"Qarşılıqlı fəaliyyət ölkəmizdə gündəlik həyatın sadəcə bir hissəsi olub”

18:25 - 8 May 2017 - KİVDF

Leyla Əliyeva: "Tarix boyu Azərbaycanda bütün insanlar – istər müsəlman, istər yəhudi, istərsə də xristian olsun – dinc şəraitdə birgə yaşayıblar

"Mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi yollarını müzakirə etmək üçün bütün dünyadan insanların bir yerə toplaşması ruhlandırır. Bunu Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarası dialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər” adlı 2-ci Plenar sessiyada çıxışında deyib. Leyla Əliyeva qeyd edib ki, mədəniyyətlər və insanlar arasında dialoq bütün dünyada sülhün və çiçəklənmənin yeganə açarıdır: "Belə bir dialoqun alternativi yoxdur". Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib ki, insanlar arasında dialoq az olduqca, nifrət və cahillik daha da artır. Leyla Əliyeva vurğulayıb ki, əsrlər boyu Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların qovuşduğu məkan olub: “Tarix boyu Azərbaycanda bütün insanlar – istər müsəlman, istər yəhudi, istərsə də xristian olsun – dinc şəraitdə birgə yaşayıblar. Lakin heç kəs bunu “mədəniyyətlərarası dialoq” adlandırmayıb. Qarşılıqlı fəaliyyət ölkəmizdə gündəlik həyatın sadəcə bir hissəsi olub”. Onun sözlərinə görə, dünyanı daha yaxşı etmək üçün Yer kürəsinin hər yerindən insanların toplaşdığı Bakının mədəniyyətlərarası dialoq mərkəzlərindən biri olması təbiidir: “Mövzusu FAO-nun xoşməramlı səfiri və ətraf mühitin həvəsli mühafizəçisi kimi mənim üçün mühüm əhəmiyyət kəsb edən bu plenar iclasda çıxış etmək xüsusilə xoşdur”. Leyla Əliyeva qeyd edib ki, mədəniyyətlərarası dialoq irqçiliyin və zorakılığın daha da artmasına mühüm müqavimətdir. "Lakin mədəniyyətlərarası dialoqun imkanları tolerantlıq və birgəyaşayış ideyalarının inkişaf etdirilməsi çərçivəsindən uzağa çıxır. Həmçinin mədəniyyətlərarası görüşlər ümumi məqsədlərimizə çatmaq üzrə yenilikçi üsulların inkişafına kömək edir". FAO-nun xoşməramlı səfiri bildirib ki, irqindən, dinindən, ənənə və etiqadından asılı olmayaraq, biz hamımız eyni planetdə yaşayırıq və ümumi gələcəyə malikik: "Ekoloji çağırışlar sərhəd tanımır. Acı həqiqət odur ki, insanın təbiətin qanunlarını pozan fəaliyyəti böyük qlobal faciələrə səbəb ola bilər. İnsanlar malik olduqları xəzinələrin dəyərini onu tamamilə itirməmişdən öncə bilməlidirlər”.
FAO-nun xoşməramlı səfiri qeyd edib ki, müxtəliflik və dialoq qruplar arasında qarşılıqlı anlaşma körpüləri yaradır ki, bu da təbii olaraq münaqişələrdən qaçmaq və gərginliyi azaltmağa kömək edir: "Belə körpüləri rəsmi görüş və danışıqlarda qurmurlar, daha çox pərdə arxasında, dostluq və qeyri-formal söhbət və görüşlərdə, nahar fasilələri və kofe-breyklərdə qururlar. Mən sizin hamınızı hər bir zaman dialoqa açıq olmağa çağırıram. Sizə xoşbəxtlik, sevgi və çiçəklənmə arzu edirəm".
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, keçən il Azərbaycanda "Multikulturalizm İli", bu il isə “İslam Həmrəyliyi İli” elan olunub. Azərbaycanın yürütdüyü siyasətin məqsədi xalqlar, dövlətlər, millətlər arasında mədəni və dini fərqlərə baxmayaraq, dialoqun gücləndirilməsinə, İslam həmrəyliyinə nail olunmasıdır. Prezidentin köməkçisi vurğulayıb ki, Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın dini-etnik müxtəlifliyin, multikultural dəyərlərin təşviqinə yönəlmiş siyasətinin əyani təsdiqidir. Ə.Həsənovun sözlərinə görə, müşahidələr göstərir ki, regional və beynəlxalq təhlükəsizliklə bağlı problemlər