"Təmənnasız qan verənlərin sayı artır"

13:26 - 20 İyun 2017 - Müsahibə

Vüsalə Səfərəliyeva: "Hazırda təxminən 70 nəfər talassemiyalı xəstə Mərkəzi Qan Bankının Mingəçevir bölməsindən qan alır"


Son illər regionlarda ehtiyacı olanların qanla təminatını yaxşalaşdırmaq üçün Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı xeyli işlər görüb. Hazırda Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının 8 regional bölməsi fəaliyyət göstərir. Bu bölmələr Səhiyyə nazirinin 30 noyabr 2010-cu il 102 nömrəli əmrinə əsasən təşkil olunub.  Mərkəzi Qan Bankının region bölmələri ən müasir avadanlıqlarla təmin olunub. Mərkəzi Qan Bankının Mingəçevir bölməsinə səfər edərkən də bunun şahidi olduq. B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının Mingəçevir bölməsinin rəhbəri hemotoloq həkim Vüsalə Səfərəliyeva deyir ki, 7 ilə yaxındır fəaliyyət göstərirlər. Hazırda bölmə Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Ucar, Zərdab və  Ağsu rayonlarında qeydiyyatda olan sakinləri ehtiyacı olduqda qanla təmin edir. 


"Talassemiyalı xəstələrin sayı daha çoxdur"

Mərkəzi Qan Bankının Mingəçevir Bölməsinin rəhbəri hemotoloq həkim Vüsalə Səfərəliyevanın sözlərinə görə, əvvəllər Mingəçevirdə belə bir səhiyyə müəssisəsi olmayıb: "Burada yalnız qanköçürmə şöbəsi olub.  Qan tədarükü regionlarda Gəncə, Şəki və Qubada aparılıb. Bu ərazidə yaşayan talassemiyalı xəstələr isə eritrosit kütləsi almaq üçün hər dəfə Bakıya getməli olurdular. Hazırda da xidmət göstərdiyimiz regionda talassemiya xəstələrinin sayı daha çoxdur. Xidmət etdiyimiz rayonlardan Ağdaş və Göyçayda talassemiyalı xəstələrin sayı digər rayonlara nisbətən daha çoxdur. Hazırda təxminən 70 nəfər talassemiyalı xəstə Mingəçevir bölməsindən qan alır. Amma aylardan asılı olaraq bu rəqəm dəyişir. Çünki onların müalicəsi Bakıda Respublika Talassemiya Mərkəzində aparıldığından onlar bəzən orada qan alır.  Müalicə üçün paytaxta gedirlərsə, orada da qan vurulur. Amma elə talassemiyalı uşaqlar var ki, onlar daimi olaraq bizdən qan alırlar. Elə valideynlər var ki, hələ də onlar uşaqlarını müayinə üçün Bakıya aparmır. Halbuki onlarda ferritin yoxlanılaraq qan köçürülməsi zəruridir". 
Vüsalə Səfərəliyevanın sözlərinə görə, Mingəçevirdə hemofiliyalı xəstələr olsa da, onlar bölməyə müraciət etmirlər: "Onlar hazırda laxtalanma faktor preparatları ilə dövlət hesabına təmin edildiyindən qana ehtiyac olmur. Hemofiliyalı xəstələr isə laxtalanma faktor preparatlarını Bakıdan aldığından bizə müraciətlər olmur. Bizim xidmət göstərdiyimiz rayonlarda leykoz xəstələrinin sayı çox deyil. İlkin Leykozun aşkarlanması da, müalicə də Bakıda aparılır. Amma xroniki hal olduqda bizdən qan alırlar". 


"Yerli donorlardan götürülən qan təlabatı ödəyir"


Bölmə rəhbəri deyir ki, hazırda xidmət göstərdikləri regionda illik donor sayı 1200-1500 nəfər arasında dəyişir: "Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənən qrafik var. Bütün respublika üzrə rayon xəstəxanaları həmin qrafik üzrə qan verir. Həmin qrafikə uyğun olaraq bizə təhkim olunan rayonlardan qan tədarük edirik. Xəstələrin yaxınları da bəzən qan verir. Amma talassemiyalı xəstələrin qohumları nadir hallarda qan verir. Göyçay xəstəxanası ilə də müqaviləmiz var. Orada cərrahiyyə şöbəsində yatan xəstəyə qan lazım olub-olmamasından asılı olmayaraq gəlib bizdə qan verir. Biz də Göyçay xəstəxanasını yetərincə qanla təmin edirik. Eyni zamanda bəzən səyyar qanvermə aksiyaları da keçirilir. Bir neçə gün öncə Ağsuda qanvermə aksiyası keçirildi. Aksiyanın əsas məqsədi qan xəstəliyindən əziyyət çəkənlərə, xüsusilə talassemiyalı uşaqlara kömək göstərməkdir.Aksiya zamanı könüllü surətdə qan vermək üçün bizə 120 nəfərədək vətəndaş müraciət etdi. Tibbi müayinədən sonra onların 85 nəfərindən qan götürülüb. Amma düşünürük ki, bu il donorların sayı daha çox olacaq. Bizim xidmət göstərdiyimiz rayonlarda talassemiyalı xəstələrin sayı çox olduğundan qan təlabatı da çoxdur. Amma yerli donorlardan götürülən qan təlabatı ödəyir. Bəzən mənfi rezuslu qana təlabatmız olur.  Bu zaman da könüllü donorlar dəvət edirik. Əgər öz imkanlarımız hesabına təlabatı ödəmək olmursa, qonşu bölmələrdən və ya Mərkəzi Qan Bankından da qan alırıq". 
"Götürülən qan nümunələrində daha çox hepatit B və C virusu aşkarlanır"
Vüsalə Səfərəliyeva donorlardan götürülən qan nümunələrinin Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Mingəçevir regional bölməsində yoxlanıldığını bildirir: "Orada qan yoxlanıldıqdan sonra cavabları əldə edirik. Hazırda donordan götürdüyümüz qan Hepatit  B və C, HİV və sifilisə qarşı yoxlanılır. Bu infeksiyalara qanla yoluxma ehtimalı daha çox olduğundan, məhz bunlar yoxlanılır. Yoxlanıldıqdan sonra plazma və eritrosit kütlə ayrılır və toplanan qanlar sertifikatlaşdırılır. Hazırda qanın plazma və eritrositlərə ayrılması "manual" şəkildə aparılır. Donorun qanında infeksiya aşkarlandıqda bu barədə ona məlumat verilir. İnfeksiyalı qan xüsusi şəraitdə yandırılır. Təmiz olan qan isə sertifikatlaşdırılaraq bölmədə saxlanılır və ehtiyac olan xəstəxanalara verilir. 2011-ci ildən indiyədək yalnız 2015-ci ildə bir nəfərdə HİV aşkarlanıb. Bu ərazidə daha çox hepatit B və C virusu aşkarlanır. Aşkarlanan viruslarla bağlı statistika aşağıdakı kimidir.

