Gürcüstandakı Azərbaycan diasporası fəaliyyətini genişləndirir

17:06 - 17 İyul 2017 - KİVDF

Azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasılə əlaqədar bir sıra layihələr həyata keçirilir.
Azərbaycanın fəaliyyəti ilə ceçilən, onun tanıdılmasında rol oynayan diaspor təşkilatları arasında Gürcüstanda fəaliyyət göstərən Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyəti, Azərbaycanlıların Mədəniyyət Mərkəzi xüsusilə seçilir.  Məsələn bu günlərdə Azərbaycanın Batumidəki baş konsulluğundan bildiriblər ki, Acariyada yaşayan azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin öldürülməsindən ciddi narahatdırlar. Acarıstan Muxtar Respublikasında fəaliyyət göstərən Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyəti Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin öldürülməsi faktı ilə bağlı bəyanat yayıb. Bəyanatda Ermənistan ordusunun növbəti təxribatının Gürcüstanın qərbində, Acarıstan Muxtar Respublikasında yaşayan azərbaycanlıların narahatlığına səbəb olduğu bildirilir. Bəyanatda deyilir: “Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönələn artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüququn norma və prinsiplərinə riayət etmir. Əksinə, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə BMT-nin, 1949-cu il Cenevrə konvensiyalarının, həmçinin uşaqların hüquqlarına dair və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir”.
Bəyanatda qeyd olunur ki, Acariyada yaşayan azərbaycanlılar Azərbaycan dövlətinin, Ali Baş Komandan, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti dəstəkləyir və daim tarixi Vətənləri Azərbaycanla bir yerdədirlər. Bəyanat gürcü mətbuatında da geniş işıqlandırlıb. “Adjara” PS qəzeti məlum hadisələrlə bağlı məlumat dərc edib.
Bundan əvvəl isə Gürcüstanda fəaliyyət göstərən diaspora təşkilatları erməni təxribatının qarşısini alıb. Ötən il  Gürcüstanın Axalkələki və Batumi şəhərlərində qondarma "arsax" və "kürdüstan"ın simvolları- bayraqları qaldırılıb, sonra isə "arsax"ın bayrağı Tiflisin mərkəzində peyda olub. Söhbət Azərbaycan ərazisi olan Dağlıq Qarabağda erməni separatçılarının Ermənistanın köməyi ilə yaratdıqları qondarma qurumun bayrağından gedir. Bununla bağlı Gürcüstan azərbaycanlıları ölkə prezidenti Giorgi Marqvelaşviliyə açıq məktubla müraciət ediblər. Məktubda bildirilir ki, Gürcüstan istənilən separatçılıq təzahürünə qarşı birmənalı münasibət göstərir: "Ümumilikdə Gürcüstanın mövqeyi aprelin əvvəlində Qarabağda hərbi vəziyyətin gərginləşməsi zamanı dəqiq ifadə olunub. Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, ölkə rəhbərliyi isə münaqişənin həllində vasitəçiliyini təklif edib. Təbii ki, Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər".
Məktub müəllifləri qeyd edirlər ki, əgər Gürcüstanda, xüsusən də paytaxt Tiflisdə separatçılıqın təbliğatı aparılırsa və etnik təmizləmələr "qələbə" kimi təqdim olunursa, bu, o deməkdir ki, ziyan Gürcüstanın özünə və onun ərazi bütövlüyünü bərpa etmək perspektivlərinə vurulur: "Əslində söhbət Gürcüstanı təxribata çəkməkdən, ölkəni beynəlxalq miqyasda Qarabağ münaqişəsinin tərəfi, separatçıların tərəfi kimi kimi təqdim etmək cəhdlərindən gedə bilər".
Məktub müəllifləri, həmçinin Gürcüstan rəsmilərinin belə təhlükəli faktlara əhəmiyyət verməməsindən və heç bir tədbir görülməməsindən narahatlıqlarını dilə gətiriblər: "Başa düşmək lazımdır ki, əgər bu gün qətiyyətli addımlar atılmasa, ekstremist və separatçı şəxslərin sıraları genişlənəcək və onlar Gürcüstanda mövqelərini gücləndirəcəklər. Bu qruplar gürcü xalqının maraqları ilə ortaq heç nəyi omayan və Gürcüstan dövlətçiliyinin nüfuzunu, maraqlarını təhlükə altına qoyan millətçi separatçı simvolları yayacaqlar".
Yuxarıda sadalananları nəzərə alaraq azərbaycanlılar Gürcüstan Prezidentinə ölkə ərazisində separatçılığın və onun simvollarının istənilən təzahürünün, həmçinin millətlərarası qarşıdurmanın alovlanmasına yönəlmiş hərəkətlərin qarşısını almaq üçün hüqüq-mühafizə orqanlarına göstəriş verməsi barədə xahişlə müraciət ediblər.
