Digər xalqların diaspor təşkilatları ilə əlaqələr gücləndirilir

17:53 - 3 İyul 2017 - KİVDF

 Bu da Azərbaycanın haqq səsinin daha geniş və əhatəli duyulmasına şərait yaradır


2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzaladı. 2003-cü ildə prezident seçilən İlham Əliyev də diaspor və lobbiçilik məsləsinə xüsusi önəm verdi. Azərbaycan diasporunun vəziyyəti, inkişafı və dünyada real gücə, söz sahibinə çevrilməsi dövlət başçısının daim diqqət mərkəzində oldu. Prezident İlham Əliyevin tövsiyələri əsasında diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrinin gücləndirilməsi sahəsində müntəzəm tədbirlər həyata keçirildi. Azərbaycan diasporu artıq daha geniş və əhatəli fəaliyyət göstərməyə başladı. Bu da Azərbaycanın haqq səsinin daha geniş və əhatəli duyulmasına şərait yaratdı.
 2008-ci il 19 noyabrında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması isə irəliyə doğru atılmış daha bir addım oldu. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması azərbaycançılıq ideyasının təbliği, xarici ölkələrdə yaşayan azərbaycanlıların vahid ideya ətrafında birləşməsi, təşkilatlanması məqsədinə xidmət edirdi. Diaspor quruculuğu üçün qısa müddət hesab edilən ötən dövr ərzində dünyadakı azərbaycanlıların birliyi təmin edildi və qarşıya qoyulan ilkin məqsədlərə çatıldı. Xaricdəki soydaşlarımızın məskunlaşdıqları ölkələrin cəmiyyətlərində mövqelərimiz möhkəmləndi, ölkəmizin dünyaya tanıdılması, zəngin mədəniyyətimizin təbliği sahəsində, bəzi qüvvələrin dövlətimiz və xalqımızın əleyhinə yönəlmiş məkrli planlarına qarşı təsirli tədbirlər görüldü. “Xarici dövlətlərdə fəaliyyət göstərən diaspor təşkilatlarımız ölkəmizin mənafeyinə zidd olan addımlara adekvat cavab verməklə mühüm işlər gördülər. Azərbaycan diasporu ölkəmizin milli maraqları ilə bilavasitə bağlı olan məsələlərə daim ciddi, operativ reaksiya verdi. Lobbi quruculuğunun uğurlu təşkilinin ən vacib şərtlərindən biri isə müxtəlif ölkələrin parlament və hökumət üzvlərinin, eyni zamanda, dövlət orqanlarının nümayəndələri ilə əməkdaşlıq əlaqələrinin qurulmasına nail olmaq idi " Bu günə qədər Azərbaycan lobbisinin təşkilində yardım göstərə biləcək bir sıra ölkələrin nümayəndələri ilə keçirilmiş görüşlərdə soydaşlarımızın təşkilatlanması və onların hüquqlarının daha etibarlı qorunmasının təmin edilməsi məqsədilə geniş müzakirələr aparıldı”,- Diasporla İş üzrə Dövlət Komitəsinin(DİDK) sədri Nazim İbrahimov deyib 
Üstəlik, bu dövrdə Azərbaycan diasporu təşkilatlanma işini başa vurmaqla bərabər türkdilli xalqlarının diasporları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasına nail olundu. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən türk diaspor təşkilatları ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurması hər iki ölkənin problemlərinin, xüsusilə Azərbaycan həqiqətlərinin daha effektiv təbliğinə imkan yaradırdı. Bu istiqamətdə atılmış ən mühüm addımlardan biri də 2006-cı il iyun  ayının 7-də Türkiyənin Antalya şəhərində Azərbaycan və türk icmalarının birgə fəaliyyət strategiyasının hazırlanmasına həsr olunmuş konfransın keçirilməsi oldu. Dövlət başçısının təşəbbüsü ilə 2007-ci ildə Türk dövlət və cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq qurultayının, Türkiyə və Azərbaycan diaspor təşkilatları rəhbərlərinin I forumunun Bakıda keçirilməsi, Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması, mərkəzi