"Artıq səsimizi eşidirlər"

18:09 - 10 İyul 2017 - KİVDF

Əlibəy Məmmədov: " Hər iki xalqın mədəniyyətində, adət-ənənəsində oxşar cəhətlər var və bu amillər Azərbaycana yaponlar arasında sevgi və hörmət qazandırir"

 Qısa müddətdə gördüyümüz işlər göstərir k, uğurlarımız var. "
Yaponiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrlə yanaşı siyasi əlaqələrdə inkişaf edir. Bu ölkənin əhalisinin ölkəmizə qarşı marağı hər il artır. Bu da Azərbaycanın Yaponiyada güclü diaspora təşkilatına ehtiyac olduğunu göstərir. Artıq belə bir təşkilat  fəaliyyətilə diqqət çəkir. Azərbaycan Əməkdaşlıq Assosiasiyası Yaponiyada Azərbaycanı tanıtmaq, Azərbaycan həqiqətlərini yaymaq, tariximizi, mədəniyyətimizi təbliğ etməklə məşğul olur. Bu işin təşəbbüskarı Hokkaydo Universitetində konfliktologiya elmi üzrə fəlsəfə doktoru Əlibəy Məmmədov olub. O, “Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyası”nın sədridir  Ə.Məmmədov bildirib ki, son illər Yaponiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı səfərlər, kadr mübadiləsinin artması, mədəni əlaqələrin sürətli inkişafı, eyni zamanda biznes sahəsində gözəçarpan işlərin görülməsi, Azərbaycana Yaponiyanın kiçik və orta sahibkarlarının böyük maraq göstərməsi Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının yaradılmasına təkan verən əsas amillərdəndir. Onun sözlərinə görə, hər zaman əlimizdən gələni edirik ki, ölkəmiz haqqında müsbət fikir yaradaq. "Bütün bunların bariz nümunəsi olaraq, bu gün biz yaponiyalı məktəblilərdə Azərbaycana böyük sevgi və rəğbət hissi, elm adamlarında yeni araşdırma ideyaları, iş adamlarının Azərbaycanla biznes əlaqələrində uğurlar qazanması, Azərbaycan kənd təsərrüfatı məhsullarının inamla Yaponiya bazarlarına çıxmasını görürük. Ziyalılar və iş adamlarının Azərbaycana artan səfərlərini görürük. Bu, artıq özü böyük uğurdur. Amma bununla kifayətlənmək fikrimiz yoxdur. Bundan sonra da bütün varlığımla, bütün gücümlə Yaponiyada Azərbaycan adının yüksəklərə qalxması və bunun davamlı olması üçün əlimdən gələni etməyə davam edəcəyəm. Bu məni böyüdüb boya- başa çatdıran vətənim, dövlətim, xalqım və millətim qarşısında olan mənəvi borcumdur. Bunları görmədən mənə mənəvi rahatlıq halal olmaz".
Əlibəy Məmmədov bildirib ki, son üç ildə 400-ə yaxın yapon iş adamı Azərbaycana səfər edib." Rəhbərlik etdiyim təşkilat Yaponiyada Azərbaycanın tanıdılması istiqamətində əvəzsiz xidmətlər göstərir. Hər iki xalqın mədəniyyətində, adət-ənənəsində oxşar cəhətlər var. Məhz bu amillər Azərbaycana yaponlar arasında sevgi və hörmət qazandırir".
Onun sözlərinə görə, azərbaycanlıların qonaqpərvərliyi, xaricilərə isti münasibəti yaponları cəlb edir və ölkəmizlə biznes, eləcə də mədəni əlaqələr qurmağa qərar verirlər. Məsələn, Günəş və külək enerjisinə yatırımları ilə tanınan mütəxəssis H.Taniguçi diaspor təşkilatının xalqlarımızı daha da yaxınlaşdıracağına, mədəni əlaqələrin inkişafı vasitəsilə, siyasi və iqtisadi əməkdaşlığın güclənməsinə böyük töhfələr verəcəyini dəfələrlə qeyd edib. Ötən ilin oktyabrında Yaponiyanın paytaxtı Tokio şəhərinin əsas mərkəzlərindən biri olan Ropponqidə yaponiyalı kiçik və orta sahibkarların iştirakı ilə təşkil edilən ziyafətdə Azərbaycanda dəfələrlə səfərdə olmuş, son 3 ildə 400 nəfərə yaxın yaponiyalı biznesmeni Azərbaycana aparmış, Yaponiyada Azərbaycanın təbliğatı işinə böyük töhfələr vermiş Kazuyasu İşida və digər sahibkarlar Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, stabil siyasi həyatı, biznes mühiti ilə bağlı fikir mübadiləsi aparıblar. Müntəzəm olaraq yaponiyalı kiçik və orta sahibkarların təşkil etdikləri məclislərə dəvət olunuram. Buralarda bir daha əmin oluram ki, Azərbaycanın kənd təsərrüfatı və turizminin inkişafına böyük maraq vardır. Bundan əlavə, son illərdə Azərbaycan və Yaponiya arasında siyasi sahədə də yaxınlaşma sezilir. Xüsusilə 2015-2016-cı illərdə Azərbaycandan Milli Məclisin Sədri Oqtay Əsədov, Baş Nazirin müavini Əli Həsənov, Prezidentin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənovun Yaponiyaya səfərləri, Yaponiya tərəfdən isə Baş Nazirin müavini, eyni zamanda maliyyə naziri Taro Asonun, nazir Amari Akiranın və digər yüksək rütbəli şəxslərin səfərlərinin xüsusi əhəmiyyət daşıdığını və iki ölkə arasında siyasi sferada yaxınlaşmanın olmasından xəbər verdiyini qeyd etmək olar. Bütün bunları nəzərə alaraq, əminliklə deyə bilərəm ki, Azərbaycan bir dövlət olaraq Yaponiya üçün Post-Sovet məkanında ən etibarlı geosiyasi partnyor rolunu oynamağa qadirdir və bu Yaponiya tərəfindən yüksək qiymətləndirilir".

Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri  Ə.Məmmədov  bildirib ki, keçmiş Sovet ölkələri, Mərkəzi Asiya ölkələri üzrə araşdırmalar aparan və regionu bilən mütəxəssislər və siyasi simalar Cənubi Qafqaz regionunda Azərbaycanı hər cəhətdən ən stabil və inkişaf etmiş ölkə kimi tanıyırlar. "Adi insanları isə xüsusilə Rio Olimpiadasından sonra Azərbaycanı inkişaf etmiş idman ölkəsi kimi tanımağa başladılar. Xüsusilə cüdo və güləş yarışlarında final və yarımfinal görüşlərində azərbaycanlılarla yaponların qarşıdurmaları çox oldu. Bu Yaponiyada Azərbaycan adının tanınmasına böyük töhfə verdi. Bundan sonra ilk aldığımız sual “Azərbaycan niyə görə döyüş növlərində bu qədər güclüdür?” olurdu. Digər tərəfdən kiçik və orta sahibkarlar Azərbaycanı neft ölkəsi kimi zəngin və güclü iqtisadi inkişaf etmiş bir dövlət kimi tanıyırlar və ölkəmizdə biznes sahəsinə böyük maraq göstərirlər. Bu gün mən əminliklə deyə bilərəm ki, Yaponiyada Azərbaycana həm cəmiyyətimizdəki tolerantlıq nöqteyi-nəzərindən, həm iqtisadi gücü və idman yarışlarında olan uğurlarına görə böyük maraqla yanaşırlar. Son vaxtlar televiziya proqramlarında da bir neçə dəfə Azərbaycanla bağlı verilişlər yayımlanmışdı. Bunların hər birində ölkəmizi çox zəngin, varlı bir məkan kimi təqdim edirlər. Onu da qeyd edim ki, Yaponiya dövlət səviyyəsində Cənubi Qafqazda əsas strateji partnyoru kimi Azərbaycanı görür".
Təşkilat rəhbəri Ə.Məmmədov Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının yaponiyalı üzvlərinin sayını iki il ərzində 1000 nəfərə çatdırmağı və müntəzəm olaraq Azərbaycana dair elmi, maarifləndirici tədbirlərin keçirilməsinı planlaşdırdıqlarını bildirib. "Yaponiyada Azərbaycan haqqında müsbət imicin formalaşması mənim ruhi qidam, rahatlığım olardı. Biz artıq bunun işartılarını görməkdəyik. Hər dəfə Azərbaycanla bağlı məlumat verəndə, hiss edirəm və görürəm ki, Yaponiyada Azərbaycan aşiqlərinin sayı artır. Bir məsələni də deyim ki, diaspor təşkilatları gərək yalnız ayrı-ayrı ölkələrdə olan həmyerlilərimizlə deyil, əsas etibarilə ayrı-ayrı ölkələrin yerli vətəndaşları, siyasi və biznes dairələri ilə işləsinlər. Bizim diaspor təşkilatlarının əsas və başlıca vəzifəsi xarici ölkələrdə Azərbaycanı tanıtmaq, onun haqqında müsbət rəy yaratmaq və qarşılıqlı mübadilələrin yaradılması, onun sürətləndirilməsi yolu ilə ikitərəfli münasibətlərin inkişafına nail olmaq olmalıdır.".  
 O bildirib ki, bu illər ərzində Azərbaycan diasporu böyük inkişaf yolu keçib. Assosssiya sədri bildirib ki. artıq dünyanın ayrı-ayrı ölkələrində təhsil alan, işləyən, yaşayan həmvətənlərimizin yaratdıqları diaspor təşkilatları dünya səviyyəsində öz sözünü deməyə başlamışdır. "Artıq səsimizi eşidirlər. Qısa müddətdə gördüyümüz işlər göstərir k, uğurlarımız var. "

Xəbər xətti