Yəhudilər burada heç vaxt özlərini əcnəbi kimi hiss etməyib

18:20 - 19 May 2017 - KİVDF

Malkolm Honlayn: Azərbaycan dünyanın tolerantlıq mərkəzidir


Azərbaycan həqiqətən dünyanın tolerantlıq mərkəzidir. Biz bunu yalnız sözdə deyil, gündəlik həyatda da müşahidə edirik. Bu sözləri mayın 17-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlayn deyib. Rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycana səfərinin məqsədinə toxunan qonaq Amerika yəhudi icmasının Azərbaycanda yəhudi məktəbinin inşasına investisiya qoymağı planlaşdırdığını diqqətə çatdırıb. “Bu diyar bu gün də dini dözümlülüyə hədsiz səy göstərməkdə davam edir. Ölkənin yəhudi icmasının nümayəndələrinə qardaşcasına səmimi münasibət buna parlaq nümunədir. Yəhudilər burada heç vaxt özlərini əcnəbi kimi hiss etməyiblər, Azərbaycanda heç vaxt antisemitizm olmayıb”. 
Həqiqətən də bu gün azərbaycanlı yəhudilər dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq ölkənin sosial-iqtisadi həyatında tam şəkildə iştirak edir. 
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycan tarixən çoxmədəniyyətli ölkə olub. Ulu öndər Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir. Müxtəlif sivilizasiyalar arasında tarixən oynadığı mənəvi körpü rolunu bu gün də layiqli şəkildə davam etdirən Azərbaycan bütün dünyaya göstərir ki, dini-mədəni müxtəlifliyin harmoniyasına əsaslanan cəmiyyət yaratmaq mümkündür və bu məfkurə yaşamağa qadirdir. Məhz bu möhkəm mənəvi bünövrə üzərində təşəkkül tapmış Azərbaycan uğurlu ideyalarını dünyaya yaymaq qüdrətinə malik dövlətə çevrilib. Əsası Ümummilli Lider tərəfindən qoyulmuş multikulturalizm siyasəti müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranı yaşandığı bir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək qlobal miqyasda ümumbəşəri ideyaların carçısı kimi çıxış edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan QMİ sədri deyib ki, uzun illər davam edən, regionumuzda və dünyada sülhə təhdid olan bu münaqişə nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Bakı və Azərbaycan arxiyeskopu Aleksandr, Azərbaycan dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev və digərləri bildiriblər ki, Azərbaycandakı tolerantlıq və multikulturalizm modeli indiki gərgin dünyada digər ölkələr üçün nümunədir. Azərbaycan tarixi prosesin bütün mərhələlərində multikultural dəyərlərin yaşandığı bir coğrafi məkan kimi tanınıb. Bu gün də burada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq, çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri hökm sürür.O, Azərbaycanda dövlət-din, konfessiyalararası münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, ölkədə mövcud ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylik, etnik-dini tolerantlıq mütərəqqi tarixi ənənələrdən bəhrələnən uğurlu siyasətin məntiqi nəticəsidir. Bu onu göstərir ki. Azərbaycan tarixən tolerant münasibət sərgiləyən bir ölkə olub. Azərbaycanın özünəməxsus dini və milli ənənələri var, lakin burada yaşayan hər bir xalqın inancına, milli mənsubiyyətinə hörmətlə yanaşılır. Bu gün Azərbaycanın dövlət strukturlarında, hətta rəhbər orqanlarda, parlamentdə kifayət qədər başqa millətlərə və dinlərə aid olan şəxslər çalışır.
