasporunun potensialından daha səmərəli istifadə olunmalıdır

Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ikitərəfli siyasi münasibətlər qurduğu ilk türkdilli respublika Qazaxıstan olub. Bu gün postsovet məkanında ən əlverişli münasibətlər məhz bu iki ölkə arasında yaranıb. Azərbaycan prezidenti İlham Əliyevin Astanaya, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Bakıya dəfələrlə dövlət səfəri etməsi Azərbaycan-Qazaxıstan münasibətləri üçün əlavə stimul olub. Milli Məclisin deputatı Asim Mollazadənin sözlərinə görə, Qazaxıstan Azərbaycanın çox vacib srateji tərəfdaşıdır. Ölkələrimizi ortaq tarix, dil və mədəniyyət birləşdirir. Bizim həmçinin ortaq taleyimiz və tariximizi bir-birinə bağlamış faciələrimiz var.“Bu gün Azərbaycanla Qazaxıstan vahid bir trenddə inkişaf edirlər. Ölkələr özlərinin energetika sahəsindəki imkanlarından istifadə edir, uğurlu demokratik ölkə qurmaq üçün mümkün olan hər şeyi edir. Əminəm ki, həm Azərbaycan, həm də Qazaxıstan üçün vacib strategiya Böyük İpək yolu, enerji və nəqliyyat dəhlizləridir. Bununla yanaşı, ortaq tarixi-mədəni köklərin qorunmasına və müasir mədəniyyətlərin paralel inkişafına əsaslanan ümumi ideyanın inkişafı da vacibdir”, - deyə A.Mollazadə bu əlamətdar tarixi BNews.kz üçün şərh edərkən bildirib.
Bu yaxın dost münasibət isə Azərbaycan diasporunu Qazaxıstanda daha fəal olmasına imkan verir. Artıq  azərbaycanlılar bu ölkənin bir çox dövlət strukturlarında işləyir və iki ölkə arasında əlaqələrin inkişafına öz töhvələrini verirlər. Azərbaycanlıların Qazaxıstanda əsasən inteqrasiya etdikləri dövlət strukturları isə daxili işlər strukturudur. Bundan başqa, hər bir universitetdə bir və ya bir neçə azərbaycanlı alim fəaliyyət göstərir, Qazaxıstanda azərbaycanlı səkkiz elmlər doktoru, 12 elmlər namizədi var. Həmçinin, rayon vergi idarəsinin rəhbəri vəzifəsində çalışan azərbaycanlı, polkovnik rütbəli həmvətənimiz, təhsil nazirliyində işləyən azərbaycanlılar var. 
Qazaxıstanın bir çox bölgəsində vilayət vəkilləri var, yəni vilayət məsləhətinin deputatları. "Xatırladım ki, bu da Qazaxıstanda seçki yolu ilə tərkibi müəyyənləşdirilən yeganə strukturdur. Sevindirici hallardan biri odur ki, Qazaxıstanın bütün dövlət strukturlarında azərbaycanlılara rast gəlmək olur,- Qazaxıstandakı Azərbaycan Diaspor Təşkilatları İttifaqının sədri Vidadi Salahov deyib. Onun sözlərinə görə, Qazaxıstanda heç bir azərbaycanlının siyasi problemi yoxdur və mövcud problemlər yalnız məişətlə bağlıdır. "Sənədi qaydasında olan bir həmvətənimizin hər hansı hüququ tapdalanarsa, cəmiyyət birinci olaraq reaksiya verir və istənilən dövlət müəssisəsinin qarşısında problemli məsələni qaldırır və ona cavab alır. 
Mən və köməkçim hüquqşünas hər hansı bir azərbaycanlını maraqlandıran hüquqi məsələlərlə bağlı hüquqi məsləhət veririk. Eyni zamanda, məhkəmələrdə tərcüməçi kimi və yaxud hüquq müdafiəçisi kimi həmvətənlərimizə köməklik göstəririk. Və qeyd etmək istəyirəm ki, bunların hamısını pulsuz edirik".