Qeyd edək ki, müraciəti Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, "Sadaxlı dirçəliş cəmiyyəti"nin sədri Sabir Mehdiyev, Gürcüstan azərbaycanlılarının milli konqresinin sədri Əli Babayev, MRMG Milli azlıqların hüquq-müdafiə monitorinq qrupunun rəhbəri Elbrus Məmmədov, "Qeyrət" xalq hərəkatının sədri Əlibala Əsgərov və digərləri imzalayıblar. Bu müraciət, və azərbaycanlıların fəallığı ermənilərin başqa şəhərlərdə təxribat törətməsinin qarşısını alıb.
Bu gün Gürcüsranda fəaliyyət göstərən təşkilatlardan biri də Azərbaycanlıların Mədəniyyət Mərkəzidir (AMM). Bu mərkəz 1996-cı ildə Tbilisi şəhərində təsis edilib. Bu qurum əsasən mədəni təbliğat işi ilə məşğul olur. Buraya müxtəlif təbəqələrdən olan Gürcüstanda yaşayan soydaşlarımız üzvdürlər. Azərbaycanlıların Mədəniyyət Mərkəzi 2004-cü ildə qeydiyyatdan keçib. Mərkəzin əsas məqsədi azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiya olunması, gənclərin təhsilə marağının artırılması, mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı təbliğ edərək özümüzü yaşadığımız cəmiyyətə daha da yaxşı şəkildə təqdim etmək və s. kimi işləri həyata kecirməkdir. Bu istiqamətdə mərkəz azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasılə əlaqədar bir sıra mühüm layihələr həyata keçirilir. Onlardan biri Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə AMM –in Gürcüstanda fəaliyyət göstərən bir çox azərbaycandilli məktəblərdə dərslərdən əlavə gürcü dili öyrətmə kursları təşkil etməsidir. Mərkəzin nəzdində sistematik və fasiləsiz gürcü dili öyrətmə, həmçinin, kompüter  kursları fəaliyyət göstərir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyilə iri məktəb və məktəbdən kənar şagirdlər gürcü dili kurslarına cəlb edilirlər. Ali təhsil ocaqlarına daxil olan tələbələrin 80 faizi bu kursların dinləyiciləridir. Tbilisinin ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələr üçün aylıq təqaüd proqramları da mövcuddur. Sistematik olaraq Mərkəzin daxilində gürcü, ingilis dilləri, kompyuter kursları, Azərbaycan tarixi və ədəbiyyatı dərnəyi fəaliyyət göstərir.
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində “Sarvan” folklor  rəqs qrupu, “Yazarlar Birliyi” fəaliyyət göstərir. Mərkəz “Sarvan” milli rəqslərimiz, aşıq sənətimiz və digər folklor nümünələrimizin inkişafı və təbliği istiqamətində müəyyən işlər görür. Ansambl dəfələrlə yerli və beynəlxalq festivallarda Azərbaycan və gürcü mədəniyyətini təmsil edərək mükafatlar qazanıb.
Mərkəzin tərkibində kitabxana da mövcuddur. Mərkəzin nəzdində, həmçinin, Gənclər Şurası fəaliyyət göstərir. Şura tərkibində futbol komandası, intellektual əl işləri dərnəyi və digər klublar yaranıb. Şuranın vasitəsilə sərgilər, görüşlər, iclaslar və s. təşkil olunur. İnformasiya qıtlığını aradan qaldırmaq üçün  AMM qəzet və jurnal nəşriyyatı ilə məşğuldur. Belə ki, AMM-ın xətti ilə “Region ress” qəzeti, “Qarapapaqlar” və “Meydan” jurnalları nəşr olunur.  Bundan başqa, müntəzəm şəkildə Azərbaycanın və Gürcüstanın milli bayramlarına, tarixi əhəmiyyətli günlərinə həsr olunan tədbirlər təşkil olunur. Məsələn, AMM Tbilisidə Aşıqların III qurultayının, Aşıq Kamandarın və Aşıq Əmrahın yubileylərinin dövlət səviyyəsində keçirilməsinə nail olunub.
AMM-nin dəstəyilə bir çox yazıçıların, şairlərin kitabları da nəşr olunur, poeziya gecələri, yubileylər və mühazirələr təşkil olunur. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin kitabxanası seriyasından 20-dən çox kitab nəşr olunub. Onlardan – “Gürcüstan azərbaycanlılarının ədəbiyyatı tarixi ”, “Azərbaycan folkloru antologiyası-Borçalı” və s.
Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatı nümunələrindən ibarət kitabxana mövcuddur. Kitabxanada 2000-dən çox kitab oxucuların ixtiyarındadır.
(ardı var)

 

Xəbər xətti