ofisinin ölkəmizdə yerləşməsi də bu birliyə doğru atılan addımların əsas tərkib hissələrindən idi. “Həm Azərbaycan, həm Türkiyə üçün taleyüklü məsələlərin həllində diasporlarımız hər zaman bir-birinin yanındadır. Diaspor siyasətindəki ən mühüm nailiyyətlərdən biri də azərbaycanlı və türk diasporları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılmış addımlardır. Çünki Azərbaycan türk dünyası arasında birliyin təmin olunmasına, əməkdaşlığın inkişaf etdirilməsinə böyük önəm verilir”,-Diasporla İş üzrə Dövlət Komitəsinin(DİDK) sədri Nazim İbrahimov deyib. 
Azərbaycanlı və türk diasporlarının bir çox məsələlərdə ortaq mövqedən çıxış etdiklərini vurğulayan N. İbrahimov qeyd edib ki, diasporumuzun digər xalqların diaspor təşkilatları ilə əməkdaşlığının ən əsas hədəfi dünyadakı şişirdilmiş erməni təbliğatının, erməni yalanlarının qarşısını almaq, bu sahədə konkret addımlar atmaqdır: “Xüsusilə vurğulamaq lazımdır ki, türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid məqsədlər uğrunda mübarizəsi, ideoloji məsələlərdə eyni mövqedən çıxış etməsi, erməni təbliğatına qarşı birgə mübarizəyə qoşulması Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindəndir. Bu, bütövlükdə türkdilli xalqların dünya siyasətindəki yerini, təsir imkanlarını, nüfuzunu təmin etməyə yönəlmiş tarixi missiyadır”.
Onun sözlərinə görə, dünyada güclü erməni diasporunun olduğunu nəzərə alsaq onların yalan təbliğatına qarşı türk-Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyəti bu günün tələbidir. N. İbrahimov vurğulayıb ki,  Azərbaycan diasporunun məqsəd və vəzifələrinin əsas hədəfllərindən biri də ilk növbədə Qarabağ münaqişəsinə və azərbaycanlıların tarix boyunca erməni təcavüzünə uğramasına ədalətli beynəlxalq qiymətin verilməsi idi. Bunun nəticəsidir ki, ermənilərin Qarabağ müharibəsində törətdiyi vəhşiliklərin, xüsusən Xocalı soyqırımının və əsrlərdir erməni millətçilərinin apardığı etnik təmizləmə siyasətinin mahiyyətini dünya ictimaiyyətinə çatdırıldı. "Ermənilər həmişə türklərə, azərbaycanlılara qarşı soyqırımı siyasəti aparıblar. Keçmiş tarixdə də, yaxın tarixdə də belə olub və Xocalı soyqırımı bunun bariz nümunəsidir. Günahsız insanları, uşaqları, yaşlı qadınları qətlə yetirmək soyqırımı deyil, bəs nədir? Ancaq əfsuslar olsun ki, dünya birliyi bunu ya görmür, ya da görmək istəmir, ermənilərin, erməni lobbisinin və dünya ermənilərinin uydurma faktları əsasında qərar qəbul edirlər",- o deyib.
 Onun cözlərinə görə, erməni yalanlarına, eyni zamanda dünyanın ikili siyasətinə qarşı öz siyasətimizi, həqiqətimizi, təbliğatımızı, gücümüzü ortaya qoymalıyıq və qoyuruq da.. Əlbəttə ki, həqiqəti çatdırmaq, təbliğ etmək, bütün dünyaya yaymaq diaspor təşkilatlarının, hər bir vətənpərvər insanın işidir.
Qeyd edək ki, bu gün Xocalı soyqırımını tanıyan ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların sayının artması, ABŞ-ın 13 ştatının Xocalıda baş verənləri soyqırım kimi qəbul etməsi Azərbaycan diasporunun fəaliyyətinin nəticəsidi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” kampaniyası da bu sahədə görülən işlərin səmərəsini artırıb. Bundan başqa, diaspor təşkilatlarımız hər il dünyanın bir çox ölkəsində Xocalı soyqrımı ilə bağlı müxtəlif aksiya və tədbirlərlə yerli ictimaiyyətin diqqətini bu hadisəyə yönəltməyə çalışırlar.

Xəbər xətti