S/S    İllər    HİV    HbSAg    HCV    Syphilis
1    2011      0          36         25         2
2    2012      0          43         34        10
3    2013      0          38         27         9
4    2014      0          22         20         5
5    2015      1          30         25        19
6    2016      0          47         31        17

Amma Səhiyyə Nazirliyinin belə bir planı var ki, donorlardan götürülən qanlar 2018-ci ilədək Mərkəzi Qan Bankının regional bölmələrində yoxlanılacaq. Bunun üçün yəqin ki, Mərkəzi Qan Bankının regional bölmələri müasir avadanlıqlarla təmin olunacaq". 


"Bir ildə 46 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb"


Vüsalə Səfərəliyevanın sözlərinə görə, artıq 2015-ci ilin iyunundan nikaha girəndən öncə müayinə üçün qan götürülməsini həyata keçiririk: "İndi nikaha daxil olmaq istəyən şəxslərin hər biri talassemiya, QİÇS və siflisə görə tibbi müayinədən keçməlidirlər. İcbari tibbi müayinənin həyata keçirilməsi üçün bölməmizdə lazımi şərait yaradılıb. Mərkəz hemotoloji analizator, reaktivlər və müvafiq ləvazimatlarla təmin olunub.  Götürülən qan nümunələrinin Bakı şəhərinə çatdırılması üçün xüsusi qan xidməti avtomobili ayrılıb. Qan Bakıda yoxlanıldıqdan sonra cavablar bizə göndərilr.  Cavablar alındıqdan sonra cütlüklərə müvafiq arayış verilir. Müayinədən sonra cütlüklərə ayrı-ayrılıqda məlumatlar verilir və onlarla tibbi genetik, tibbi psixoloji və ailənin planlaşdırlıması ilə bağlı söhbətlər aparılır. 2016-cı ildə 1743 cütlük yoxlanılıb və hər hansı xəstəlik aşkarlanmayıb. Onlardan 46 nəfərində talassemiya daşıyıcılığı aşkarlanıb. Cəmi bir cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Biz qan nümunələri götürdüyümüz şəxslərə bu barədə məlumat verir və gələcəkdə doğulacaq uşağın da hansı problemlər yaşayacağını başa salırıq. Genetik xəstəliyin daşıyıcıları evləndikləri halda, qadın hamilə qalarsa, dölün ücüncü ayında Respublika Hemotolojiya Mərkəzində müayinə aparılmalı, xüsusi testlərdən keçirilməlidir. Dölün xəstə doğulması təsdiqləndiyi halda, istəyə əsasən hamiləliyə son qoyula bilər. Bununla belə, tibbi müayinənin nəticələri barədə peşə və xidməti fəaliyyəti ilə bağlı məlumata malik olan şəxslər bu məlumatları sirr olaraq saxlamalıdır. Digər ölkələrdə  sağlam şəxsin HİV və ya siflis daşıyıcısı ilə evlənməsinə icazə verilməsə də, respublikamızda bu məsələdə qərar vermək çütlüklərin öz üzərinə qoyulur". 
Vüsalə Səfərəliyeva deyir ki, hazırda əsas diqqət yetirilməli məsələ qan donorluğu ilə bağlı insanların maarifləndirilməsidir. Düzdür, son illər Azərbaycanda donorluqla bağlı bir çox irəliləyişlər qeyd olunub. Əgər insanlar əvvəllər yalnız öz xəstələrinə köməklik etmək məqsədilə məcburiyyət qarşısında qalaraq qan verirdilərsə, indi təmənnasız qan verənlərin sayı artır. Donorlar üçün qanunvericilikdə bir sıra güzəşətlər də nəzərdə tutulur. Amma yenə də idarə, müəssisə, ali məktəblərdə təbliğat işi aparılmalıdır. Xüsusən televiziyalar, digər kütləvi informasiya vasitələri bu işə diqqət yetirməlidir.


Xalid VAHİDOĞLU
Yazı  “Leykozlu uşaqlara dəstək” ictimai birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi  “Qan xəstəliklərinin səbəbləri, müayinə və müalicə imkanları ilə bağlı maarifləndirmə” layihəsi çərçivəsində hazırlanıb.

 


Xəbər xətti