yalnız hərbi-siyasi xarakterli məsələlərlə məhdudlaşmır, eyni zamanda sosial-iqtisadi və mədəniyyətlərarası münasibətlər sahəsini də əhatə edir: “Humanizm, tolerantlıq, hüququn aliliyi və ümumbəşəri dəyərlərin prioritetliyi kimi prinsiplərə malik olan inklüziv dialoqa dünya ictimaiyyətini narahat edən qlobal problemlərin və münaqişələrin aradan qaldırılması vasitələrindən biri kimi baxılır. Qloballaşma bir tərəfdən beynəlxalq inteqrasiya proseslərinə təkan verir, digər tərəfdən isə mədəniyyət və sivilizasiyalararası qarşıdurmaların meydana gəlməsi üçün sanki münbit şərait yaradır. Sözsüz ki, burada mənfi meyillərin qarşısını almağın ən səmərəli yolu dövlətlərarası siyasi, sosial-iqtisadi, elmi və texnoloji sahələrdə qarşılıqlı əlaqələri möhkəmləndirməklə bərabər, inklüziv cəmiyyətin inkişafına nail olmaqdan ibarədir”. Əli Həsənov vurğulayıb ki,  Azərbaycan doğru yoldadır və bu yolla inamla irəliləyir. Dpoğurdan da, müxtəlif dinlərin və dini-fəlsəfi cərəyanların yayıldığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman həmrəy olub. Millətlərin və milli etniklərin  bərabər hüquq əldə etdiyi multikulturalizmin inkişaf etdiyi Azərbaycanda bu mədəniyyətlər arasında qarşılıqlı dialoq azadlığı var. Azərbaycanda müxtəlif milli-mənəvi və konfessional birliklər öz xüsusiyyətlərini hərtərəfli şəkildə inkişaf etdirmək imkanına malik olaraq həm də, başqa mədəniyyətdən də yararlanaraq, istifadə etmək imkanına malikdir. Bu gün müxtəlif mədəniyyət daşıyıcısı olan vətəndaşlarımızın bir ailə kimi yaşayır, xalqımızın bütün dünyada hər zaman sülh və anlaşma tərəfdarı kimi çıxış edir. Ölkəmiz hər zaman ədalətə və beynəlxalq hüquqa söykənən dünya düzəninə çağırışlarını bəyan edir və bu, bizim bugünkü və gələcək nailiyyətlərimizi şərtləndirir. Ulu Öndər azərbaycanlıların bu xarakterik keyfiyyətini çox gözəl ifadə etmişdir: «Hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var».
Milli Məclisin deputatı Aydın Mirzəzadə isə deyib ki, Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ənənə halını alıb və dünya ictimaiyyətinin diqqətini cəlb edir. Onun sözlərinə görə, tarix sübut edib ki, mədəniyyətlər, sivilizasiyalar harmoniya şəklində mövcudluğunu davam etdirəndə cəmiyyətdə sülh, əminamanlıq və inkişafa aparan faktorlar çox güclü olur: "Azərbaycan bu sahədə dünya üçün kifayət qədər gözəl nümunədir. Tariximizdə heç zaman dini və milli zəmində qarşıdurma olmayıb. Azərbaycan cəmiyyəti fərqli mədəniyyətlərə, fərqli dinlərin nümayəndələrinə həmişə hörmətlə yanaşıb. Bunun nəticəsidir ki, Azərbaycanda multikultural vəziyyət beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin diqqətini çox ciddi şəkildə cəlb edir".
Deputat vurğulayıb ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi bu gün dünya ölkələrini narahat edən milli-dini qarşıdurmadan qaçmağın yollarını axtarmağa kömək edir: "Bu gün Avropada islamofobiya, multikulturalizmin böhranı, Qərblə Şərqin qarşıdurması çox təəssüf ki, artıq bir reallıqdır. Bu yaxınlarda AŞ PA-nın Türkiyəyə qarşı haqsız qərar qəbul etməsi, ayrı-ayrı Avropa ölkələrində məscidlərin yandırılması bir daha göstərir ki, mədəniyyətlərin birgə yaşayış məsələsi XXI əsrin ən aktual məsələlərindən bir olaraq qalır və bunun həlli tapılmalıdır. Azərbaycan paytaxtında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi həm Azərbaycan təcrübəsinin yayılmasına, həm də digər ölkələrdə bu sahədə olan uğurların öyrənilməsinə və ümumiləşdirilməsinə şərait yaradacaq".

 

Xəbər xətti