Ukraynanın Xarkov şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq

18:19 - 31 Avqust 2017 - KİVDF

Seyfəddin Qurbanov: " Mədəniyyət Mərkəzi şəhərin mərkəzində, erməni kilsəsinin yanında açılacaq"

Ukraynanın Xarkov şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq. Ukraynanın xalq rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının Heykəltəraşlıq kafedrasının müdiri Seyfəddin Qurbanov bildirib ki, Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Xarkovda açılacaq Mədəniyyət Mərkəzinin sənədləşmə işləri artıq yekunlaşıb. Mərkəzin nəzdində ART Qalereya və Heykəl Parkı da olacaq. S.Qurbanov deyib ki, Xarkovda erməni diasporunun güclü olmasına baxmayaraq, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin birbaşa təkidi ilə Mədəniyyət Mərkəzi şəhərin mərkəzində, erməni kilsəsinin yanında açılacaq: “Azərbaycanın Ukraynadakı səfirliyi ilə sıx əməkdaşlığımızın nəticəsidir ki, Kiyevin mərkəzində Müslüm Maqomoyev adına park da salınacaq və orada onun heykəli ucaldılacaq. Bu günlərdə Ukrayna Prezidenti Petro Poroşenko tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” mükafatına layiq görülməyimdə də səfir Azər Xudiyevlə birgə layihələrimizin böyük təsiri olub”.
Qeyd edək ki, Xarkovda Azərbaycan disporası kifayət qədər güclüdür və fəaliyyəti ilə həmişə diqqət çəkir.Xarkov şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması da onun gücündən xəbər verir. Bundan başqa, diaspora təşkilatları bu şəhərdə bir çox tədbirlər həyata keçiriblər. Örən ilin dekabrında  baş tutan konsert  böyük maraq doğurub. Bu konsert Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunub. Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə kecirilən bayram tədbirində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, Sumı Vilayətinin qubernatoru Nikolay Kluçko, Xarkov Vilayət admnistrasiyasının aparat rəhbəri Anatoli Babiçev,Azərbaycan və Ukrayna parlamentinin deputatları, tanınmış mədəniyyət və incəsənət xadimləri, diaspora və media təmsilçiləri iştirak ediblər. Azərbacan və Ukraynanın dövlət himnlərinin sədaları ilə başlanan tədbirdə Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov çıxış edərək,müstəqil Azərbaycan dövlətinin qurulmasında və dünya Azərbaycanlılarının milli məvkurə ətrafında birləşməsində ümummili lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Fəxri konsul Azərbaycanla Ukrayna arasındakı iqtisadi, siyasi, elmi, mədəni əlaqələrin inkişaf dinamikasından söz açaraq, hər iki dövlət başçısının qarşılıqlı münasibətlərin inkişaf etdirilməsinə xüsusi diqqət ayırdığını diqqətə çatdırıb.
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev isə qeyd edibki, ümummilli liderimiz Heydər Əliyev 25 il bundan öncə dünya azərbaycanlılarının həmrəylik gününü tarixə salmaqla, dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox soydaşımızı sözün əsl mənasında milli azərbaycançılıq ideologiyası ətrafında birləşdirib. Dahi öndərin bu siyasi kursu möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən səfir, son illər Azərbaycanın böyük inkişaf yolu keçdiyini, xalqımızın öz maddi və mənəvi dəyərlərinin sahibinə çevrildiyini diqqətə çatdırıb. Ermənistanın ölkəmizə qarşı həyata keçirtdiyi işğalçılq siyasətindən bəhs edən diplomat, günü-gündən hərbi, iqtisadi qüdrətini artıran dövlətimizin istənilən vaxt işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə qadir olduğunu vurğulayıb.
Tədbirdə Sumı vilayətinin qubernatoru Nikolay Kluçko, Xarkov Vilayət admnistrasiyası aparatının rəhbəri Anatoli Babiçev, Ukrayna ali radasının deputatı Oleq Medunitsa, Azərbaycan Milli Məclisinin üzvü Mirkazım Kazımov, milli məclisin keçmiş deputatı Elton Məmmədov və digər rəsmi şəxslər çıxış edərək, son illər Azərbaycanla Ukrayna arasında regional iqtisadi, ticari əlaqələrin inkişaf etdirilməsində Azərbaycanın Xarkov şəhərində fəxri konsulluğunun səmərəli fəaliyyətindən söz açıblar. Xarkov vilayətində yaşayan soydaşlarımızın birlik və həmrəylik təntənəsinə çevrilən bayram konsertində Ukraynanın Xalq artistləri Qurban Abbasovun, Yuri Rıbçınskinin, Pavel Zibrov və digər tanınmış sənət ustalarının ifasında maraqlı konsert proqramı nümayiş etdirilib. Taninmış səhnə ulduzlarının şən və həzin mahnıları tədbirə qatılanlara əsl bayram ovqatı bəxş edib.