Azərbaycanda yəhudilərə tolerant münasibətin olduğunu müxtəlif vaxtlarda tanınımış yəhudilər də deyib. Azərbaycan Milli Məclisinin yəhudi əsilli deputatı Yevda Abramov hesab edir ki, doğrudan da tolerantlığın bir Azərbaycan modeli var: “Bu, tamamilə doğru deyilən bir fikirdir. Mən yəhudi etnosundanam. Yəhudilərə münasibətdən, onların yaşamından deyə bilərəm ki, Azərbaycan dövləti qədər nə MDB məkanında, nə də bütövlükdə dünya miqyasında tolerantlıq nümunəsi ola biləcək dövlət yoxdur. Həm konstitusiya yolu ilə, həm də cəmiyyətin özünün ənənələri ilə bütün millətlərə bir dözümlülük nümayiş etdirilir. Bütün millətlərin nümayəndəsi Azərbaycanda özünü doğma hesab edə bilir.  Bundan başqa, müsəlman ölkələri içərisində Azərbaycanın həm tolerantlığı, həm multikultural vəziyyətinin normal olması, həm də burada başqa ölkələrin millətçilərinə pis münasibətin olmaması yəhudilərin ölkəmizə ciddi önəm verməsinə səbəb olur. Azərbaycandakı yəhudilər İsraillə əlaqələrimizə böyük töhfələr verirlər.
Azərbaycan tarixən tolerant münasibət sərgiləyən bir ölkə olub.
Beynəlxalq münaqişələr üzrə ekspert Arye Qut da Azərbaycanda tolerant mühiti yüksək qiymətləndirir. O müsahibələrinin birində deyib: " Azərbaycan Prezidenti İlham Əliyev daim bəyan edir ki, biz çoxmillətli və çoxkonfessiyalı ölkədə yaşamağımızla, bir çox xalqların və millətlərin nümayəndələrinin Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşamaları ilə qürur duyuruq. Biz əslən Azərbaycandan olan yəhudilərlə fəxr edirik. Ermənistanla ağır və qanlı ərazi münaqişəsinə baxmayaraq, Azərbaycan Cənubi Qafqazın şəksiz regional lideri, əsl sivilizasiyalararası və konfessiyalararası dialoq örnəyidir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin mühüm əsaslarıdır. Bu baxımdan Azərbaycan İslam dünyasının inkişaf mayakı, Qərb praqmatizminin Şərq qonaqpərvərliyi və ənənələri ilə sıx çulğalaşdığı unikal dünyəvi ölkədir. Azərbaycan  bir çox dinlərin və xalqların nümayəndələrinin vətəni olub və indi də belədir. Azərbaycan, sözün əsl mənasında, sivilizasiyalararası dialoqun bariz nümunəsidir. İnsanların təkcə eyni dinin başqa bir cərəyanına məxsus olmaları səbəbindən məhv edildiyi bu zalım və qanlı-qadalı dünyamızda biz İsraildə müasir, sivil və güclü, İslam dünyası ölkələrinin çoxuna bir növ tərəqqi və inkişaf mayakı olan Azərbaycanın həqiqi və keyfiyyətli nümunəsini müşahidə edir və dəyərləndiririk. Burada İsrail Baş nazirinin sözləri yadıma düşür : “İsrail bir yəhudi dövlətidir. Azərbaycan müsəlman ölkəsidir və əhalisinin əksəriyyəti müsəlmandır. Burada hər iki ölkənin daha parlaq gələcəyini təmin etmək üçün yəhudilərlə müsəlmanların birgə işləməsinin şahidi oluruq. Bu, indiki dövrdə tolerantlığın, qarşılıqlı hörmətin olmaması fonunda çox parlaq bir nümunədir. İsraildə Azərbaycandan olan 70 min yəhudi, “insan körpüsü” yaşayır. Bundan başqa, dünyaya göstərə biləcəyimiz başqa bir şey var. Dünya çoxlu dözümsüzlük, çoxlu zülmət görür. Burada isə müsəlmanlar ilə yəhudilərin arasında əlaqələrin necə ola biləcəyinin, necə qurulmasının bir nümunəsi var. İllər boyunca Azərbaycanda yəhudilərə qarşı göstərmiş olduğunuz qarşılıqlı hörmət, gözəl yanaşma bu əlaqələri, Azərbaycana olan rəğbətimizi və heyranlığımızı daha da gücləndirir.”
Bunlar göstərir ki, tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri var. Bu gün Azərbaycan millətinin xarakteri başqa millətlərə xoş münasibət göstərməklə zəngindir. Onlar görürlər ki, azərbaycanlılar başqa xalqlara münasibətdə həmişə humanizmlə yanaşırlar. Bir sözlə Azərbaycanda tarixən insanlar arasında dini inanc, milli maraqlar baxımından nümunəvi tolerantlıq mədəniyyəti var. Bu, bizim islami inancımızdan irəli gəlir, onun köklərindən qaynaqlanır. Bu dini dözümlülük mühitini axıradək qoruyub-saxlamalıyıq. 

 

Xəbər xətti