Azərbaycan multikulturalizm və tolerantlıq mərkəzidir

18:29 - 5 May 2017 - KİVDF

Kamal Abdullayev: "Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub"


Dördüncü Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gələn ABŞ rəsmilərindən ibarət nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.  Mərkəzdən bildiriblər ki, nümayəndə heyətinə Los-Anceles Xristian Dini Mərkəzinin rəhbəri, yepiskop Xuan Karlos Mendez, Aydaho ştatının senatoru Marv Hagedorn, Los-Ancelesdəki Kral Fahad Məscidinin dinlərarası proqram direktoru Mahomed Xan, Kolumbiya ştatının Vaşinqton Hüquq Assosiasiyasının məsləhətçisi Janna Skot, ABŞ Prezidentinin təyin etdiyi Milli və Yerli Könüllü Cəmiyyətlər Xidmətinin səlahiyyətlisi Hyepin İm, Arizona ştatının keçmiş senatoru Karlayl Beqay, Pakistan-Amerika Məsələləri Şurasının nümayəndəsi Adnan Xan daxil olub. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev amerikalı qonaqları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində görməkdən məmnunluğunu ifadə edib. Dövlət müşaviri görüşdə Azərbaycanın multikultural durumu və çoxəsrlik tolerantlıq ənənələrindən söz açaraq deyib: “Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə etnik mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır. Dünyanın bir çox universitetlərindən də Azərbaycan multikulturalizmi fənninin tədrisi ilə bağlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə müraciətlər olur və müvafiq təkliflər dəyərləndirilir”. Akademik Kamal Abdullayev Prezident İlham Əliyevin müvafiq fərmanları ilə yaradılan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti və BBMM-in fəaliyyətindən danışıb. Dövlət müşaviri BBMM-in yaradıldığı vaxtdan bəri ölkəmizdə yaşayan etnik və dini icmalar arasında əlaqələrin möhkəmləndirilməsi, Azərbaycan multikulturalizminin öyrənilməsi və təbliği istiqamətində çoxsaylı regional və beynəlxalq tədbirlərin keçirilməsi, beynəlxalq multikulturalizm yay və qış məktəblərinin təşkili, “Multikulturalizm terrora qarşı”, Azərbaycanın Gənc Dostları Klubunun təsis olunması, ölkənin 40, dünyanın 15 nüfuzlu universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi, multikulturalizmlə bağlı kitabların və dərsliklərin hazırlanması və nəşri kimi önəmli layihələr həyata keçirdiyini diqqətə çatdırıb. Dövlət müşaviri ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xəttin hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirildiyini diqqətə çatdırıb. 
Senator Marv Hagedorn Azərbaycanın multikulturalizm modelinin təbliği və təşviqi ilə bağlı görülən işləri təqdir edərək bu istiqamətdə gələcək əməkdaşlıqların perspektivlərindən söz açıb. Xanım Janna Skot Azərbaycanın multikulturalizm təcrübəsini alqışalayiq dəyər kimi qiymətləndirib və gələcəkdə bu təcrübənin bölüşülməsi istiqamətində əməkdaşlıqların hər iki ölkə üçün faydalı olacağına inandığını deyib. Görüşdə ABŞ universitetlərində Azərbaycan multikulturalizmi fənninin tədrisinin perspektivləri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “qardaşlaşmış məktəblər” layihəsində Amerika məktəblərinin də iştirakı, hər iki ölkənin multikulturalizm təcrübəsinin qarşılıqlı mübadiləsi məsələləri müzakirə olunub. Qonaqlara BBMM-in yeni nəşrləri və “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının ingilis dilində nəşri hədiyyə edilib.
Qeyd edək ki, Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya əhəmiyyətli tədbirdir. Bu tədbirdə dünyanın bir çox ölkəsinin rəsmi mümayəndələri iştirak edir. Onlardan biri də Burkina-Fasonun Gənclər Birliyinin əlaqələndiricisi Daniel Da Hiendir. Onun sözlərinə görə, müxtəlif mədəniyyətlər arasında yaxın münasibətlər qlobal təhlükəsizliyin bərqərar olmasında mühüm rol oynayır: "Bu gün Bakı dünyada mövcud problemlərin həlli yollarının axtarışı üçün meydançadır. Belə ki, multikulturalizm və tolerantlıq mərkəzi olan Azərbaycanın bu sahədə ənənəsi və böyük təcrübəsi var". 
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı isə deyib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə əsası qoyulmuş “Bakı prosesi” çərçivəsində yüksək səviyyədə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, habelə Bakı Beynəlxalq Humanitar Forumları, Dünya Dini Liderlərinin Sammiti, Avropa Oyunları və artıq bu günlərdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları Azərbaycanı multikulturalizm, sivilizasiyalar arası münasibətlərin tənzimlənməsi mərkəzinə çevirib. A.Səfixanlı bildirib ki, iqtisadi, sosial və mədəni hüquqların təmini dövlətlər üzərində pozitiv öhdəliklər müəyyən etməklə, bu hüquqların təmini istiqamətində dövlərlər tərəfindən əməli addımların atılmasını ehtiva edir. Onun sözlərinə görə, Azərbaycan dövləti insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən, öz vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini özünün ali məqsədi olaraq müəyyən edib və bu istiqamətdə əməli tədbirlər həyata keçirməkdədir.A.Səfixanlı əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyanın tolerant, mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib: “Xalqımızın çoxəsrlik tolerant və mehriban birgə yaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında, o cümlədən mədəni hüquqların daha səmərəli təmin olunmasında nümunə kimi göstərilir. Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər mədəni müxtəlifliyə dəstəyin bariz nümunəsi olmaqla, dünya dövlətlərinin bu müsbət təcrübədən yararlanmasına imkan yaradır. Azərbaycan artıq regional səviyyədə deyil, qlobal miqyasda təşəbbüslərlə çıxış edərək dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində, tolerant mühitin formalaşdırılmasında BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser qeyd edib ki, mədəniyyətlərarası dialoqun inkişafı zorakı və ekstremist ideyaların aradan qalxmasına imkan verir. "Bu gün mədəni müxtəlifliyə hörmət etmək, birgəyaşayış çox mühümdür. "Bakı prosesi" belə bir platformanın yaranmasına imkan verir. Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu müasir dünyamızın mühüm amilinə çevrilib".
BMT-nin ali nümayəndəsi bildirib ki, mədəniyyətlərarası dialoqun inkişafı zorakı və ekstremist ideyaların aradan qalxmasına, tolerantlığa şərait yaradır: "İnanıram ki, builki forumda da bu və digər istiqamətdə mühüm müzakirələr aparılacaq. Azərbaycan bu gün dünyada mədəniyyətlər və dinlərarası dialoqun inkişafına mühüm töhfə verir və bu forumda iştirak etdiyimə görə çox şadam".
Qeyd edək ki, forum artıq 4-cü dəfədir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur. Forumda 800-dən çox xarici nümayəndə iştirak edir. Buraya yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, tanınmış alimlər, səfirlər, ictimai xadimlər daxildir. Artıq qlobal mədəniyyətlərarası dialoq platformasına çevrilən Forumda ilk dəfədir ki, 25-dən çox beynəlxalq təşkilat rəhbər səviyyəsində təmsil olunur.

Xəbər xətti