Qeyd edək ki, Xarkov vilayəti həmişə Azərbaycanın maraq dairəsində olub. İqtisadi əlaqələrin inkişafı hər iki tərəfə sərfəlidir. Bu məqsədlə dəfələrlə işgüzar səfərlər həyata keçirilib. Məsələn, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Xarkov vilayətinə işgüzar səfər edib. A.Xudiyev vilayətin qubernatoru Yuliya Svetliçnaya ilə görüşüb. Y.Svetliçnaya Azərbaycanla Xarkov vilayətinin ağır və yüngül sənaye müəssisələri arasındakı qarşılıqlı əlaqələrindən bəhs edib, bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Xarkov şəhərinin ali təhsil ocaqlarında 3 mindən çox azərbaycanlı tələbənin təhsil aldığını bildirən qubernator Xarkov vilayətinin Azərbaycanla iqtisadi, mədəni, elm və təhsil əlaqələrinin inkişafına xüsusi maraq göstərdiklərini vurğulayıb. A.Xudiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatlar, bölgədə həyata keçirilən qlobal iqtisadi layihələrdən bəhs edib. Azərbaycanda və Xarkov vilayətində fəaliyyət göstərən fabrik, zavod və sənaye müəssisələri, o cümlədən, aqrar və turizm sektorları arasında səmərəli əlaqələrin qurulması üçün əlverişli investisiya mühitinin olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə Azərbaycan səfirliyinin regional əməkdaşlığın inkişafına, müştərək işbirliyinin qurulmasına və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə dəstək verməyə hazır olduğunu vurğulayıb.
Diplomat səfəri çərçivəsində Ukrayna Dövlət Dəmiryolu Universitetində Xarkovda təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Sonra Azərbaycanın Xarkovdakı Fəxri konsulluğunda Azərbaycan-Ukrayna münasibətlərində iqtisadi-ticarət münasibətlərinini inkişaf strategiyası mövzusunda "dəyirmi masa" - konfrans keçirilib. Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri A.Xudiyev Xarkov vilayəti Dövlət administrasiyası aparatının rəhbəri Anatoli Babiçev, Sumı vilayətinin qubernatoru Mikola Kloçko, Ukrayna parlamentinin deputatı Oleq Medunitsa, Ukrayna Dövlət Dəmiryolu Universitetinin rektoru Sergey Pançenko, Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev və digərləri iştirak ediblər. Konfransda çıxış edənlər Azərbaycanla Ukrayna arasında mövcud olan iqtisadi, ticari, elmi, texniki əlaqələrin gələcək perespektivlərini müzkirə ediblər. Son 2-3 ildə Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun təşəbbüsü ilə Azərbaycanla Ukraynanın bir sıra regionları arasında qurulmuş əməkdaşlığın səmərəli nəticələrindən söz açıblar. Bu istiqamətdə Azərbaycanla Xarkov vilayətinin bir sıra sənaye müəssisələri arasında əməkdaşlığa dair müqavilələrin imzalanması təqdirəlayiq hal kimi dəyərləndirilib.
İki tərəfli əlaqələrin inkişafında mədəıniyyət tədbirləri də rol oynayır. Hər il Xarkov şəhərində təntənəli Novruz şənliyi keçirilir. Azərbaycanın Xarkov şəhərindəki Fəxri konsulluğunun təşəbbüsü ilə keçirilən Novruz şənliyində Xarkov, Sumı və Çerniqov vilayət dövlət administrasiyasının rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri, deputatlar, diplomatik korpusların nümayəndələri, diaspor və media təmsilçiləri iştirak edirlər. Tədbirdə Azərbaycan xalqının öz maddi və mənəvi sərvətlərinə sahib çıxdığı, Novruz adət-ənənələrinin isə ümumxalq bayramına çevrildiyii nəzərə çatdırılır. Çıxış edənlər iqtisadi inkişaf tempinə görə Cənubi Qafqazda lider, beynəlxalq arenada nüfuzlu dövlətə çevrilən müstəqil Azərbaycan Respublikasının öz maddi və mənəvi dəyərlərinə sahib çıxmasının fərəhləndirici hal olduğunu vurğulayırlar.

Xəbər xətti