Gürcüstanda NATO-nun hərbi təlimləri davam edir

12:33 - 9 Sentyabr 2017 - DÜNYA

Gürcüstanda  Azərbaycan hərbçilərinin də iştirak etdiyi NATO-nun “Agile Spirit 2017” (“Çevik ruh”) çoxmillətli hərbi təlimləri davam edir. APA-nın Gürcüstanın Müdafiə Nazirliyinə istinadla verdiyi xəbərə görə, Orpolo hərbi poliqonunda keçirilən səhra təlimində  Gürcüstan, ABŞ, Bolqarıstan, Rumıniya və Ukrayna hərbçiləri iştirak edib. Təlimdə  hərbçilər ağır texnikanın iştirakı ilə hücum və müdafiə əməliyyatları həyata keçiriblər. Qeyd edək ki, sentyabrın 11-dək davam edəcək təlimlər Orpolo hərbi poliqonu ilə yanaşı leytenant Şota Xurtsidze adına tank qoşunları mərkəzində təşkil olunacaq. Təlimlərdə Gürcüstan, ABŞ, Bolqarıstan, Latviya, Rumıniya, Ukrayna və Azərbaycan hərbçiləri iştirak edir. Təlimlərin keçirilməsində məqsəd ABŞ qüvvələri ilə NATO-nun üzv və tərəfdaş ölkələrinin hərbçiləri arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, müdafiə və hücum əməliyyatları üzrə biliklərin artırılması və regionda təhlükəsizliyin təmin olunmasıdır. “Agile Spirit” təlimləri 2011-ci ildən etibarən hər il keçirilir. Təlimlər Gürcüstanın ABŞ və NATO ilə əməkdaşlığının komponentlərindən biridir.

Xəbər xətti