 Onun sözlərinə görə, indiki dövrdə bölgədə və ondan kənarda bitib-tükənməyən münaqişə və mübahisələr fonunda diaspora təşkilatlarının üzərinə böyük yük düşür, iki ölkə arasında ölçülüb-biçilmiş yanaşmanın tətbiqilə ölkələr arasında yetərincə etibarlı və qarşılıqlı faydalı münasibətlərin qurulmasında fəal olmalıdırlar."“Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlər Azərbaycan üçün çox çətin bir dönəmdə qurulub. Zaman göstərib ki, Azərbaycan-Qazaxısan münasibətlərinin böyük perspektivləri var. Əminliklə deyə bilərəm ki, bizim aramızda mövcud olan nəhəng əməkdaşlıq potensialı tam isifadə edilməyib və bizim can atmacağımız çox şeyimiz var. Diaspora təşkilatları bu sahədə çox iş görməlidir”, - Milli Məclisin deputatı Asim Mollazadəni bildirib. Onun sözlərinə görə, Qazaxıstan Azərbaycan üçün vacib srateji tərəfdaşdır: “İki ölkə iqtisadiyyatı üçün siyasi dialoq, iqtisadi əməkdaşlıq, o cümlədən energetika və logistika sahələrində tərəfdaşlıq çox vacib əhəmiyyət daşıyır. Azərbaycan Qazaxıstandan enerji daşıyıcılarının nəqli yollarının şaxələndirilməsində vacib rol oynaya bilər. Bu, bir tərəfdən hər iki ölkəyə maliyyə gəlirləri, digər tərəfdən isə Qazaxıstan iqtisadiyyatına böyük müstəqillik vəd edir. Bu ölkədə yaşayan azərbaycanlılar Qazaxıstanın iqtisadiyyatına öz töhvələrini verməlidirlər. Unutmayaq ki, Qazaxıstan keçmiş SSRİ-yə daxil olan respublikalar arasında Rusiyadan sonra ərazicə ikinci böyük dövlətdir və burada güclü diaspor təşkilatlarına xüsusi ehtiyac var”.
Ekspert həmçinin tərəflərin Xəzərin bölünməsi ilə bağlı mövqelərinin üst-üstə düşdüyünə də diqqət çəkib. O, əmindir ki, iki ölkə rəhbəri arasındakı qarşılıqlı anlaşma və səmərəli dialoq olmasaydı, ortaq məxrəcə gəlmək də mümkün olmazdı.“Yeri gəlmişkən, Qazaxısan prezidenti Azərbaycan cəmiyyətinin ən çox hörmət etdiyi siyasi liderlərdəndir”, - deyə politoloq bildirib. Onun sözlərinə görə, iki ölkə və xalq arasındakı isti münasibətlər həm də ortaq etnik köklərlə bağlıdır. Qazaxıstan türk dünyasının çox vacib hissəsidir. Bu yaxınlıq diaspora təşkilatlarının fəaliyyətində də his olunur. Bu fəaliyyət hər iki ölkənin daha da yaxınlaşmasına xidmət edir. Çünki bizim inkişaf etdirməli və can atmalı olduğumuz çox şeyimiz var.  Bu gün Qazaxıstanda yaşayan və gələcəyimizin təminatçısı olan uşaqlara, gənclərə yaşadıqları ölkənin adət-ənənəsini, dilini bilməklə yanaşı, doğma Vətəninə sevgi, xalqına, millətinə, dilinə həmişə sadiq qalmaları çox önəmlidir. Bu bir neçə komponentə sadiq qalmaq və qorumaq hər bir vətəndaşın mənəvi borcudur. Dioaspora təşkilatları bu istiqamətdə çox iş görməlidir.
 Aydındır ki, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafında diaspora təşkilatlarının xidmətləri Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin diqqətindən kənarda qalmır. Prezident Nursultan Nazarbayevin sərəncamına əsasən, Qazaxıstandakı Azərbaycanlıların Respublika Assosiasiyasının rəhbəri Əbilfas Xamedov Qazaxıstan Xalqları Assambleyasının sədr müavini təyin edilib. Olacaq. Qazaxıstanın paytaxtı Astanada keçirilən Qazaxıstan Xalqları Assambleyasının XXV sessiyası çərçivəsində quruma yeni sədr müavinləri təyin edilib. Bu barədə bu yaxınlarda Diasporla  İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Prezident Nursultan Nazarbayevin sərəncamına əsasən, Qazaxıstandakı Azərbaycanlıların Respublika Assosiasiyasının rəhbəri Abilfas Xamedov və Aktübin İctimai Şurasının sədri Sergey Veşnyak Assambleya sədrinin yeni müavinləri olacaq. Bu barədə sessiyadakı çıxışında məlumat verən Qazaxıstan Prezidenti bildirib ki, "bütün qazaxlar və Assambleya onları tanıyır. Etirazınız yoxdursa, mən onların Qazaxıstan Xalqı Assambleyası sədrinin müavinləri təyin edilməsi haqda sərəncam imzalayım".
Qazaxıstan Respublikası Prezidenti yanında məsləhətçi qurum olan Qazaxıstan Xalqı Assambleyasının vəzifəsi dövlətin milli siyasətinin işlənməsi və həyata keçirilməsinə dəstək göstərməkdir. Assambleyanın sədri ölkə Prezidenti Nursultan Nazarbayevdir.
Xatırladaq ki, Qazaxıstan Xalqı Assambleyasının yeni sədr müavini, soydaşımız Əbilfas Xamedov Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə, 2016-cı ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib. Qeyd edək ki, dəyişən dünyanın yeni reallıqları şəraitindəAzərbayucan diasporunun potensialından daha səmərəli istifadə olunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə müasir informasiya texnologiyaları vasitəsilə çatdırılması, xalqımızın qədim tarixinin və zəngin mədəni irsinin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması, cəmiyyətə inteqrasiyasının sürətləndirilməsi Azərbaycan dövlətinin də diqqətindədir..

Xəbər xətti